SON XƏBƏR

Ulu Öndər Heydər Əliyevin siyasi kursu və region

May 09
23:24 2019
Mübariz Məmmədov 

Dövlət necə yaranır, siyasi-iqtisadi- mədəni yüksəliş prosesləri necə baş verir və ən nəhayət müxtəlif fərqli millətlərin yaşadığı substantiv formatda- dövlət modelində ədalətdən doğan siyasi sabitliyə necə nail olmaq olar?
 
Bütün bu suallara cavab tapmaq üçün heç də tarixin uzaq keçmişinə boylanmaq lazım deyil. Bunlar yaxın tariximizdə orta və yaşlı nəslin də birbaşa içərisində olduğu yaşantılarımızdır. 80-ci illərin sonlarında xalqımızın başladığı Milli Azadlıq Hərəkatının vahid koordinasiyasının və liderinin olmamasından yaranan anarxiya, ictimai xaos dövlətilik həyatımızda ağır izlər buraxdı. Baş verənlərin nəticəsi olaraq qədim Azərbaycan torpaqlarında yaradılmış qonşu Ermənistan dövlətinin hərbi təcavüzü nəticəsində respublikamızın 20 faiz ərazisi işğal edildi.
 
Ancaq siyasi genetikası var olan, dövlətçilik tarixi zəngin olan millət ən ağır məqamlarında- son nəfəsində belə toparlanıb müdrik qərarlar verə bilir. Dünya tarixində də bu kimi hallar kifayət qədərdir. Məsələn, ən bariz nümunə kimi Hindistanda Karamçand Qandini, qardaş Türkiyədə isə Mustafa Kamal Atatürkü göstərmək olar. Bu liderlər xalqlarını assimilyasiyadan, tarixlərini, mədəniyyətlərini məhvdən qoruyan, xalqına yeni dövlətçilik modeli bəxş edən böyük şəxsiyyətlərdir.
 
Çox sevindirici haldır ki, bizim coğrafiyamız kimi xalqımız da zəngindir, yaradıcıdır. Minilliklər boyu xalq olaraq dahilər yetişdirə bilmişik. Bu baxımdan 90-cı illərin əvvəllərində xaosa-anarxiyaya, hərbi təzavüzə-soyqırıma, işğala yaxalanan xalqımızın harayına Ulu Öndərimiz Heydər Əliyev yetdi.
 
Ulu Öndərin özünəxas siyasi üslubunun və liderlik qabiliyyətinin uğurlu tətbiqinin nəticəsində ölkədəki siyasi anarxiyaya son qoyuldu. Ərazilərimizin işğalı dayandırıldı. Dünyanın aparıcı nəhəng biznes şirkətləri dövlətimizlə əməkdaşlığa cəlb edilərək milyard dollarlar dəyərində kontraktlar imzalandı. Ümummilli Liderimizin zamanında uğurlu təməlini qoyduğu iqtisadi siyasətin nəticəsində bu gün 25 ildir ki, müharibə-atəşkəs rejimində olduğumuz işğalçı Ermənistanla müqayisə olunmayacaq qədər irəlidəyik. Düşmən üzərində böyük iqtisadi üstünlüklərimiz var.
 
Heydər Əliyevin dövlətçilik modelinin nüvəsi dünyəvilikdi. Ancaq bu dünyəviliyin- demokratiyanın xalqımızın milli kimliyinə zərərli və uyğunsuz məqamları Ulu öndərimiz tərəfindən böyük peşəkarlıqla uyğunlaşdırıldı- milliləşdirilərək cəmiyyətə tətbiq edildi. Məhz bu müdrik siyasətə görədir ki, xalqımız dünyəvilik yönündə irəliləyən digər dünya xalqları kimi min illərə söykənən adət-ənənələrini, mədəniyyətlərini, genetik yaddaşını unutmadı.
 
Heydər Əliyevin siyasi modelində sosializmi- bərabər sosial təminatlılığı kapitalizmin diktəsi ilə yıxan- dağıdan romantik- anarxist, haray-həşirçı millətçiliyə yer yoxdur. Bu siyasi modeldə praqmatist millətçilik ideyaları əsas və aparıcı cəhətlərdən biridir. Millətlərin milli xarakterlərinə uyğunlaşdırılmayan qərb demokratiyası heç bir ölkədə uğur qazanmır. Əksinə, "demokratiya” bu coğrafiyalara bərabərhüquqluluq və rifah adı altında xaos aparır, ölüm daşıyır. Örnək kimi, orta şərqi, afrika-asiya ölkələrini göstərmək olar. Uğursuzluq demokratiyanın bu coğrafiyalarda "qiyafə”sinin dəyişdirilməməsidir. Dünyanı yeknəsək formulalı demokratiya ilə irəli aparmaq olmaz.
 
Bu gün artıq Ulu Öndərimizin xalqımıza miras qoyduğu bu siyasi modelə demokratiyanın yadlılığından və qısırlılığından əziyyət çəkən bütün dövlətlər örnək kimi baxır. Buna görə da biz xalq olaraq vahidliklə Ulu Öndərimizin siyasi kursunu yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu xüsusda yetərincə potensialımız var. Dövlət olaraq elmi-texniki maddi bazanın varlığından, zənginliyindən yararlanmalıyıq.
 
Xalqımızın milli-siyasi ərazisi mövcud dövlətimizin inzibati ərazisizdən daha genişdir. Bu bizə əlavə üstünlük qazandırır. Sərhədlərimizin dışında kompakt yaxud bütün dünyada pərakəndə yaşayan hər bir azərbaycanlı Heydər Əliyevin siyasi modelinin yaşamasında, yayılmasında- gələcək nəsillərə ötürülərək əbədiləşməsində aktiv iştirak etməlidir.
 
Yuxarıda qeyd etdiyim elmi-texniki, siyasi bazamız ümumilikdə dövlətimiz bu məsələlərdə mərkəzçi- idarəedici olaraq xüsusi yöntəm verməlidir. Konkretliyə gələndə isə Diplomatik Akademiyanı, Diplomatik Korpusu, EA-nı və Xarici Əks-Kəşfiyyat Xidmətini göstərmək olar.
 
Unutmamalıyıq ki, Ulu Öndərimizin siyasi modeli milli dövlətimizin və kimliyimizin əbədi varoluş özülüdür!
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook