SON XƏBƏR

Ata Abdullayev, Paşinyan və "soyuqqanlı" erməni keşişləri

Noyabr 21
11:29 2019
Dünəndən sosial şəbəkələrdə Azərbaycan ictimaiyyətinə tanış olan Ata Abdullayevin İtaliyanın Milan şəhərində yerləşən erməni kilsəsinə daxil olaraq tribunada çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın sözünü kəsərək Dağlıq Qarabağ münaqişəsinə aid suallar ünvanladığını əks etdirən video yayılıb. Güman edirəm ki, sosial şəbəkə istifadəçilərinin mühüm hissəsi sözügedən videonun mahiyyətindən xəbərdardırlar. Xatırlayırsınızsa, son günlər oxşar ikinci haldır ki, yaşanır. Bundan əvvəl də azərbaycanlı fəal Bəxtiyar Hacıyev Paris Sülh Konfransında Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağla bağlı suallar vermişdi. 
 
Bəxtiyar Hacıyevlə Ata Abdullayevin intellektual cəhətləri, bu iki şəxsin cəmiyyətdə hansı reputasiyaya malik olmaları fərqli olduğu kimi, Nikol Paşinyana sual ünvanladıqları məkan da fərqli idi. Mənim diqqətimi də məhz ikinci - Ata Abdullayevin erməni baş nazirə sual ünvanladığı məkan çəkdi. Əslində Ata Abdullayevin, Bəxtiyar Hacıyevin Paşinyana nə deməsinin, necə deməsinin böyük anlamda bir mahiyyəti də yoxdur. Burada diqqət edilməli olan hadisənin baş verdiyi məkandır...

Ermənilərin yürütdüyü siyasətin, erməni xalqının milli ideologiyasının formalaşmasında, yaşamasında erməni kilsəsinin rolu hamımıza məlumdur. "Xristianlığın milli qanadı"nı yaratmağa nail ola bilmiş ermənilər əldə etdikləri bütün nailiyyətlərə, işğal etdikləri torpaqlara görə öz milli kilsələrinə borcludurlar. 
 
Bu gün iqtisadiyyatda, mədəniyyətdə ermənilər bizdən geri qala bilər, ancaq millətin ruhunun, milli ideologiyasının formalaşmasında əsas amillərdən olan din məsələsində onlar bizdən öndədirlər. Bütün uğursuzluqlarımızda günahlandırdığımız güclü erməni lobbisi də əslində Orta Şərqə, Avropa və Amerikaya səpələnmiş erməni keşişləri, oradakı kilsələrdir. 
 
Ermənilərin keşişləri, din adamları dünya xalqlarının taleyini həll edən, dünya iqtisadiyyatını, siyasətini müəyyənləşdirən ölkələrə səpələnməklə öz dövlətlərinə, millətlərinə xidmət edirlər. Bu gün erməni kilsələri Avropada, Amerikada keşiş paltarında, boyunlarında xaç gəzdirən, təpədən dırnağa qədər erməni milli ruhuyla yoğrulmuş çekist yetişdirməklə məşğuldurlar. Siz məlum videoda Paşinyanın dayandığı tribunanın sağ tərəfində əyləşən keşişlərə diqqət edin, görün onlar məkanda baş verən hadisəyə necə soyuqqanlılıqla yanaşırlar. Bu "soyuqqanlılıq" - psixoloji hazırlıq yalnız xüsusi xidmət orqanlarının peşəkar nümayəndələrinə məxsus ola bilərdi...
 
Bu sahəni müqayisə etməyə qətiyyən dəyməz. Amma insaf naminə son illər Azərbaycan dövləti dini sahədə - milli kadrların yetişdirilməsi istiqamətində müsbət işlər görür. Kiçik bir misal çəkəcəm. Təxminən 3-4 il bundan əvvəl rayonların birinə hüzür məclisinə getmişdim. Adətən, hüzür məclislərində aparılan söhbətlərə, xüsusən də, mollanın danışıqlarına reaksiya vermirəm. Maksimum bir saatlıq iştirak edəcəyim məclisdə xarakterimin əksinə gedərək böyük əzmlə səbir nümayiş etdirirəm. Amma bu məclisdə mollanın Azərbaycanı "vilayət" adlandırması artıq bütün həyasızlığın, şərəfsizliyin piki idi. Məni daha çox əsəbləşdirən isə bu mollanın kifayət qədər savadlı olması, yəni səsləndiriyi sözün mahiyyətindən xəbərdar olması idi. Düzdür, o molla layiqincə cavabını aldı. Amma bu cür düşünən mollarımızın sayları bilirsiniz nə qədərdir?!
 
Bunlar çox ciddi məsələlərdir. Dövlətin akademik səviyyədə məşğul olmalı olduğu sahədir. Bu sahədəki problemlərin həllini savadlı, milli ruha malik, cəmiyyətdə nüfuzu olan insanlara tapşırmaq lazımdır.
 
Sonda Ata Abdullayev barədə fikirlərimi deyim. Ata Abdullayev vətənpərvər, etdiyi çıxışlarında səmimi ola bilər. Hərçənd ki, ikinciyə, yəni onun səmimiyyətinə məndə bəzən şübhələr yaranır. Onun müxalifətin mitinqlərində sərgilədiyi mövqeyə, ümumiyyətlə, münasibət bildirmək istəmirəm. Əli Kərimli barədə və yaxud SOCAR-ın keçmiş Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyev barədə səsləndirdiyi fikirlər də bir vətəndaş kimi onun şəxsi subyektiv fikiri ola bilər. Yəni adam bu məsələlərdə tam sərbəstdir. Amma düşünürəm ki, Qarabağ kimi ciddi məsələlərdə bu cür adamların özfəaliyyətinə sərbəstlik vermək olmaz.
 
Mübariz Məmmədov
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook