SON XƏBƏR

Azərbaycan Minsk Qrupyla yollarını ayırır? - Seyidovdan açıqlama

İyul 08
09:58 2020
"Cənab Prezidentin bütün çıxışları xüsusi əhəmiyyət kəsb edərək, dərin məna ehtiva edir. Artıq neçənci dəfədir ki, ictimaiyyətlə görüş, sosial obyektlərin açılışı, müxtəlif tədbirlərin həyata keçirilməsi zamanı cənab Prezident öz fikirlərini açıq şəkildə Azərbaycan ictimaiyyətinə təqdim edir. Təbii ki, təqdim edilən bu məsələlər Azərbaycanda gedən proseslərlə bağlı olduğu halda, həm də dünyada baş verən proseslərin də Azərbaycana təsirini özündə əks etdirir. Ümumiyyətlə, belə açıq, səmimi, konkret və vacib mesajların həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya çatdırılmasının böyük əhəmiyyəti var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, hazırda pandemiya dünyasında yaşayırıq, bu qeyri-müəyyən və qeyri-sabit dünya, çox mücərrəd və təhlükəli tendensiyalar doğurur.

Deputat ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair fikirlərini belə advam etdirib:

"Bu nöqteyi-nəzərdən hökumət başçısının qısa müddətdə bir neçə dəfə xalqa, eləcə də beynəlxalq ictimaiyyətə müraciəti, regionda gedən proseslərin təhlili, regionda sabitlik üçün böyük təhlükə yaradan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə fikirləri diqqətlə dinlənilir, bu çətin və faktiki olaraq  müharibə dövründə, cəmiyyətimizdə davranış qaydalarını, atılacaq addımlarla bağlı düşüncə tərzini formalaşdırır.

Məncə cənab Prezident bunu gözəl başa düşür və hər bir çıxışında bu məsələlərə həm siyasi, həm insani, həm də deyərdim ki, fəlsəfi nöqteyi-nəzərdən tam səmimi və açıq şəkildə yanaşır.

Hesab edirəm ki, Xətai rayonunda mobil xəstəxananın açılışı zamanı da ictimaiyyətlə ünsiyyəti, məhz bu silsilə görüşlərdən olmaqla yanaşı, özündə bir prinsipial fərqi əks etdirirdi. O fərq ondan ibarətdir ki, cənab Prezident həm respublikada olan vəziyyəti ümumi təhlil edərək, həm beynəlxalq mühitdə gedən prosesləri şərh edərək, yalnız bu məsələlərə Azərbaycanın münasibətini deyil, o cümlədən gözləntilərini, hətta deyərdim tələblərini konkret olaraq ortaya qoymuşdur.  

Azərbaycan bu gün beynəlxalq aləmin sadəcə passiv iştirakçısı yox, beynəlxalq proseslərə təsir imkanlarına malik olan dövlətə çevrilmişdir. Ölkəmiz faktiki olaraq beynəlxalq gündəliyi müəyyən edən ölkələrdən biri kimi qəbul edilir. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Qoşulmama Hərəkatının sədri kimi COVİD-19 pandemiyasının müzakirəsinə həsr ediləcək növbədənkənar sessiyanın keçirilməsinə dair Azərbaycanın irəli sürdüyü təşəbbüsün 130-dan çox ölkənin dəstəkləməsi buna əsasdır. Azərbaycan beynəlxalq səviyyədə öz mövqeyini  nəinki təqdim  və müdafiə etmək, o cümlədən mövqeyimizi müdafiə və qəbul etdirmək səviyyəsinə yüksəlib. Deməli Azərbaycanın beynəlxalq ictimaiyyətdən də, beynəlxalq qanundan da, beynəlxalq qanunu müdafiə edən təşkilatlardan da istəyi dəyişməlidir. Bu dəyişikliklərin tələbi ilə dünən cənab Prezident bir neçə istiqamətdə Azərbaycan ictimaiyyətinə fikirlərini çatdıraraq, dünyaya da öz sözünü konkret olaraq demişdir.

Azərbaycanın bu gün faktiki olaraq iki cəbhədə: 30 ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və bir neçə ay bundan əvvəl yalnız Azərbaycana deyil bütün dünyaya hücum etmiş COVİD-19 yeni koronovirus ilə müharibə aparması heç kim üçün sirr deyil. Hər ikisi, milli təhlükəsizliyimizə, müqəddəratımıza, xalqın mövcudluğuna, sağlamlığına və təbii ki, gələcəyinə ciddi təsir göstərən təhlükə ehtiva edən düşməndir. Bu nöqteyi-nəzərdən pandemiya ilə bağlı Azərbaycanın gördüyü işlər cənab Prezidentin çıxışında geniş təhlil olunaraq öz həlli yollarını Azərbaycan ictimaiyyəti ilə yanaşı, dünyaya da təqdim olunmuşdur. Bu fikirlərin birmənalı olaraq Azərbaycan ictimaiyyəti, türk dünyası, Qoşulmama hərəkatı, ÜST, eləcə də BMT tərəfindən qəbul olunması artıq öz əksini tapmaqdadır. Nə qədər çətin olsa da, bu müharibədə Azərbaycanın bəyan etdiyi birlik şüarı dünya tərəfindən birmənalı nəzərə alınır və həyata keçirilir.

Dağlıq Qarabağla bağlı isə beynəlxalq səviyyədə xüsusi təhlilə ehtiyacı olan bir vəziyyət hökm sürür. Məlumdur ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq qanun çərçivəsində həll olunmasının tərəfdarıdırlar. Birləşmiş millətlər təşkilatının məlum qətnamələri  Avropa Şurasının 1416 saylı sənədi, Avropa parlamentinin və Avropa Birliyinin, ATƏT-in, İslam əməkdaşlığı təşkilatının, qoşulmama Hərəkatının və digər təşkilatların rəsmi sənədləri də bunu sübut edir. Lakin həmən adıçəkilən sənədlərin implementasiyasına gəldikdə isə biz bir durğunluq, mövqesizliklə qarşılaşırıq. Misal üçün son Avropa Parlamentində, Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü ilə bağlı sənədin qəbul edilməsi əslində bu münaqişə ilə məşğul olan qurumlara  bir dəstək, bir stimul yaratmalı idi ki, onlar yüksək səviyyədə qəbul olunmuş sənədlərin münaqişə zaminində istifadə olunmasına başlayıb bu faciəni beynəlxqalq qanun çərçivəsinə yönəltsinlər. lakin bu indiyədək baş vermir və bunu  xüsusilə ATƏT-in Minsk qrupuna aid etmək mümkündür.

Hesab edirəm ki, məhz buna görə cənab Prezident öz çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid etmişdir. Bu obyektiv və həqiqəti əks etdirən faktlara yönələn tənqid Minsk qrupunun həmsədrlərini ciddi şəkildə düşünərək, cənab Prezidentin sözlərini təhlil etmək ehtiyacını labüdləşdirir. Çünki beynəlxalq səviyyəli davranış prinsiplərinə riayət edən, aparılan danışıqlara konstruktiv yanaşan, mövqeyi beynəlxalq səviyyədə dəstəklənən və dünya tərəfindən artıq yüksək səviyyədə qəbul olunan Azərbaycanın mövqeyi ATƏT-in Minsk qrupu səviyyəsində də nəzərə alınmalı idi. Təssüflər olsun ki, biz bunun əksinin şahidi oluruq. Ədalətli mövqe ya susdurulur, ya da ona qarşı biganəlik müşahidə edilir, bəzi hallarda isə tamamilə mövcud vəziyyəti əks etdirməyən davranış göstərilir.  

ATƏT-in Minsk qrupu faktiki münaqişənin həlli istiqamətində fəaliyyət göstərmək əvəzinə, susmaqla Ermənistanın istədiyi və çalışdığı bir məsələni sanki həyata keçirir. Bu mövcud status-kvonun saxlanılmasıdır. Paradoksal bir vəziyyət yaranır, çünki mövcud vəziyyəti, yəni status-kvonun mütləq dəyişdirilməsini bəyan edən bu qurum, sözügedən statusun sanki saxlanılması ilə bağlı fəaliyyət göstərir. Hətta, Ermənistanın açıq şəkildə həyata keçirdiyi silsilə təxribatlarına, o cümlədən Dağlıq Qarabağın Ermənistanın bir hissəsi elan edilməsinə, danışıqlara qondarma Dağlıq Qarabağ separatçılarını qoşulma cəhdlərinə, Şuşada qeyri-qanuni qondarma rejimin tədbirlərinə, inauqurasiyanın keçirilməsinə, Azərbaycan torpaqlarında xaricdən gələn insanların yerləşdirilməsinə, Dağlıq Qarabağda və onun ətraf rayonlarında iqtisadi fəaliyyətlə məşğul olunmasına susaraq Ermənistanın siyasətinə göz yumaraq dəstək verir.

Bütün bu sadalananlar münaqişəni həll etmək mandatına sahib, vasitəçi rolunu və missiyasını həyata keçirən bir qurumun fəaliyyətində qəti yolverilməz bir məsələlərdir. İş o yerə gəlib çıxıb ki, cənab Prezident demişkən, ATƏT-in Minsk qrupu dünyanın problemlərinə real cavabdehlik daşıyan BMT-nin nizamnaməsinə zidd olan davranışlar nümayiş etdirir. Cənab Prezident öz çıxışı ilə açıq şəkildə, heç kimdən çəkinmədən Azərbaycanın mövqeyini bir daha, həm ölkə vətəndaşlarına, həm də dünya ictimaiyyətinə təqdim etdi. Azərbaycan torpaqlarında ikinci Ermənistanın yaradılması mümkün deyil, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, vətəndaşlarımız tarixi torpaqlarına qayıtmalı və beynəlxalq qanun bərqərar olmalıdır. Bu prinsiplər əsasında Minsk qrupunun həmsədrləri də öz işlərində dönüş yaradıb, Ermənistanın konstruktivlikdən uzaq, təxribatçı siyasəti ilə bağlı münasibətlərini bildiməlidirlər. Əks halda bu danışıqların aparılmasının heç bir mənası qalmır.

Öncədən başa düşmək lazımdır ki, Ermənistan öz münasibətini və siyasətini çətin dəyişsin. Faşist ideologiyasına rəğbətlə yanaşan, Xocalı soyqırımını törədən, qaçqın və məcburi köçkün problemini Azərbaycanda pik həddə çatdıran siyasət öz daxilində hər hansı bir dəyişikliyi etmək iqtidarında deyil. Lakin onlarla bir başa təmasda olan həmsədrlər, nəticə çıxarmalı və dərk etməlidirlər ki, Azərbaycanın bu danışıqlarda iştirak etmə səbəbi, beynəlxalq qanuna və bu qanunun keşiyində dayanmaq missiyasını daşıyan təşkilatlara hörmətlə yanaşmasından irəli gələn məsələdir.

Bu gün Azərbaycanın hər hansı danışıqlarda iştirakı onun ehtiyacından çox, bir dövlət kimi potensialı, mövqeyi, gücü, təsir imkanları, rolu və əlaqələri, eləcə də qüdrətinin, mərhəmətinin insansevərliyinin və humanist mahiyyətinin əlamətidir.

Beynəlxalq qanunun müdafiəsini özündə bir ali məqsəd kimi tətbiq etmə səlahiyyətinə malik olan təşkilat, məhz bu səlahiyyətləri həyata keçirə bilmirsə, bu qurumla danışıqların aparılmasının heç bir mənası yoxdur.

Dünya ciddi şəkildə dəyişir, etiraf edək ki, bu gün gedən proseslər tamamilə başqa geosiyasi mənzərə yaradır. Bu mənzərə içərisində Azərbaycanın mövqeyi haqlı, açıq, dürüst və ədalətlidir. Bu mövqeyə dəstək verən hər hansı bir beynəlxalq təşkilat, qurum və ya ölkə son nəticədə özü-özünə kömək edib, dünyada baş verən mürəkkəb prosesləri tənzimləmə səviyyəsinə yüksəlir. Yox əgər, onlar yenə də bulanıq suyun içərisində ikili standartlardan, ədalətsizlikdən, tərəf saxlamaqdan, şəxsi maraqlardan və hər hansı başqa kiçik çərçivədə olan məqsədlərdən  əl çəkə bilmirlərsə, bizim onlarla yollarımız ayrılacaq.

Bu fikir heç də Azərbaycanın hər hansı bir beynəlxalq təşkilatdan üz döndərmək və ya çıxmaq niyyətində olması demək deyil. Əsla yox! Bu gün dünyanın 193 ölkəsinin təmsil olunduğu BMT-nin Baş Assambleyasının üzvlərinin 130-dan çoxu dövlətimizi dəstəkləyirsə, demək Azərbaycan dünyanın nüfuzlu təşkilatlarından yuxarıda sadaladığım mənfi fikirlərin daşıyıcılarını ifşa etmək, kənarlaşdırmaq və nəticədə çıxarmaq iqtidarındadır. Ermənistanın özü-özünü inkar edərək, Azərbaycanın təşəbbüsünə "yox” deməsi məhz bunun bariz nümunəsidir. Bu səbəbdən də bizim siyasətimiz cənab Prezidentin strateji hədəflərini müəyyən edən sonuncu çıxışından irəli gəlməlidir. Bu yeni, güclü, açıq və cəsarətli bir siyasət əminəm ki, öz bəhrəsini verəcək!". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook