SON XƏBƏR

Azərbaycan siyasi arenasına HEYDƏR ƏLİYEV adı və imzası yenidən dönməlidir

Dekabr 11
16:07 2019
Bu gün Azərbaycan çox böyük bir tarixi mərhələdən keçir. Adının "ağ inqilab”, "kadr islahatı” və s. adlandırılmasından asılı olmayaraq cənab Prezidentin başlatdığı yeni xətt ölkənin bütün sahələrini əhatə edir. Dəyişən dünyanın yeni tələbləri ilə ayaqlaşa bilməyənlər, prezidentin illərlə etdiyi çağırışlara biganə qalanlar, vəzifəsinin ömürlük olduğuna inananlar başlanan yeni xəttin elə ilk pilləsindəcə büdrədilər. Yeniləşən Azərbaycana yeni düşüncə,təfəkkür,dünyagörüşü gəlir. Azərbaycan hakimiyyəti gəncləşir, bu həm də cənab Prezidentin illər əvvəl dediyi "insan kapitalı”nın dövriyyəyə buraxılmasıdır.

İlham Əliyev təcrübəli və praqmatik siyasətçidir. O kütlənin psixologiyasını çox yaxşı bilir-tələbləri dəyərləndirməyi bacarır. Onun atdığı addımları zamanlamaq, proqnozlaşdırmaq çətindir. Bütün hallarda o hər zaman təəccübləndirməyi yaxşı bilir-hamının istədiyini heç kimin düşünmədiyi tərzdə reallaşdırmaq onun fitri istedadıdır. Bütün mənalarda İlham Əliyev Ulu Öndərin siyasi məktəbinin əvəzolunmaz məzunudur!

Cənab Prezident mürəkkəb bir coğrafi məkanda, iqtisadi və siyasi maraqların "Qordi düyünü”ndə sabit və dinamik inkişaf edən bir dövlət, uğurla fəaliyyət göstərən bir idarəçilik mexanizmi formalaşdırıb. Azərbaycan haqqında planlaşdırılan bütün məkrli planlar onun siyasi dühasının qarşısında puç olur. O həqiqətən də Azərbaycanın təhlükəsizliyinin qarantıdır-bütün dünyanın şəksiz qəbul etdiyi qarantı!

Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə elə bir zamanda gəlmişdi ki, ölkənin quru adından və "donmuş hakimiyyət”indən başqa bir şeyi qalmamışdı. Öz ömrünü xalqına, ruhunu Tanrıya tapşıranda isə artıq inkişaf reslərinin üzərində uğurla irəliləyən bir ölkə formalaşmışdı və Ulu Öndər bu ölkəni "özü qədər inandığı” İlham Əliyevə etibar etdi. 2003-cü ildən indiyə qədər ötən hər an onun bu son seçiminin ən böyük siyasi qələbəsi, uğuru olduğunu sübut edir. Heydər Əliyev təkcə güclü dövlət formalaşdırmadı, həm də onu idarə etmək üçün güclü lider də yetirdi.

İlham Əliyev hakimiyyət olimpinə gənc yaşlarında gəlib. Heydər Əliyevin formalaşdırdığı bir idarəçilik mexanizmi onun rəhbərliyi ilə illərdir ki,saat mexanizmi kimi fəaliyyət göstərir. O siyasi kursunda yeni xətti həmişəki kimi ən doğru zamanda reallaşdırır-hadisələr o qədər sürətlə baş verir ki, çoxları sadəcə olaraq onunla ayaqlaşa bilmirlər. Elə məqsəd də məlumdur- zamanla və siyasi kursla ayaqlaşa bilməyənlər meydandan çəkilməlidir. İlham Əliyev gənclərə meydan açır. Türklər demiş "hodri meydan”!
Heydər İlham oğlu Əliyev! Sizin daşıdığınınz adın təkcə mənəvi və tarixi məsuliyyəti kifayətdir ki, belə tarixi dövrdə, inqilabi mərhələdə siyasət meydanına çıxasınız. İlham Əliyev bütün Azərbaycan gəncliyinə çağırış edib, dövlətin bu gününün və sabahının onların əlində olduğunu bildirib. Bu həm də dövlət başçısının öz vətəndaşına,gəncliyə bəslədiyi böyük ümidlərin təzahürüdür. Bu çağırışa ilk cavab da elə sizdən gəlməlidir-Azərbaycan siyasi arenasına HEYDƏR ƏLİYEV adı və imzası yenidən dönməlidir. Siz Azərbaycan gəncliyinin liderinə çevrilməlisiniz- tale bu tarixi missiyanı reallaşdırmaq üçün sizə şans verib. Azərbaycan gəncliyi sizin simanızda özünün yeni liderini, ölkənin gələcəyini görür. Bu həm də zamanın çağırığıdır.

Qarşıdan parlament seçkiləri gəlir. İslahatlara cavab verən,parlaq zəkaların və düşüncələrin toplaşacağı, millətə sözün əsl mənalarında vəkillik edəcək şəxslərin seçiləcəyi bir parlamet formalaşdırılacaq. Biz sizi-Azərbaycan gəncliyinin liderini millətin ali tribunasında görmək istəyirik. Sizi-Heydər Əliyev yadigarını millət vəkili olmaq üçün namizədliyinizi verməyə çağırırıq. Bu millətin vəkili olmaq zatən sizin alın yazınız, missiyanızdır. Heydər Əliyev adını,imzasını bu xalqa yenidən bəxş edin-xalq öz gələcəyini bu gün seçmək istəyir!

Nicat Mahmudov
Rubrika.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook