SON XƏBƏR

Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?

Noyabr 15
16:58 2019
Son dövrlər yenidən gömrükdə rast gəlinən neqativ halların, gömrük orqanlarından şikayətlərin artması müşahidə olunmaqdadır. Bununla bağlı demək olar ki, hər gün mətbuatda yazılar dərc olunur. Gömrük əməkdaşlarının bir çoxunun vətəndaşlarla kobud rəftarı, onlardan əsassız rüsumlar tələb etməsi, verməyənlərin mallarının qanunsuz olaraq əllərindən alınmasına dair çoxsaylı iddialar, faktlar var.

Hətta bir qədər əvvəl "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələri) gömrükdə müəmmalı şəkildə yoxa çıxdığından, Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd etmişdi…

Bu günlərdə – noyabrın 13-də gecə reysi ilə Naxçıvandan Bakıya qayıdan "AzPolitika.info” saytının əməkdaşı Xeyrulla Əliyev də Hava Limanının gömrüyündə oxşar qanunsuzluqla üzləşib. Belə ki, Naxçıvanda dostlarının ona bağışladığı televizoru gömrükdə əlindən alıblar. Və ondan rüsum ödənilməsini tələb ediblər. Səbəbini öyrənmək istədikdə isə, gömrük əməkdaşları bunun rəhbərliyin tələbi olduğunu bildiriblər.

Xeyrulla Əliyev problemin səbəbini öyrənmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin köməkçisinin  yanına gedib. Əkbər adlı rəisin köməkçisi isə Naxçıvandan gətirilən malların da gömrük rüsumuna cəlb edildiyini bildirərək, ondan tələb olunan vəsaiti ödəməsini istəyib.

Xeyrulla Əliyev ölkə daxilində şəxsi istifadə üçün gətirdiyi bir mala görə rüsum alınmasının qanunsuz olduğunu desə də, buna əhəmiyyət verilməyib. "Get hara istəyirsən, şikayət et” deyə onu otaqdan çıxarıblar.

Xeyrulla Əliyev mətbuat vasitəsilə ölkə Prezidenti İlhm Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edərək, Hava Limanının Gömrük İdarəsinin əməkdaşları tərəfindən əlindən alınmış televizorunun geri qaytarılmasını təmin etmələrini xahiş edir.

Qeyd edək ki, vətəndaşın ölkə daxilində öz malını bir yerdən başqa bir yerə aparmasına görə gömrük rüsumunun alınması absurddur. Naxçıvan da Azərbaycan ərazisi olduğundan, Xeyrulla Əliyevdən şəxsi istifadə üçün gətirdiyi televizora görə rüsum tələb edilməsi qanunsuzdur. Belə görünür gömrük əməkdaşları ya Naxçıvanı Azərbaycandan ayırıblar, ya da öz şəxsi maraqları üçün vətəndaşları incidirlər. Yəqin ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu məsələyə aydınlıq gətirəcək!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook