SON XƏBƏR

Ali Baş Komandanın 5 medalla təltif etdiyi 22 yaşlı şəhid

Yanvar 12
10:53 2021
44 gün davam edən Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Uzun müddət Vətən həsrəti çəkən soydaşlarımız artıq öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Təbii ki, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizə asan başa gəlmədi, bu müqəddəs yolda qəhrəman əsgər və zabitlərimiz öz canlarını fəda etdilər.

Qlobal.az Teleqraf-a istinadən xəbər verir ki, belə qəhrəman igidlərimizdən biri şəhid Nəcəfov Etibar Mehman oğludur. Etibarın valideynləri Laçın rayon Şeylanlı kənd sakinidirlər. 1992-ci ildə Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Etibarın valideynləri Ağcabədi rayonu Aran kəndinə gəliblər və burada müvəqqəti məskunlaşıblar. Etibar 14 noyabr 1998-ci ildə bu kənddə dünyaya göz açıb.

Etibar uşaq vaxtından idmana böyük maraq göstərib, karate və kikboksinqlə məşğul olub, bir sıra nailiyyətlər qazanıb. Orta məktəbi bitirdikdən sonra, 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi təyinatlı kəşfiyyat bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından təxris olunub. Etibar Nəcəfov hərbi xidmət zamanı, eyni zamanda mülki həyatda öz nizam-intizamlılığı ilə seçilərək ətrafındakı insanların böyük hörmət və rəğbətini qazanıb. Etibar cəsarətli, mərd və qorxmaz biri olaraq onu tanıyanların yaddaşında qalıb.

Etibar Nəcəfov 27 sentyabr 2020-ci il tarixində ordumuz tərəfindən başladılan əks-həmlə əməliyyatlarından sonra buna biganə qalmayaraq ölkəmizin müdafiəsi naminə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə bir neçə dəfə müraciət etsə də çağrılmayıb. Dövlət xidmətinən geri qayıtdıqdan bir neçə saat sonra ona zəng edilib və orduya çağrılıb.

Məhz elə 1 oktyabrdan Etibar döyüş bölgəsinə Vətənin müdafiəsinə yollanır. Həqiqi hərbi xidmətini o bölgələrdə keçmiş, xüsusi təlimlər almış Etibar döyüşlərin qızğın getdiyi bir vaxtda müharibəyə qoşulur. Etibarın döyüş yoldaşları onun qəhrəmancasına vuruşmağından, cəsarətindən, qorxmaz və dönməzliyindən ağız dolusu danışırlar. Məhz onun bu cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər aparıb. Etibarın döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda olub, o böyük qəhrəmanlıq və igidlik göstərib.

Etibar sonuncu dəfə atası Mehman Nəcəfovla telefonla danışır. Atası ondan vəziyyəti və harada olmasını soruşduqda o bildirib ki, irəli gedirik və gizlin şəkildə və sözlərlə atasına Qubadlı istiqamətində olduğunu deyib. Atasının "bundan sonra hara gedirsiniz” sualına Etibar "Allah qoysa qayıdanda deyərəm, heç bir narahatlıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik” deyir. Son cümləsi isə "Anama deyin narahat olmasın” olur.

Etibar Qubadlı uğrunda gedən doyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalı, həmçinin, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook