SON XƏBƏR

ATƏT-in missiyası bir qrup jurnalistlə görüşüb

Dekabr 22
02:03 2019
Dekabrın 20-də ATƏT DTİHB missiyası bir qrup jurnalistlə görüşüb.
 
Bu barədə MeydanTV məlumat yayıb.

Görüşdə "Turan” İA-nin direktoru Mehman Əliyev, Meydan TV-dən Sevinc Vaqifqızı, "Azadlıq” qəzetindən Rövşən Hacıbəyli və araşdırmaçı jurnalist Xədicə İsmayıl iştirak edib.

Tərəflər KİV sahəsində vəziyyət və Azərbaycanda seçkilərin işıqlandırılmasında onların rolunu müzakirə edib.

Jurnalistlər fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində KİV-in vəziyyəti barədə missiyanı məlumatlandırıblar.

Onların fikrincə, ölkədə seçkilərin sərbəst işıqlandırılması üçün şərait, eyni zamanda namizədlərin KİV-ə çıxışı üçün bərabər imkanlar yoxdur:

"KİV-in çoxu hökumətin nəzarəti altındadır və təbliğat funksiyasını yerinə yetirir. Uzun illərdir ki, hakimiyyətin kursunu dəstəkləməyən insanlara TV-nin yolu bağlıdır. Bütün bunlar seçkiqabağı kampaniya üçün qeyri-bərabər şərait yaradır. Bununla yanaşı informasiya resurslarının və sosial şəbəkələrin sürətli inkişafı yeni vəziyyət yaradır. Bu gün əsas ictimai-siyasi mübarizə və auditoriyanın fəallığı sosial şəbəkələrdə yer alıb ki, bu da namizədlərə təşviqat aparmağa imkan verir”.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib.

Müsavat, ADP, Ümid, REAL partiyaları isə seçkilərdə iştirak edəcəklər.

Deputatların Milli Məclisin buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook