SON XƏBƏR

Azərbaycanda problemli kreditləri azalmaq əvəzinə artır

Oktyabr 07
10:15 2019
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 mlrd. 491,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur. Bu isə o deməkdir ki, 10 min dollara, 17 min manatadək olan problemli kreditlərin restruktruzasiyasına başlanılsa da, problemli kreditlərin həcmi gözlənildiyi qədər azalmayıb. Ekspertlər buna səbəb kimi, kütləvi restruktruzasiya işlərinə başlanmamasını, eyni zamanda, sayca az, həcm etibarilə daha çox olan biznes kreditlərinin hələ də problem olaraq qalmasını göstərirlər.

Xatırladaq ki, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Bununla belə, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 5,9%, son 1 ildə isə 15,9% azalıb.

Bəs görəsən, problemli kreditlərlə bağlı prosesin artan istiqamətdə irəliləməsinin səbəbləri nədir? Bu məsələnin kəskin çözüm yolu varmı?

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, həcm etibarilə daha çox biznes kreditlərinin həlli ilə bağlı addımlar atılmalıdır: "Problemli kreditlərlə bağlı fərman 10 min dollara qədər olan problemli kreditlərin həllində kifayət qədər dəstək oldu. Say etibarilə daha çox insanı əhatə etdi, çox sayda insan bundan yararlandı. Ancaq kreditlərin həcmi olaraq, 10 min dollardan yuxarı olan kreditlər, əsasən də kiçik və orta sahibkarlıqla bağlı olan biznes kreditlər həllini tapmadı. Əsas məsələ də 10 min dollardan yuxarı olan problemli biznes kreditlərinin həcminin çox olması idi. Say etibarilə az olsa da, bu kreditlər həcm olaraq daha çox idi. Banklar da anlayır ki, bu pulların qayıtması ehtimalı yoxdur. Bu problem hələ də bankların maliyyə balanslarında öz yerini tutur. Onların üzərinə faiz və cərimələr də gəldikdə, problemli kreditlərin həcmi daha da artır. Bu məsələnin birinci tərəfidir”.

İqtisadçının sözlərinə görə, ikinci səbəb odur ki, banklar son 1 ildə yenə də sürətlə istehlak kreditlərini verilməsinəbaşlayıblar: "Bu istehlak kreditlərinin həcmi kifayət qədər yüksəkdir, bəzən 28-29 faizə qədər çatır. Ümumi kredit portfelində istehlak kreditlərinin həcmi 50 faiz çatıb və bunun böyük bir təhlükə olduğunu vurğulamışıq. Bu təhlükə yenidən aktuallaşıb. İstehlak kreditləri artdıqca onların qaytarılması ilə bağlı da problemlər yaşanır. Əhali düşünür ki, bir dəfə bu borcların bağlanması baş verdisə, yenidən bu addım atıla bilər. Yüksək faizlə olsa da, rahatlıqla kredit götürürlər. Bu ölkədə iqtisadi canlanma yaradır, insanlar mebel, telefon, ev əşyaları və sair alırlar, paralel olaraq problemli kreditlərin həcmi də artır. Bu iki məsələ, problemli kreditlərin həcminin artmasına səbəb olub”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da "Yeni Müsavat”a danışarkən vurğuladı ki, 10 min dollara qədər olan problemli kreditlərlə bağlı da problem tam həll olunmayıb: "Söhbət təkcə məzənnə fərqindən getmir. Prezident fərmanına görə kompensasiya verilməli idi, bu verilsə də, bir qism kənarda qalıb. Prezident fərmanının ikinci hissəsində qeyd olunurdu ki, 10 min dollara və 17 min manatadək olan problemli kreditlər restruktruzasiya olunmalı idi. Banklar vətəndaşlarla 1 faizlə 5 illik müqavilə bağlamalı idi. Bu qeyd ümumiyyətlə həyata keçirilmir. Çünki fərmanda yazılmışdı ki, Mərkəzi Bank bununla bağlı banklara kredit verməli idi, bunun üçün 682 milyon manat ayırmalıdır. Ancaq Mərkəzi Bank bu günə kimi banklara 1 qəpik də verməyib. Burada əsas səbəb budur”.

Biznes kreditlərinə gəlincə, iqtisadçı vurğuladı ki, bu məsələni də iki yerə bölmək lazımdır: "Bir hissəsi həqiqi biznes kreditləridir ki, sahibkar dollar krediti götürüb , devalvasiyadan sonra vəziyyəti ağırlaşıb və indi qaytara bilmir. Ancaq əksər biznes kreditləri süni kreditlərdir, bank sahiblərinin bilə-bil yaratdığı problemli kreditlərdir. Onlar öz bizneslərinə, yaxınlarına, şirkətlərinə verdiyi kreditlərdir. Bunu müəyyən etmək o qədər də çətin deyil. Harada uzunmüddətli, aşağı faizlə , girovsuz kreditlər varsa, bilin ki, onlar saxta kreditlərdir. O səbəbdən hər iki kateqoriyadan olan kreditə yanaşma fərqli olmalıdır. İlk növbədə saxta kreditlər müəyyənləşdirilməlidir ki, kim tərəfindən kimə verilib. Bu məsələni artıq aidiyyatı dövlət orqanları vasitəsilə etmək mümkün deyil, çünki mümkün olsaydı indiyə kimi edərdilər. Bəzilərinin burada maraqları da var. Burada ictimai bir qurum yaradılmalı, oraya həm dövlət qurumları, həm də ictimaiyyət nümayəndələri, mətbuat işçiləri daxil edilməlidir. Bu cür kreditlərim siyahısı müəyyən olunmalı, fərq qoyulmadan pullar qısa müddətdə geri tələb edilməlidir. Banklarda da həmin kreditlərin verilməsində iştirak edən bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. Mən hesab edirəm ki, bu qəti tədbirlər tətbiq olunsa, həmin süni kreditlərin böyük əksəriyyəti qayıdacaq. Biznes kreditlərinin böyük əksəriyyəti məhz belə kreditlərdir. Bu cür sərt addımlar atılsa problemli kreditlərin xeyli hissəsi həllini tapacaq. Ondan sonra həqiqi problemli kreditlərə dövlət güzəşt tətbiq edə bilər. 10 min dollaradək borcu olan vətəndaşlara necə güzəştlər tətbiq edildisə, həqiqi kredit sahibi olan sahibkarlara da eyni güzəştlər tətbiq oluna bilər. Bu işlər çox zaman tələb etmir, təxminən 1 ilə tam həll etmək olar”.

Mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarının da mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook