SON XƏBƏR

“Azərbaycandakı yəhudi dini icmalarının birləşdirilməsi yaxşı olardı” - Melix Yevdayev

Avqust 01
14:53 2017
Qlobal.az Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayevin "Report"a müsahibəsini təqdim edir:
 
- Melix müəllim, Azərbaycanda yaşayan yəhudilər haqqında məlumat verməyinizi istərdik...
 
- Qeyd edim ki, Süleyman peyğəmbərin Yerusəlimdə inşa etdirdiyi ilk məbəd eramızdan əvvəl 587-ci ildə II Navuxodonosorun qoşunları tərəfindən dağıdılır. Bundan sonra yəhudilərin bir hissəsi dünyaya yayılıb. İsrail oğulları Babilistana aparılır.
 
Allah tərəfindən Musa peyğəmbərə yəhudi xalqının Misirdən çıxarılması missiyası verilmişdi. 400 illik əsarətdən sonra Misirdən 600 mindən çox yəhudi çıxıb. Amma onların hamısı gedib Yerusəlimə çatmayıb, bəziləri müxtəlif yerlərdə məskunlaşıblar.
 
Dünyaya Şərq dövlətlərindən yayılan yəhudilər sefard yəhudiləridir. Azərbaycan ərazilərində yaşayanlar sefard yəhudilərinə aiddir.
 
Onlar Avropa yəhudilərinə nisbətən daha çox şərq xalqlarına bənzəyirlər. Ümumiyyətlə, dünyada yəhudiləri əsasən sefard və aşkenazlar adlandırırlar. Avropada məskunlaşmış yəhudilərə aşkenazlar deyirlər. Biz 20 əsrdən çoxdur ki, Azərbaycan ərazilərinə gəlmişik. Tarixi mənbələr də bunu sübut edir.

Azərbaycanda dağ yəhudilərindən başqa Avropa və gürcü yəhudiləri də yaşayırlar. Avropa yəhudiləri 200-ilə yaxındır ki, Azərbaycandadırlar. Onların gəlişi 18-ci əsrdə Azərbaycanda neftin çıxarılması prosesinə başlandığı vaxta təsadüf edir.
 
Qeyd edim ki, sefardlarla aşkenazlar arasında elə də fərq yoxdur. "Tövrat", milli-mənəvi dəyərlərimiz eynidir. Sadəcə yaşadığımız mühitdən asılı olaraq fərqli mentalitetimiz formalaşıb. Biz Qafqaz mentalitetli insanlarıq.
 
Dağ yəhudiləri təqribən 300 ilə yaxındır ki, Qubada məskunlaşıblar. Onlar Qubada məskunlaşmamışdan əvvəl Şahdağın ətəyində yaşayıblar. Bəlkə də vaxtilə Şahdağın ətəyində yaşadığımız üçün bizə dağ yəhudiləri deyirlər.
 
Quba dünyada yəhudilərin kompakt şəkildə yaşadığları ən böyük yaşayış məskənidir. Onların məskunlaşdığı qəsəbədə vaxtilə 12 mindən çox əhali olub. İndi bu qəsəbənin 4 minə yaxın sakini var.

- Azərbaycanda yaşayan yəhudilərin yerli xalqla münasibətləri necə olub?
 
- Əvvəlcə bir şeyi qeyd etmək istəyirəm ki, Allah-təala tərəfindən Musa peyğəmbərə "Tövrat" Ramazan ayında nazil olub. Həmçinin, Məhəmməd peyğəmbərə də "Qurani-Kərim" Ramazan ayında nazil olub.
 
Azərbaycan xalqı ilə uzun illər boyu elə qardaşlaşmışıq ki, bizi ayırmaq mümkün deyil. Bundan sonra dünyanın harasında yaşasaq da, vətənimiz Azərbaycandır. Azərbaycanda yəhudilərin sayı 30 minə yaxındır. Yəhudilərdə millilik anadan sayılır. Əgər ana yəhudidirsə, uşaq yəhudi sayılır. Yəhudilər Azərbaycanın bütün bölgələrində yaşayırlar. Onların sayı Qubada Şirvanda, Oğuzda daha çoxdur. Biz dil açandan iki dili birlikdə öyrənirik. Yəhudilər rayon yerlərində əsasən Azərbaycan dilində təhsil alırlar. Danışıq dilini isə evdə öyrənirlər. Bakıda tədrisin rus dilində olduğu yəhudi təmayüllü iki orta məktəb var. Həmin məktəblərdə Azərbaycanda təsdiq olunmuş proqramlar əsasında dərs keçirilir. Yəhudilər 2 min ildən çoxdur ki, dünyaya yayılıb, amma milli-mənəvi dəyərlərini, dilini itirməyib. Xüsusilə Azərbaycanda bizə məxsus olanları qoruyub saxlamaq üçün münbit şərait mövcuddur. Bizim icmanın sinaqoqu möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tikilib və 2011-ci ilin mart ayından fəaliyyətə başlayıb. Müsəlman dövlətində Prezidentin maliyyə vəsaiti ilə sinaqoq tikilməsi dünyada analoqu olmayan haldır. Dövlət tərəfindən hər il bütün dini icmalara maddi yardım da ayrılır.

- Azərbaycanda neçə yəhudi dini icması mövcuddur və hansılardır?
 
- Azərbaycanda 8 yəhudi dini icması var. Bunlar Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudiləri Bakı dini icması, Gürcüstan yəhudiləri Bakı dini icması, Sumqayıt yəhudiləri dini icması, Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icması, Azərbaycan yəhudiləri dini icması, Gəncə şəhəri yəhudi dini icması, Oğuz şəhər yəhudi dini icmasıdır.
 
- Bəs Azərbaycandakı yəhudi dini icmalarının birləşdirilməsi fikrinə münasibətiniz necədir?
 
- Hər halda icmaların birləşdirilməsi daha yaxşı olardı. Yəqin ki, vaxtı çatanda bu proses reallaşacaq. Azərbaycan dağ yəhudiləri icmalarının 20 mindən çox üzvü var.
 
- Yəhudi xalqının hansı bayramları var?
 
- Yeni il bayramımız olan Roş-Ha-Şana, Yom-Kipur, Pesax, Sukkot, Şavuot və s. bayramlarımız var. Roş-Ha-Şana sentyabr ayında qeyd olunur və 2 gün davam edir. Roş-Ha-Şana bayramından 10 gün sonra Yom-Kipur bayramı başlayır. Pesax bayramı 8 gün davam edir. Bu bayramdan yeddi həftə sonra Şavuot bayramı başlayır.
 
Bizim müqəddəs "Tövrat"da yazılır ki, Allah dünyanı 6 günə xəlq edib, 7-ci gün isə istirahət etmişdir. Bu da şənbə gününə təsadüf etdiyindən həmin gün yəhudilər üçün müqəddəs gündür. Yəhudilərdə şabat günü bayramların bayramı sayılır. Ona görə də Şənbə günü (Şabat) bayram kimi qeyd olunur. Yəhudilər ilin ayrı-ayrı zamanlarında 20 günə qədər oruc tuturlar. Bizdə oruc 24 saatlıqdır.

- Yəhudilərin müqəddəs "Tövrat"ında neçə nəsihət var və onların hamısına əməl etmək mümkün olurmu?
 
- Yəhudilik millilik deyil, həyat tərzidir. Allah müqəddəs "Tövrat"ı nazil edəndə 10 nəsihət olub, sonradan müdriklər tərəfindən nəsihətlərin sayı artırılıb. Hazırda 613 nəsihət var. Gündəlik həyatda onların hamısına əməl etmək vacibdir. Onlardan 365-i qadağanedici, 248-i isə icazəvericidir.
 
- Yəhudilərin övladlarının təhsilinə xüsusi önəm verdiyi söylənilir. Şəxsən öz həyatınızda bu qaydaya necə əməl edirsiniz?
 
- Doğrudur, yəhudilər təhsilə çox böyük önəm verirlər. Mən Qubada doğulmuşam, orta məktəbi Azərbaycan dilində bitirmişəm. Texniki Universitetdə Azərbaycan dilində, Belarus Xalq Təsərrüfatı İnstitutunda rus dilində təhsil almışam. Uzun illər Yüngül Sənaye Nazirliyində çalışmışam. Təqaüdə çıxdıqdan sonra icmaya sədrlik etməyim məsləhət görüldü və qəbul etdim. 6 ilə yaxındır bu vəzifəni icra edirəm.

- Bir az da adət-ənənələrinizlə bağlı məlumat verməyinizi istərdik. İbadət tərzi, ailə münasibətlərinin tənzimlənməsi hansı formada həyata keçirilir?
 
- Biz həyatımız boyunca bir dəfə evlənməyə çalışırıq. Yəhudi kişilərinin baş geyimi olan kipa milli kimliyimizi göstərir. Biz sinaqoqda oturaq dua edirik. Xazan "Tövrat" oxumaqla əyləşənlərin dualarını Allaha çatdırır. Yəhudilərdə körpənin 8 günlüyündə sünnət olunması tövsiyə olunur.
Ailə başçıları bir-birinə çox böyük dəyər verir. Ana və ata övladın qarşısında bir-birinin hörmətini saxlayırsa, övlad da böyüyəndə həmin yolla gedər.
 
- Hazırda yəhudilər daha çox hansı ölkələrdə yaşayırlar?
 
- Dünyada yəhudilərin sayı 16 milyona yaxındır. Onların içində dağ yəhudilərinin sayı 200 minə yaxındır. Bəzən yəhudilər başqa xalq kimi qeydiyyata alınır. Amma yəhudulikdə millilik anadan başladığı üçün anası yəhudi olanların hamısı yəhudi hesab olunur. Ümumiyyətlə, demək olar ki, dünyanın bütün ölkələrində yəhudilər yaşayırlar. Hansısa xarici ölkədə qohumu olmayan yəhudi ailəsi tapmaq çətindir. Qəribçiliyi biz seçmirik. Bu, Allah tərəfindən bizim üçün yazılmış qismətdir.
Türkiyənin Ədirnə şəhərində 1907-ci ildə tikilmiş min nəfərlik sinaqoq dövlət tərəfindən təmir olundu. Həmin sinaqoqun təmirdən sonra açılışında iştirak edirdim. Minlərlə yəhudinin necə sərbəst şəkildə sinaqoqa axışmasının şahidi oldum. Bir tarixi faktı da qeyd edim. Vaxtilə yəhudilər İspaniyadan çıxdıqdan sonra türk sultanı onları qəbul edib.

- Ermənistanda yəhudilər yaşayırmı?
 
- Ermənilər 100 nəfərə qədər yəhudinin olduğunu deyirlər...
 
- Azərbaycanda yəhudilərin rahat yaşaya bilməsi üçün şərait varmı?
 
- Biz uzun əsrlərdir ki, Azərbaycanda yaşayırıq. Yəhudi xalqından olan şəhidlərimiz, milli qəhrəmanımız var. Azərbaycanda dilimizi, dinimizi saxlamaq üçün hər cür şərait var. Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş bütün haqlarımızdan ölkə vətəndaşı kimi tam istifadə edə bilirik. Azərbaycan Prezdenti İlham Əliyev hər bir vətəndaşın prezidenti olduğunu deyir. Biz bunun əməldə icrasının tam mənası ilə şahidi oluruq. Biz də bütün sahələrdə fəaliyyətimizlə Prezidentimizə dəstək oluruq, onun daxili və xarici siyasətini bəyənirik. Bir sıra müsəlman ölkələrində xalq güllə yağışının altında yaşayır. Amma biz bu gün Azərbaycanda dinc şəkildə yaşayırıq. Bu sülh şəraitini təmin edən isə möhtərəm Prezidentimizdir. Hələ vaxtilə ulu öndər deyib: "Yəhudilər Azərbaycanda tam əmin-amanlıq şəraitində yaşaya bilərlər”.
Yəhudilər başqa ölkələrə getsələr də, Azərbaycanla əlaqəni kəsmirlər, azərbaycanlı olduğumuzu da danmırıq. Azərbaycanla fəxr edirik. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook