SON XƏBƏR

“Baku Steel Company”dəki ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıldı

Aprel 05
10:32 2021
Aprelin 4-də saat 21 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "Baku Steel Company” MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlunun idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə iri həcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gəlmiş Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü kimi işləyən Şahin Babayevin idarə etdiyi "Kamaz” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook