SON XƏBƏR

Atabəy Kiçibəyova töhmət verildi

Mart 11
00:28 2020
Ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısı İlham Əliyevin «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı bu islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin güclənməsinə rəvac verib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.

Qeyd olunub ki, Fərmanın icrası üzrə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən yeni məhkəmələrin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və digər məsələlərlə bağlı 40-dək yeni qanun layihələri hazırlanıb.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra mühüm qanunlar qəbul olunub. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha peşəkar və çevik baxılmasını təmin etmək məqsədilə regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb.

Yeni yaradılmış məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, aparatlarının formalaşdırılması üzrə zəruri tədbirlər görülüb. Şura tərəfindən onların ərazi yurisdiksiyası, hakim ştatlarının sayı müəyyən olunub. Cari ilin yanvar ayının 1-dən fəaliyyətə başlayan həmin məhkəmələr dövlət başçısının sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərlə komplektləşdirilib.

Həmçinin, Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook