SON XƏBƏR

Avropa Birliyinin qrantı Azərbaycanda necə bölüşdürülür?

İyun 11
19:52 2019
Praqada Baş nazir Andrej Babisin istefası tələbi ilə etirazlar davam edir. Çexiya prokurorluğu milyarder hökumət başçısını Avropa Birliyinin (AB) bu ölkəyə ayırdığı subsidiyanın bir hissəsini öz ailə şirkətinə ötürməklə qanunsuzluğa yol verməkdə ittiham edib. 

Baş naziri istefaya göndərmək tələbi ilə mitinqlər də bundan sonra başlayıb. AB-dən yardımlar alan Azərbaycanda isə yüksək vəzifəli məmurların milyonlarla manat vəsaitin şübhəli yollarla istifadə etməsi barədə mediada yer alan jurnalist araşdırmalarına prokurorluq orqanları heç bir münasibət bildirmir.

Çexiya prokurorluğu müəyyən edib ki, AB-nin 2,24 milyon dollarlıq subsidiyasını 2018-ci ildə hökumət Agrofert konqlomeratına ayırıb. Hərçənd, AB-nin subsidiyaları iri biznes subyektləri üçün deyil, orta və kiçik biznes üçündür və üstəlik burada maraq toqquşması da var.

Bəs Azərbaycanda, beynəlxalq hesabatlara görə korrupsiyanın tüğyan etdiyi bu ölkədə, məmurların dövlət vəsaitlərini istədikləri kimi istifadə etməsi, lap elə mənimsəməsi faktları azdırmı? Əslində kifayət qədərdir. Elə isə nə üçün, dövlət maliyyəsinin istifadəsinə nəzarət edən Hesablama Palatası hesabatında, məsələn, AB-nin qrantı hasabına təkcə 2018-ci il ərzində xərclənən 10 milyon manatdan çox vəsaitdən bəhs edərkən, onun necə sərf olunması haqda bir kəlmə də olsun söz açmır? Əvvəlki illərdə də (2016-2017-ci illlər) xarici qrantlar üzrə ümumi məbləği 16,5 milyon manatdan çox olan xərcləmələri təhlil edərkən, HP yalnız onların proqnoza qarşı istifadə faizi barədə rəy bildirir. Başqa sözlə, Palata milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyi, burada israf və sui-istifadə hallarının olub-olmadığı barədə fikir yürütmür. Lakin hətta adi gözlə baxdıqda belə AB-nin maliyyələşdirdiyi və İqtisadiyyat Nazirliyinin (İN) icraçısı olduğu "Regionların inkişafına dəstək Qrant Proqramı" ilə bağlı yayılan rəsmi satınalma elan və bildirişləri çoxlu cavabsız suallar doğurur.

HP 2018-ci ildə İN AB-nin verdiyi qrant hesabına 10 milyon 70 min manat xərcləyib. Özü də ictimaiyyətə heç bir açıqlama verməyə lüzum görmədən. Elə əvvəlki ildə də nazirlik AB-nin "Regionların inkişafına dəstək Qrant Proqramı" çərçivəsində təxminən bir o qədər qrant vəsaitini üzərində sərəncam vermişdi. 

Təhlil göstərir ki, bu və digər hallarda İN dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin bir çox tələblərinə məhəl qoymur. Nazirlik artıq 4-cü ildir ki, illik hesabatlarını ictimaiyyətə təqdim etmir. Şəffaflıq tələblərini pozur. Bu səbəbdən onun sözügedən Qrant Proqramı çərçivəsində fəaliyyəti haqda məlumatlar məhduddur. Proqramın mətni ictimaiyyət və ekspertlər üçün qapalıdır. 

Satınalma elanlarına əsasən demək olar ki, bu proqram beş komponentdən ("Regionlarda rəqabət qabiliyyətli sahələrin inkişafına dəstək", "Sahibkarlığın dövlət tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə dəstək", "İqtisadiyyat Nazirliyinin potensialının artırılması", "Xüsusi İqtisadi Zonaların idarə edilməsinə dəstək", "XİZ-lərin inkişafına dəstək") ibarətdir. Proqramın hələ neçə il davam edəcəyi isə məlum deyil.

Gəlin nazirliyin AB-nin Qrant Proqramı çərçivəsində təşkil etdiyi satınlamalara diqqət edək. 2018-ci ildə nazirlik "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tender keçirib. Qalib "Olimp Mühəndis Xidmətləri" MMC və "Bizlinkz" MMC-dən ibarət konsorsium elan edilib. Lakin bu kotrakt əsasında İN konsorsiumdan nə aldığını və ona nə qədər vəsait ödəyəcəyini ictimaiyyətə bildirməyib.

Ötən il "Bis Co" MMC və "SRS Consulting" MMC-nin təşkil etdikləri konsorsium "Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyinin potensialının artırılması" layihəsi üzrə satınalma müsabiqəsinin qalibi olub. Onlarla bağlanmış müqavilənin qiyməti dövlət satınalmaları portalında elan edilib - 1.998.798,9 manat. Amma konsorsiumun konkret olaraq edəcəyi nə tender elan olunanda, nə də sonra ictimaiyyyətə bəlli oldu.

Elə əvvəlki illərdə AB-nin qrantı hesabına görülməliolan işlər barədə də ictimaiyyət informasiyasız saxlanılıb. Məsələn, 2017-ci ildə nazirlik "Regionların inkişafına dəstək Qrant Proqramı" çərçivəsində sedan, yolsuzluq, yolsuzluq-pikap və servis tipli avtomobillərin alınması üçün tender keçirib. Avtomobillər nazirliyə 6 ay ərzində təqdim olunmalı imiş. Amma nə avtomobillərin sayı, nə onların alınmasına üçün ayrılan vəsait, nə də qalib şirkətin adı məlumdur.

Həmin il İN "Ekvita Consulting" MMC, "Arpa Consulting" MMC, eləcə də "Bis Co" MMC ilə "SRS Consulting" MMC-nin konsorsiumu ilə ümumi dəyəri 9.075,9 min manat olan 3 müqavilə bağlayıb. Bundan bir il əvvəl isə (2016-cı il) nazirlik avadanlıq və proqram təminatı almaq, ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət işləri və Avropa Komissiyasının yardım alətlərinin və regional proqramlarının icrası üçün 4 şirkət və onların konsorsiumuna 5.707,4 min manat ödəmişdi. 

Üç il keçib və nazirlik Qrant Proqramı hesabına yenidən avadanlıq alınması barədə şirkətlərə müraciət edib. Lakin nə o vaxt, nə də ində hansı avadanlıqdan söhbət getdiyini İN açıqlamır. Qanunvericilik isə tələb edir ki, dövlət vəsaiti hesab olunan istənilən mənbə hesabına alınan malların siyahısı öncədən elan edilməlidir. Nazirlik bu il həm də "Regionlarda rəqabət qabiliyyətli sahələrin inkişafına dəstək" layihəsi üzrə iki tender elan edib. Onlardan birinin predmeti mücərrəd şəkildə də olsa anlaşıla bilər. Söhbət üzümçülük, iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının dəstəklənməsindən gedir. Burada benefisiarların kimliyi bəlli olmasa da, hər halda niyyət aydındır. İkinci satınalmanın nədən ibarət olmasını isə qurumun Tender Komissiyası elan etməyi "unudub".

Amma müəmmalı maqamlar bununla yekunlaşmır. İqtisadiyyat Nazirliyinin satınalmalarında uğurla iştirak edən "Bis Co" MMC və "SRS Consulting" MMC indi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyində "kök salıblar". Bu şirkətlər nazirliyin Özünəməşğulluq Proqramının icrası üçün digər iki ortaqlıq iştirakçısı ("Az Nest" MMC və "Aqri Kon" MMC) ilə birgə ötən il 29.119,5 min manat alıblar. KİV bu şirkətlərin nazir Sahil Rafiq oğlu Babayevə və onun müavini Vüsal Zakir oğlu Nəsirliyə müəyyən bağlılığı olduğunu yazır. Maraqlıdır ki, nazirlik bu müqavilələri tender proseduru keçirmədən, birbaşa bağlayıb.

Faktlarsa gümanların heç də əsassız olmadığına dəlalət edir. Hər iki məmur 2018-ci ilin əvvəlinədək ƏƏSMN-də çalışıb. S. Babayev nazir müavini, V. Nəsirli isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. O, öz tərcümeyi-halında özəl sektorda çalışdığını da gizlətmir. Həqiqətən, Kommersiya təşkilatlarının reyestrinə görə, o, 2009-cu ildə Bakıda yaradılan "Prizma Consulting" MMC-nin direktoru olub. Media V. Nəsirlinin "Bis Co" MMC-nin rəhbərləri ilə qohumluq münasibətləri haqda yazır. Belə ki, Vüsal Nəsirli İmişli rayonunda dünyaya gəlib. "Bis Co" MMC-nin direktoru Fariz Hüseynli də bu bölgədəndir. F. Hüseynli həm də İmişli şəhərində 2005-ci ildə yaradılmış "Venera" MMC-nin direktorudur. Farizin atası - Heydər Yusif oğlu Hüseynov "Bis Co" MMC-nin təsisçilərindən biri, həm də daha iki şirkətin - İmişli rayonundakı "Mühərrik" MMC-nin və Bakıda, "Bis Co" MMC ilə eyni ünvanda yerləşən "Meridian Plus" MMC-nin rəhbəridir.

Digər diqqət çəkən məqam isə budur ki, bis.az domeni haqda qeydiyyat məlumatlarında hazırda aktiv olmayan srs.az domeninə də istinad mövcuddur.

İqtisadiyyat Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalmalarında qaliblərin sinxronlaşmasına başqa bir nümunə: 2018-ci ilin avqustunda İN-nin satınalma prosedurunda üstün olan "Bizlinkz" MMC dekabr ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə peşə yönümlü məsləhət xidmətləri göstərdiyinə görə 45.386 manat alıb.

Qeyd olunan məlumatlar təkcə iki vəzifəli şəxsin dövlət vəsaitlərini ehtimal olunan maraq toqquşması zəminində şəxsi məqsədlər üçün istifadə edəcəyi barədə şübhələr yaradır. Azərbaycan gerçəkliyində - informasiyanın məhdud həcmdə yayıldığı və məlumatlara çıxışın bütün mümkün vasitələrlə qarşısının alındığı şəraitdə jurnalist təhqiqatı bundan artığına nail ola bilmir. Daha dərin təhqiqatı isə peşəkarlar - hüquq-mühafizə orqanları apara bilərlər. Lap elə Çexiyada olduğu kimi.

Turan İA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook