SON XƏBƏR

100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Sentyabr 25
00:48 2018
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlər görülür.
 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində məqsədyönlü islahatlar aparılaraq bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, insanların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr yaradılıb, "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli işlər həyata keçirilib.
 
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və mülki dövriyyənin kəskin artması nəticəsində məhkəmələrin iş həcminin dəfələrlə çoxalması nəzərə alınaraq, bu sahədə zəruri addımlar atılır, o cümlədən mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun tətbiqi üzrə tədbirlər görülür.

Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır. Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş zona müşavirəsi keçirilib.

Müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizənin aparıldığını vurğulayan Fikrət Məmmədov məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməzliyini diqqətə çatdırıb. Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmamasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı qeyd olunaraq belə halların insanları narazı saldığı, şikayətlər doğurduğu bildirilib.

Bununla bağlı hakim adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan hakimlərə məhkəmə sistemində yer olmadığı qeyd edilib. Bildirilib ki, hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır, habelə yeni qaydalar əsasında şəffaf prosedurlarla seçilmiş 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur.
 
Müşavirədə apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Həmçinin məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook