SON XƏBƏR

Ana duasından başlanan yol

İyun 13
19:43 2019
Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə...

Belə deyirlər ki, Ulu Yaradan hər bir bəşər övladını bir missiya ilə göndərir bu yer üzünə...  Bir həqiqət var ki, hər insan övladı da onun öhdəsinə verilən işi həyata keçirə  bilmir... Nə çox bu yer üzündə ömrünü bihudə sərf edənlər...  Amma elə insanlar da var ki, Tanrının ona, məhz yalnız ona bəxş etdiyi bir missiyanı layiqincə həqiqətə çevirir və Allahın sevdiyi və seçdiyi bəndə olduğunu sübut edir...  Belə insanlar  böyük bir xalqın, elin, obanın önündə gedən, varlığı ilə minlərin görə bilməyəcəyi işləri ləyaqətlə həqiqətə çevirən  nadir  şəxsiyyətlərdir.  Tanrı belə şəxsiyyətləri  hər xalqa bəxş etsə də, az-az göndərir...  Bir həqiqət də var ki, Tanrının sevib-seçdiyi insanlar elə əməllər sahibləri olurlar ki, bəşər övladı var olduqca onlar da yaşayırlar... 

Əlbəttə, hər dövrün öz kamil şəxsiyyətləri olub, bu gün var.  Qələmə aldığım yazıda bu kamil şəxsiyyətlərdən biri haqqında,  Allahın sevib-seçdiyi və  xalqımıza ərməğan etdyi Bütün Qafqazın Şeyxi, Şeyxülislam  Hacı  Allahşükür Paşazadə  haqqında bəhs etmək arzusundayam... 

Taleyimdən çox razıyam ki, o, mənə lap uşaq vaxtlarımdan Şeyx həzrətlərini tanımaq imkanı verib. Ona görə də yazımı bu ali şəxsiyyətdə gördüyüm, məni heyrətə  salan, günlərlə düşüncələrə qərq edən qeyri-adi xüsusiyyətlərə aydınlıq gətirəcək epizodlar üzərində qurmaq istəyirəm... 
 
Ağsaqqalarımın əzizi

Yay ayları idi, tətil günləri idi... Dəqiq  yadımda deyil, 2-ci, ya da 3-cü sinfi bitirmişdim... Dövrünün böyük ziyalısı, el ağsaqqalı olan Hacı Şamil əmimgilə gözləri, çöhrəsi nurlu, saqqalı şəvə kimi qara olan cavan bir oğlan gəlmişdi. Bizə dedilər ki, qonaq Buxarada oxuyub, Özbəkistanda universitetdə təhsil alan din alimidir... Əmim onunla ehtiramla danışırdı... O, da aramla əmimi dinləyir, onun suallarını cavblandırırdı. Biz də kənarda oturub qulaq asırdıq. Bir qədər sonra əmimin həyətində xalq arasında adına "Vilis” deyilən UAZ-69 avtomaşını dayandı. Sən demə əmim o dövrün tanınmış din alimi Şeyx Qələmin dalınca maşın göndəribmiş.  Şeyx Qələm otağa daxil olanda hamımız ayağa qalxdıq. Əmim  "ağa buyur, ağa buyur " deyib gələn qonağa böyük ehtiramla yer verdi. Bu cavan oğlan hələ ayaq üstə idi... Şamil əmi onu Şeyx Qələmə təqdim etdi. Baxdım ki, onun Şeyx Qələmlə görüşü adi görüş deyil. O, böyük ehtiramla  Şeyx Qələmin əlini öpüb oturmağa izn istədi... Şeyx Qələmin  bu cavan oğlandan nə soruşduğunu dərk etməsəm də dəqiqə başı  "əhsən”,  "bərəkallah”  deməsi məndə alim qonağa qarşı böyük maraq oyatmışdı... Düşünürdüm ki, o,  dünyanın ən bilikli adamıdır yəqin... Eşitmişdim ki, Şeyx Qələmin suallarına hər kəs cavab verə bilmir...  Sonra Şeyx Qələm üzünü Hacı Şamil əmimə tutub: "müsafirin elm dəryasıdır maşallah... məntiqi, hafizəsi və elmi onun gələcəyinin yaxşı olmasından xəbər verir...” dedi. Beləcə ilk görüşümdə Şeyx həzrətləri uşaqlıq hafizəmdə ən bilikli bir insan kimi iz buraxdı. 

Şeyx həzrətlərinin kənd təsərrüfatı elmləri doktoru, böyük ziyalı, xeyirxahlığı və uca şəxsiyyəti ilə keçmiş SSRİ məkanında yaxşı tanınan, əmim Əyyub İskəndərovla da yaxın dostluq, qardaşlıq münasibətləri vardı. Onlar tez-tez bir-birinin evlərinə gedər, xeyir-şər məclislərində bir yerdə olardılar. Bu münasibətlər də adi, sıradan bir münasibət  deyildi... Qəribə bu  idi ki, aralarında kifayət qədər yaş fərqi olmasına baxmayaraq Şeyx həzrətləri dövrünün alimləri olan bu şəxsiyyətlərlə  çox isti münasibət qura bilmişdi. Təbii ki, bütün bunlar onun ali, parlaq şəxsiyyətindən xəbər verirdi... Həqiqət o idi ki, bizim Seyyid ocağımızın,  ağsaqqalarımın  ən əziz qonaqlarından biri idi Şeyx həzrətləri...

Cəsarət şəxsiyyətin böyüklük ölçüsüdür

20 yanvar 1990-cı il. Mən Gəncədə öz tələbəlik həyatımı yaşayırdım...   Bakıdan çox  ağır   xəbərlər gəlirdi... Xalqların azadlığından danışan SSRİ rəhbərliyi bu dəfə öz "azadlıq silahını” öz vətəndaşlarına tuşlamışdı... Qırğın baş vermiş, respublika başsız qalmışdı... Azərbaycanın o zamankı xəyanətkar rəhbərliyi qaçıb aradan çıxmışdı... xalq ümidlərini  itirmiş, sanki köməksiz vəziyyətdə qalmışdı... Heç bir informasiya verilmir, Bakıda baş verənlərin dəqiq təfərrüatları barədə danışılmırdı... Qəzetlər çıxmır, radio və televiziya isə susdurulmuşdu... Hamı hüzn içində idi... 20 yanvarda şəhid olan soydaşlarımızın dəfnini təşkil etmək, yaranmış vəziyyətdə xalqa araxa durmaq lazım idi... Sovet dövrünü yaşayanlar bunun necə böyük təhlükə olduğunu təsdiq edərlər.  Və gecə gülləbaran edilmiş, xaosa bürünmüş  Bakıdan Sovet rəhbəri Mixail Qorbaçovu ittiham edən sərt bəyanat səsləndi. Bu bəyanatın müəllifi respublikanın kommunist  rəhbərliyi yox, məhz  Qafqaz Müsəlmanları  İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə idi! İndinin özündə də mən həmin bəyanatın mətnini həyəcansız oxuya bilmir, gözümün yaşını saxlaya  bilmirəm. Şeyx həzrətləri sanki ölümünü gözünün qarşısına alıb bəyan etmişdi:  "Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Sizin əliniz mənim xalqımın qanına batıb...”.  

Daha sonra bəyanatda deyilirdi: "O dövlət ki öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir. Özlərini əsl işğalçı kimi aparan cəza qoşunlarını Bakıya yeritməklə siz Sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir. Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşunların dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, Azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalacaq”...

Azadlıq meydanına toplanmış milyonlarla Azərbaycanlı al qərənfillərə bürünmüş şəhid cənazələrini, Şeyx həzrətləri isə bu izdihamın bütün siyasi və ictimai məsuliyyətini çiyninə götürmüşdü. Bu bəyanat xalqın ayaq üstə dayanmasından ötrü çox vacib idi. Bundan sonra sanki xalq bir qədər özünə gəldi. Şeyx həzrətləri xalqın ağır günündə sanki milyonlarla vətəndaşın yeganə ümidinə çevrilmişdi. Məhz həmin bəyanat informasiya blokadasını yararaq baş verənləri dünya ictimaiyyətinə çatdırmaqla xalqın mənəvi dəstəkçisi oldu. Bu bəyanat SSRİ tarixində dövlət rəhbərinin din xadimi tərəfindən ittiham edildiyi ilk sənəddir. Bu bəyanat bütün dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Bakıda törədilən dəhşətli qırğından cəmi bir neçə gün sonra Moskvaya gələn İtaliyanın məşhur "Reppublika” qəzetinin əməkdaşı Etsio Mauro Roma Papası II İoann Pavelin xüsusi tapşırığına əsasən Şeyx həzrətləri ilə telefon əlaqəsi yaratdı. Şeyx həzrətlərinin müsahibəsini dərc edən qəzet ətraf aləmdən təcrid edilən  Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi  mətbuat orqanı idi...  Əlbəttə, indi bütün bunlar haqqında danışmaq çox asan olsa da, o dövr üçün olduqca riskli və çox təhlükəli idi.  Şeyx həzrətlərinin yaddaşımda qalan bu  xüsusiyyəti onun şəxsiyyətinin aliliyndən gələn cəsarət nümunəsidir...  

Ulu öndərin rəğbəti 

Müstəqilliyin qazanıldığı ilk illərdə Azərbaycanı bürüyən özbaşınalıq və xaos hər bir Azərbaycanlı kimi Şeyx həzrətlərini də çox narahat edirdi... Ölkə yenə də sanki başsız qalmışdı... Xalq öz xilaskarını gözləyirdi...  Bu dəfə də xalq onun imdadına çatan, öz  yetirməsi olan böyük şəxsiyyət, tərcümeyi-halı Azərbaycan tarixinin bir hissəsini təşkil edən Ulu öndər, dahi lider- Heydər Əliyevin gərgin əməyi sayəsində nicat yoluna çıxdı...  Ümummilli  liderin rəğbət bəslədiyi  şəxsiyyətlər  arasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin  məxsusi yeri olub. Ulu öndərin Şeyx həzrətlərinə rəğbəti onun hələ Sovetlər dönəmində ölkəyə rəhbərlik etdiyi zamanlarda yaranıb.  Müstəqillik illərində bu münasibətlər daha da sıxlaşıb, dostluq səviyyəsinə çatıb... Müqəddəs günlərdə Ulu öndərin məsçidlərə gəlməsi, dindarlarla görüşməsi, dini abidələrin bərpasına, yenilərinin inşasına, açılışına diqqəti bir tərəfdən onun dini-mənəvi dəyərlərə hörmətindən qaynaqlanırdısa, digər tərəfdən də Şeyx həzrətlərinə olan rəğbətindən irəli gəlirdi.  Onların müqəddəs Kəbə evini bir yerdə ziyarət etməsi də qarşılıqlı  ehtiram və hörmətin nümunəsi idi... 

Ana duasından başlanan yol ...

İllər bir-birini əvəzlədikcə Şeyx həzrətlərinin qeyri-adi şəxsiyyəti, misilsiz fəaliyyəti məndə onun təkrarsız bir insan, Tanrının sevib-seçdiyi bir bəndə olduğuna əminlik yaratdı...  Bu əminlik məndə onun portret cizgilərini özündə ehtiva edən sənədli filmin ssenarisini hazırlamaq fikrini doğurdu... 2000-ci illərin əvvələrində artıq mən Azərbaycan Dövlət Televiziyasının "Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ssenariçi-redaktor vəzifəsində çalışırdım... Həmin ssenarini işləyərkən də xeyli maraqlı məqamlarla rastlaşdım. Qəribəliyin biri illər öncə, uşaq yaşalrında ilk dəfə gördüyüm və yaddaşımda iz buraxan bir insan haqqında çəkiləcək ilk sənədli filmin ssenari müəllifi olmağın qismətimə yazılması idi... O zaman kim deyə bilərdi ki, Şeyx həzrətləri öz ali məqamına yüksələcək və kənarda oturub söhbətlərini anlamaya-anlamaya diqqətlə dinləyən bir uşaq da böyüyüb onun haqqında çəkiləcək sənədli televiziya filminin ədəbi ssenarisini qələmə alacaq?! 

... Onun dünyaya gəlişinin də maraqlı tarixçəsi var... Anası əhd edir ki, oğlu dünyaya gələrsə adını Allahşükür  qoyacaq və onu din yolunda xidmət  göstərməyə sövq edəcək. Şeyx həzərətləri 1949-cu ilin 26 avqustunda dünyaya göz açır.  Ana əhdinə sadiq qalır və 7-yaşına çatandan sonra oğlunu həm dünyəvi məktəbə, həm də qonşu rayonun ərazisində yaşayan Şeyx Qüdrətdən dini dərs almağa göndərir. Şeyx həzrətləri Qurani –Kərimi sinəsi üstündə,  pencəyinin içəri tərəfindən anasının tikdiyi xüsusi cibdə gizlədə-gizlədə hər gün payi-piyadə kilometrlərlə məsafə qət edərək İslam elminə yiyələnir. O dövrdə dövlət orqanları bundan xəbər tutsaydılar bu yaxşı nəticə verməzdi... Beləcə Şeyx həzrətləri halal zəhməti ilə ali təhsil aldı, ali məqamlar sahibi oldu... Ana duası onu bir Tanrı payı olaraq gətirdi bu yer üzünə. Ana öz müqəddəs əhdinə sadiq qalıb onun adını Allahşükür qoydu və onu din yoluna  yönəltdi. O, da ana nəsihətinə sadiq qalıb, adına uyğun olaraq  hər gün, hər saat  Allaha şükür deyir... Film bir Allah aşiqinin qeyri-adiliklərlə dolu həyat hekayətlərindən, göstərdiyi fəaliyyət sayəsində mənəviyyatın saflaşması yolunda əldə etdiyi misilsiz naliyyətlərindən bəhs edən maraqlı ekran əsəridir: "ANA duasından başlanan yol...”

Dövlət və din münasibətləri  

Şeyx həzrətləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinə gələndən sonra idarənin fəaliyyətində müsbət istiqamətdə  xeyli dəyişiklik baş verib. Bu qurum hazırda dünya miqyasında tanınan, beynəlxalq səviyyələrdə keçirilən ən mötəbər tədbirlərin iştirakçısı və təşkilatçısıdır.  Bu fəaliyyəti sadalamaq üçün bir məqalə və ya bir kitab yetərli deyil. Əldə edilən uğurlar, dini-mənəvi keyfiyyətlərin təbliği və dünyanı heyrətdə qoyan tolerantlıq ənənələrinin təntənəsi dəyərinə və miqyasına görə  kifayət qədər böyük işlərdir. Təbii ki, xalqın inamına, imanına, inancına xidmət edən, onun ən müqəddəs  dəyərlərinin yüksək tutulamsı istiqamətində  göstərilən  fəaliyyət, bir zamanlar Sovet rejiminin mübarizə predmetinə çevrilən dini dəyərlərimizin, məscidlərimizin bərpası, əxlaqi dəyərlərimizin gələcək nəslə çatırılması ilə onların məhz həmin milli ruhda formalaşması  Şeyx həzrətlərinin çəkdiyi misilsiz və gərgin zəhmətinin bu gün artıq reallığa çevrilən  qürurverici  nəticələridir.  Əsil həqiqət  budur ki, istənilən fəaliyyət dairəsində əldə edilən nailiyyətlərdə şəxsiyyətin rolu danılmazdır. Məhz Şeyx həzrətlərinin ali şəxsiyyəti və bu şəxsiyyətin müdrikliyindən  irəli gələn novatorçu, tamailə  qeyri-adi  fəaliyyətinin nəticəsi xalqmız üçün, İslam dünyası üçün, ümumən bəşəriyyət üçün  eyni dərəcədə  böyük əhəmiyyət kəsb edir. Bu fəaliyyət elə bir miqyasa  malikdir ki, onun haqqında danışmaq zaman çərçivəsinə sığan deyil.  Əlbəttə, mühüm əhəmiyyətinə görə bu fəaliyyət haqqında zaman-zaman danışılıb, məqalələr, televiziya verilişləri, filmlər hazırlanıb, cəmiyyətin elitasını təşkil edən insanların müsahibələri, fikirləri dərc edilib. Şeyx həzrətlərinin əməyi həm ölkəmizdə, həm də çoxsaylı xarici ölkələrdə silsilə mükafatlarla, orden və medallarla dəyərləndirilib. Dünyanın nüfuzlu elm ocaqları, akademiyaları onu öz fəxri üzvü seçib. Ona görə də bu yazımda  hamının gözləri önündə baş verən uğurlar, əldə edilən naliyətlər barədə təkrarçılığa yol verməməkçün ümumi danışmağı üstün tutdum. 

Şeyx həzrətlərinin fəaliyyətində mühüm yer tutan dövlət –din münasibətləri  əhəmiyyətinə  görə  müqayisəedilməzdir. Məhz ölkəmizdə milli-mənəvi dəyərlərin önəmli hissəsi olan dövlət-din münasibətlərinin qorunması, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə atılan zəruri addımlar, məzhəblərarası təfriqə və ayrıseçkiliyin qarşısının alınması və tamamilə aradan qaldırılması  istiqamətində  görülən işlərin nəticəsi dünyaya Azərbaycan tolerantlığını və multikulturalizmini nümunə olaraq təqdim edir.  Bu gün dünyanın heç bir ölkəsində müxtəlf məzhəblərin nümayəndələri nəinki eyni məkana gəlmir, əksinə ziddiyətli şəkildə bir-birini qəbul etmək istəmir... Lakin Azərbaycanda müxtəlif məzhəblərin nümayəndələri eyni məsçiddə, hətta yan-yana dayanıb namaz qılırlar. Azərbaycan tolerantlığının əsasında İslam dininin fundamental dəyərləri: sülh, əminamanlıq, bütün dinlərə və onların nümayəndələrinə hörmət və ehtiram dayanır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin iştirakı ilə Azərbaycanda mövcud olan bütün dini icma nümayəndələrinin qatıldığı və Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşkil etdiyi ənənəvi iftar süfrələri  deyilənlərin ən bariz təsdiqidir.  Ramazan bayramı mahiyyətinə görə əslində elə tolerantlıq bayramıdır. Məhz müqəddəs iftar süfrəsi ətrafında dünyəvi dinlərin təmsilçilərinin bir araya gəlməsinə nail olmaq İslam humanizminin bərqərar edilməsi deməkdir. Bu vəhdət təkcə Ramazan günlərində deyil, adi həyatda, hər gün, bütün tədbir və mərasimlərdə  qorunur. Azərbaycanda bu vəhdət artıq adi həyat normasına çevrilib. 

Ölkəmizdə din dövlətdən ayrıdır. Lakin dövlətin dinə qayğısı, eləcə də din xadimi olaraq Şeyx həzrətlərinin  dövlətə və dövlətçiliyə göstərdiyi xidmətlər tədqirəlayiq haldır  və  bunlar ölkə vətəndaşları tərəfindən həmişə  ehtiramla  qarşılanır.  Saysız-hesabsız  məscidlərin  bərpası, yenilərinin inşa edilməsi, dindarlara göstərilən ehtiramın nümunəsidir.  Bu mənada  Heydər Əliyev Fondunun, xüsusilə Azərbaycanın birinci-vitse prezidenti xanım Mehriban Əliyevnın  göstərdiyi fəaliyyəti qeyd etməmək mümkün deyil. Mehriban xanım Əliyeva dini-mənəvi dəyərlərin qorunması, inkişaf etdirlməsi, müqəddəs məkanlarda tikinti- abadlıq işlərinin aparılması, dini ocaqların inşası və bərpası istiqamətində olduqca böyük işlərə imza atıb. 

70-in 40 ili...

Azərbaycan Prezidenti cənab İlham Əliyev  həmişə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə  xüsusi hörmət və ehtiram göstərib. Onlar arasında yaranan  səmimiyyət dövlət və din arasında yaranan əzəmətli körpünü xatırladır. Elə bir körpü ki, onun üzərindən yalnız müqəddəs amallar, ölkənin və xalqın gələcəyinə hesablanan   əməllər  yol gedir...  Buna görədir ki,  Prezident İham Əliyev  bu ilin 9 aprelində  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam  Hacı  Allahşükür Paşazadənin  anadan omasının 70, şeyxülislamlıq  fəaliyyətinin 40 illiyi münasibəti ilə  sərəncam imzaladı. Sərəncamda  Ölkə Başçısı  Şeyxülislam  Hacı  Allahşükür Paşazadənin fəaliyyətini yüksək qiymətləndirir. 

Sərəncamın mətnindən:

2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.

Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.

Müxtəlif konfessiyaların dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam Allahşükür Paşazadə bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunmaqla, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına sanballı töhfələr verir.

Bəli, Şeyx həzrətlərinin fəaliyyətinə verilən yüksək  dəyəri özündə ehtiva edən bu sərəncam əslində, yuxarıda dediklərimizin ən bariz nümunəsidir. Uşaq yaşlarımdan diqqətimə hakim kəsilən, onu şəxsən tanıdığıma görə taleyimə minnətdar olduğum, bu alicənab insan, əsl vətəndaş, ictimai xadim, elm adamı, ağsaqqal, sözün həqiqi mənasında böyük şəxsiyyət  Şeyxülislam  Hacı  Allahşükür Paşazadənin  nurlu portret cizgilərini, misilsiz zəhmətini və uğurlu fəaliyyətini təqdim etmək  arzusu ilə  bu yazını qələmə aldım. Buna nə dərəcədə nail ola bildiyimi isə təbii ki, oxucular dəyərləndirəcək. 
 
Yazımın sonunda mən də  Azərbaycan xalqının böyük oğlu, Tanrının sevib-seçdiyi ali şəxsiyyət, böyük insan- Şeyxülislam  Hacı  Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibəti ilə  səmimi qəlbdən təbrik edir, ona  xalqımız üçün, İslam dünyası üçün, ümumiyyətlə bəşəriyyət  naminə gördüyü işlərdə  uğurlar, can sağlığı  arzulayıram. 

Eldar İskəndərzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
şair-dramaturq, kinossenariçi







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook