SON XƏBƏR

Bahalı həyat yaşamağı sevən gənc şirkət rəhbərinin məhkəməsindən REPORTAJ

Fevral 23
06:05 2020
Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə, gəncləri Türkiyədə təhsil almağa göndərmək adı ilə aldatmaqda suçlanan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə iclasında zərərçəkmiş valideynlərin şikayətləri dinlənilib, şahidlər ifadə verib.

Qlobal.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 28 yaşlı Rüstəm Kərimzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər pullarını geri ala bilmədiklərini deyirlər.

Buna səbəb isə pulların ayrı-ayrı şəxslərdə olması göstərilir.

Rüstəm Kərimzadə zərərçəkmiş şəxslərdən pul almadığını, rəhbəri olduğu şirkətin digər əməkdaşlarının aldığını söyləyir.

Şirkətin əməkdaşlarından biri olan Hikmət Məmmədov da məhkəmədə dindirilib. Onun ifadəsindən məlum olub ki, şirkətdə söz sahibi şəxslərdən biri olub. Amma o israrla qeyd edib ki, heç kimdən pul almayıb, heç kimə xaricdə təhsillə bağlı vəd verməyib.

Amma məhkəmədə məlum olub ki, zərərçəkmişlər bu işdə Hikmət Məmmədovu da günahkar görürlər. Çünki onlara övladlarını Türkiyəyə göndərmək sözünü Bakıda məhz Hikmət Məmmədov verib.

O da məlum olub ki, pulların bir qismi də şirkətin digər söz sahibi olan şəxslərindədir və onlar da işin Türkiyədəki hissəsini həll edirmişlər. Onlar hazırda da Türkiyədədirlər.

Zərərçəkmiş valideynlər musavat.com-a danışarkən deyiblər ki, Rüstəm Kərimzadə və şirkətin digər söz sahibi şəxsləri özlərini çox kibirli aparırmışlar: "İnsanlara yuxarıdan aşağı baxırdılar. Sanki biz bunlardan asılıyıq. Halbuki aldıqları pulun qarşılığında iş görürdülər. Rüstəm özünü zəngin şəxs kimi aparırdı. Hər gün lüks həyat yaşayırdı. İşçilərə ən bahalı restoranlarda qonaqlıq verirdi. Deyirdi ki, mən bahalı həyat yaşamağı sevirəm. Təsəvvür edin ki, adamlar bizdən pulu alırdılar, amma heç bir iş görmədən həmin pulları xərcləyirdilər. Rüstəm məhz bunlara görə içəridədir. Bu, Rüstəmin ilk cinayəti deyil. Onun barəsində daha əvvəl də cinayət işi açılıb. Eyni əməlinə görə Nərimanov Rayon Məhkəməsi onu cərimələyib. Birinci işdən pul cəriməsi ilə canını qurtardığı üçün belə rahatdır. Bizə də deyir ki, içəridə onun üçün heç bir problem yoxdur. Keçən məhkəmədə dəmir barmaqlıqlar arxasında deyir ki, heç nə vecinə deyil. Adam çox rahat və özünə əmindir.

Bir məsələni də qeyd edək ki, Rüstəm aldadıb Türkiyəyə çağırdığı uşaqları orada hədələyib. Təsəvvür edin ki, camaatı təhsil adı ilə Türkiyəyə çağırıblar. 15-20 gün orada boş-boşuna gəzdirdikdən sonra əliboş geri qaytarıblar. Şikayətçi olanları isə Türkiyədə görüşə dəvət edib hədələyiblər.

Çox valideynin uşağı psixoloji gərginlik keçirir. Bizim uşaqlarımız çox böyük sarsıntı yaşadı. Onlar universitetə qəbul olduqlarını düşünürdülər, onlar üçün Bakıda qonaqlıq təşkil edib Türkiyəyə yola saldıq. Amma dərslər başlayandan 10-15 gün sonra geri qayıtdılar. Zərərçəkmiş uşaqlardan intihar etmək istəyən də oldu, utandığı üçün ölkəyə qayıtmaq istəməyən də".

Məhkəmə iclasında ifadə verən zərərçəkmişlərin bəzilərinin dediklərindən isə aydın olub ki, universitetə qəbul üçün verdikləri ödənişi Rüstəm Kərimzadədən geri ala biliblər. Həmin məbləğləri Rüstəm Kərimzadənin yaxınları ödəyib. Bir hissəsini isə Rüstəm həbs edilməmişdən əvvəl özü zərərçəkmişlərə qaytara bilib.

Amma zərərçəkmişlər bununla razılaşmır. Deyirlər ki, onlara əlavə zərər də dəyib və bu da ödənilməlidir. Zərərçəkmişlər Türkiyəyə gedərkən 250 manat yol xərci və 200 manata yaxın kirayə haqqının da ödənilməsini istəyirlər.

"Bizi Türkiyədə qarşılamalı idilər, ancaq heç kim qarşılamadı. Bizi pulsuz tələbə yataqxanasına yerləşdirəcəklərini demişdilər. Amma biz aylıq 100 dollara yataqxanada qalmalı olduq"- deyə zərərçəkmişlər bildirib.

Hakim deyib ki, Rüstəm Kərimzadəyə qarşı irəli sürülən ittihamda yalnız qəbul üçün ödənilən 500-1000 manatlıq məbləğlər qeyd edilib. Əgər zərərçəkmişlər istəyərsə, mülkü qaydada məhkəməyə müraciət edərək digər məbləği də tələb edə bilərlər.

Zərərçəkmişlərdən bəziləri Rüstəm Kərimzadədən şikayətçi olmadıqlarını deyiblər. Bildiriblər ki, pulu başqa şəxslərə veriblər.

Qeyd edək ki, Rüstəm Kərimzadə "Elit Academy” şirkətin rəhbəri olub. Şirkət tələbələri Türkiyədə universitetlərdə təhsil almağa göndərirmiş. Rüstəm Kərimzadə həmçinin Bakıda ilk dəfə "Galatasaray" futbol klubunun rəsmi mağazasının (GS Store Azerbaycan) nümayəndəliyinin də rəhbəri olub.

İttihama görə, Kərimzadə xeyli insandan təhsilə göndərmək adı ilə pul alaraq onlara qarşı dələduzluq edib.

Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu cinayət işi üzrə 35 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmiş valideynlər "Elit Academy” şirkətilə müqavilə bağlasalar da övladlarının müqavilənin şərtlərində göstərilən universitetlərə qəbul ola bilmədiklərini deyirlər.

Onlar deyir ki, şirkət təkcə Türkiyəyə avtobusla gediş haqqı üçün bir nəfərə 250 manat pulu alıb. Əksəriyyəti isə Türkiyəyə gedərkən övladlarının adının siyahıda olmadığını öyrəniblər.

Rüstəm Kərimzadə özünü "Elit Academy”nin 5 ölkədəki rəhbəri kimi təqdim edib. Vətəndaşlar ondan şikayət edən zaman Özbəkistanda olub.

Rüstəm Kərimzadə həbs edilməmişdən əvvəl bildirib ki, onların yeganə problemi Çanakkale Universiteti ilə yaranıb. 16 tələbə yolda olarkən universitet imtina edib.

Kərimzadə deyib ki, Çanakkale Universiteti 38 tələbəni qəbul edəcəyinə dair məlumat versə də, sonradan yer olmadığını bildirib: "Şikayət etməyimizə, imza toplamağımıza baxmayaraq, universitet məsuliyyətdən boyun qaçırdı. Əlimizdə buna dair rəsmi yazışmalar və onların sübutu var. Buna baxmayaraq, şirkətimiz vəziyyətdən çıxdı və 38 nəfərin 31 nəfərini öz razılıqları ilə Türkiyənin digər universitetlərinə yerləşdirdi. Geri qalan 7 nəfərin ödənişi də hissə-hissə qaytarılır.

Son olaraq Giresun Universitetində də oxşar halla rastlaşıldı. Universitet 32 nəfər tələbənin 15-ni qəbul etdi. Geri qalan 17 nəfərin isə 8 nəfəri Giresuna qonşu şəhər olan Rize şəhərinə yerləşdirilir və qalan 9 tələbələrə də eyni şəhər təklif olunur və çox güman bu uşaqlar da tələbə adını qazanacaq. Görüldüyü kimi, problemi həll edilməyən sadəcə 7 nəfər var.

Təəssüf ki, mediada yayılan bəzi xəbərlərdə, bu rəqəmlər qeyri-peşəkar şəkildə şişirdilərək, 50-60 nəfər kimi göstərilir. Şirkətimizi dələduzluqda ittiham edilir. Bildiyimiz kimi dələduzluq edən şirkətlər adətən böyük məbləğdə pulu alır və qaçır. Bizim problemli tələblərimizin sayının maksimum 16 (9+7) nəfər olduğunu və xidmət haqqının sadəcə 499 azn olduğunu nəzərə alsaq , 7984 (24x499) manat heç şirkət işçilərinin maaşını ödəmir. Və bu məbləği mənimsəmək üçün heç bir şirkət tələbəni aldatmaz və ən gülməlisi Türkiyəyə aparmaz. Şirkətimizin qarşılaşdığı bu fors-majordan istifadə etmək istəyən bəzi valideynlər 499 azn ödəməsinə baxmayaraq, bizdən 1000-5000 manat arası məbləğdə pul tələb edir. Pulunun yarısı ödənən şəxslər, onlara pul ödənmədiyinə dair açıqlama verir. Hətta bəzi şəxslər özlərini tələbənin əmisi, dayısı ,xalası kimi təqdim edərək pul tələb edir. Bu kimi halların qarşısını alınması və ödənişlərin şəffaf şəkildə qaytarılması üçün şirkət rəhbəri müqaviləsi olan şəxslərin pulunun qaytarılacağını açıqlayıb”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook