SON XƏBƏR

Albert Aqanurovun qardaşı: "Hər bir yəhudinin ürəyi Qarabağda döyünür"

Oktyabr 16
13:55 2020
"Bu gün Azərbaycan əsgərinin qəhrəmanlığı bizi sevindirir. Ordumuz hər keçən gün irəliləyir və torpaqlarımızı düşməndən geri alır. Ümid edirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Biz də İsraildə qələbəyə köklənmişik”.

Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının iştirakçısı, Milli Qəhrəman Albert Aqanurovun qardaşı Rantik Aqanurov deyib.

R.Aqanurov hər bir yəhudinin ürəyinin bu gün Qarabağda döyündüyünü xüsusi qeyd edib:

"İsrail vətəndaşlarının 80%-i Azərbaycanı dəstəkləyir. Azərbaycan Ordusunun yanındayıq. Hər qarış torpaq düşməndən azad edildikcə, biz burda sevinc içində oluruq. Mənim qardaşım da birinci Qarabağ müharibəsində qəhrəmancasına düşmənə qarşı döyüşüb. Bu gün Albertin ruhu şaddır. Şaddır ki, Azərbaycan əsgəri onların qanını yerdə qoymur”.

Milli Qəhrəmanın qardaşı tezliklə Azərbaycana fərqli bir ruhda gələcəyini bildirib:

"Mən tez-tez Azərbaycana gəlirəm. Ora mənim doğma yurdumdur. Ümid edirəm ki, növbəti dəfə gələndə Azərbaycanın üçrəngli bayrağını Şuşada, Xankəndidə dalğalanacağını görəcəm. O günü səbirsizliklə gözləyirəm. Azərbaycan ordusuna inanırıq”.

Qeyd edək ki, Albert Aqanurov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqanurov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqanurov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. A.Aqanurov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook