SON XƏBƏR

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Mart 06
12:33 2020
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. Bəxtiyar Əsgərov Azərbaycan xanımlarının həmişə sədaqət, həya, təmkin, ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olduğunu bildirib. Qeyd edib ki; "bu gün bir çiçək, yaxud bir kəlmə sözlə təbrik etdiymiz xanımlar, əslində, həyatımızın ən ağır, şərəfli, məsuliyyətli yükünü çiyinlərində çəkən müqqədəs nənələrimiz, analarımız, bacılarımız, vətənimiz qədər sevdiyimiz, qoruduğumuz ləyaqətli Azərbaycan xanımlarıdır. 8 Mart -Beynəlxalq Qadınlar Gününün hər il Azərbaycanda geniş şəkildə qeyd olunduğunu bildirən daimi nümayəndəliyin rəhbəri bildirib ki, qadın adı ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Tariximizin hər bir səhifəsi Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımızın misilsiz xidməti olmuşdur. Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənilmiş,ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çox¬əsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.

Bəxtiyar Əsgərov qeyd edib ki; "Ölkəmizdə dövlət qadın siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmış, onların ictimai-mədəni həyatda yeri daha da möhkəmlənmişdir. Dahi rəhbərin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qadınların dövlət idarəçiliyində təmsilçiliyinə, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına ciddi diqqət göstərilmiş, bu sahənin inkişafını tənzimləyən qanunvericilik bazası yaradılmış, ölkəmiz qadın hüquqlarının qorunması haqqında bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Qurultayının keçirilməsi isə qadınların hüquqlarının qorunmasına, ölkəmizin sosial və siyasi həyatında onların iştirakına, xüsusilə dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasına şərait yaratmışdır. Ulu öndər qadınların xalqımızın tarixində yerini və rolunu yüksək qiymətləndirərək deyirdi: "Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Bu gün dövlət qadın siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev ictimai-siyasi və iqtisadi-mədəni həyatda qadınların təmsilçiliyinin genişlənməsinə mühüm diqqət yetirir. Qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Azərbaycan qadınları bütün sahələrdə kişilərlə birlikdə çalışır, öz qabiliyyət və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanın qədim və zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri vardır. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər”.

Bəxtiyar Əsgərov tarixə nəzər salaraq, qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etirazı ilə başlanan azadlıq ideallarından bəhs etmişdir; "8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə on beş min qadın, daha az iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi".

Daimi nümayəndəliyin rəhbəri bildirmişdi ki; "1910-cu ildə, 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir xanım alman sosialist Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart Gününün Dünya Qadınlar Günü kimi qeyd olunmasını təklif etmiş və bu təklif qəbul edilmişdir.”

Bəxtiyar Əsgərov qeyd etdi ki; "Beynəlxalq Qadınlar Günü Azərbaycanda da hər il qeyd edilir. Hələ keçmiş SSRİ dövründə 1965-ci ildən 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi də məhz xanımların adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda xanımların yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin inam gününə çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Qədimdən bu günə Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, xalqımızın namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.”

Bəxtiyar Əsgərov vurğulamışdır ki: "Bir daha qeyd edirəm ki,ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, lider qadınların yetişməsinə şərait yaradırdı. Böyük Heydər Əliyev deyirdi: "Qadınlar əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar.””

Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf etmiş və etməkdədir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir.

Bəxtiyar Əsgərov qeyd etmişdir ki; " Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin tam ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətmizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoymaqdadır. Ulu öndərimiz tərəfindən əsası qoyulan dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu gün müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Sevindirici haldır ki, muxtar respublika qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında fəaliyyət göstərir, məsul vəzifələrə irəli çəkilirlər. Muxtar respublikada təhsil səhiyyə, mədəniyyət sahələrində minlərlə qadın fəaliyyət göstərir. Onlar öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq vətəndaşlar kimi yetişməsi işinə, insanların sağlamlıqlarının qorunmasına, mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər. Bir sözlə, muxtar respublika qadınları öz fəaliyyətləri ilə Naxçıvanın sosial-iqtisadi, ictimai-siyasi həyatında yaxından iştirak edir, öz layiqli töhfələrini verirlər.”

Sonda xanımları bir daha 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Bəxtiyar Əsgərov çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fikirləri ilə tamamlamışdır: " Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəlişi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının müqəddəs tutulması səbəbsiz deyil. Əsas səbəblərindən biri qədim türk adət-ənənələrinin yaşadılmasıdırsa, ikinci səbəbi isə müqəddəs dinimiz olan islam dinidir. Bu dinin ehkamları da qadına, qıza və anaya yüksək ehtiram ifadə etmiş, Qurani-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılması mənəvi öhdəlik kimi qoyulmuşdur.”

Xanımlara hədiyyələr təqdim olunmuş,xatirə şəkli çəkilmişdir.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook