SON XƏBƏR

Azadə Səfərovanın qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib

Avqust 10
15:54 2020
Ölkəmizdə uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Lakin bəzi hallarda sahibkarlıq subyektlərinin yaradılmış azad və rəqabətli iqtisadi mühitdən sui-istifadə edərək vətəndaşlara qarşı dələduzluq etmələri, müxtəlif növ xidmətlərin göstərilməsi adı ilə aldadıb əmlaklarını ələ keçirmələri kimi mənfi hallara rast gəlinir. Bu kimi hallara, o cümlədən əhalini narahat edən digər korrupsiya hüquqpozmalarına qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının kompleks, sistemli və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb və fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Azadə Səfərovanın qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlara əsasən Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook