SON XƏBƏR

Bankların istehlak krediti kampaniyaları “tüğyan edir”: Yeni böhran təhlükəsi...

Noyabr 19
15:58 2019
Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədən sonra gündəmdə olan məsələlərdən biri də istehlak kreditlərinin həcminin azaldılmasıdır. Xatırladaq ki, sözügedən müşavirədə ölkə başçısı istehlak kreditlərinin yenidən artmasından narahatlıq ifadə etmişdi: 

"Azərbaycanın bank sektoru iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illər yenə də istehlak kreditlərinin məbləği artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”. 

Həmin çıxışdan sonra hər kəs istehlak kreditlərinin azalacağını gözləsə də, müşahidələr əksini deməyə əsas verir. Bir sıra banklar nəinki istehlak kreditlərini azaldıb, əksinə yeni-yeni kampaniyalarla bu sahədə aktivliyi artırıblar. Bu cür banklar arasında "Unibank”ın, "Accessbank”ın, "Bank of Baku”nun, "Beynəlxalq Bank”ın adlarını çəkmək olar. 

Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, "Unibank”ın sonuncu kredit kampaniyası Dövlət Bayrağı gününə təsadüf edib. Belə ki, noyabrın 6-dan 8-dək banka müraciət edən hər kəsə 20 min manata qədər faizsiz və kommersiyasız kreditin veriləcəyi "Unibank”ın reklamlarında əksini tapıb. Eləcə də "Accessbank”ın bir gün əvvəl elan etdiyi kampaniya bank sektorunda çalışan şəxslərin 14 dekabradək müraciət edərək 17 faizdən başlayan illik faizlə kredit götürmək imkanına malik olması haqdadır. "Bank of Baku” müəllimlər üçün, "Beynəlxalq Bank” isə Konstitusiya Günü ilə əlaqədar olaraq noyabrın 15-dək elan etdiyi kampaniya çərçivəsində müştərilərə 20 min manatadək nağd kredit təklif edirlər. Üstəlik, adları çəkilən bankların hər birinin kredit kartları ilə bağlı reklamlar istər TV-lərdə, istərsə də sosial şəbəkələrdə, onlayn mediada "göz çıxarır”. 

Məlumat üçün bildirək ki, 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür. Rəsmi statistikaya görə, 2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Statistika heç də ürəkaçan deyil və ölkə başçısının çıxışında deyildiyi kimi, bank sektoru risklə üz-üzədir.

"Banklar üçün ən rahat yol istehlak kreditləridir”

Banklar niyə istehlak kreditləşməsinə meyl edirlər? Qaynarinfo sualla bağlı ekspertlərin fikirlərini öyrənib. Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, ölkədə yeni müəssisələrin, iş yerlərinin açılmaması son nəticədə iqtisadi artımın azalmasına səbəb olur ki, bu da bankların biznes üçün kreditlər verməməsinə gətirib çıxarır: 

"Hazırda banklar üçün ən rahat yol istehlak kreditləridir. Çünki bank istehlakçının aylıq maaşlı işçi olduğunu bilir. Krediti  götürən istehlakçı isə bank qaydalarına uyğun olaraq hər ay vaxtlı-vaxtında kreditini ödəyəcək. Yəni burada müştəri ilə bank ayaqlaşır. Amma hər hansı müəssisədə belə deyil. Sahibkarın götürəcəyi məbləğ milyonları əhatə edə bilər. Əvvəllər sahibkarların gəlirliyi çox idi. Ona görə də yüksək faizlə kredit götürə bilirdilər. İndi isə bu barədə fərqlilik var. Sahibkar  düşünür ki, əgər milyon manat kredit götürsəm, gəlirliyim olmasa, bu halda, pulu banka necə ödəyəcəm? Ona görə də banklar adi vətəndaşlara kredit verməkdə daha maraqlıdırlar”. 

Ekspert düşünür ki, istehlak kreditlərini qaytarmaq daha asan olduğundan banklar hədəflərini daha çox bu sahəyə yönəldir. Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən elə banklar var ki, sadə vətəndaş krediti qaytara bilməsə, müəyyən vasitələrlə icra məmurlarıyla, kollektorlarda işləyən qoluzorlu qoçularla vətəndaşdan həmin pulu geri ala bilirlər: 

"Amma sahibkarla məsələyə gəlincə bu, belə deyil. Belə demək mümkünsə, banklar sahibkarlardan çəkinir. Çünki məhkəmə proseslərində qalib gələn tərəf sahibkarlar olur”. 

Əkrəm Həsənov bu məsələnin həllində Maliyyə Bazarlarına Nəzarət Palatasının atdığı addımı uğursuz dəyərləndirib: "Ümumiyyətlə, hər bir bankın bazasında minimum 50 milyon manat kapitalı olmalıdır. Prezidentin də keçirdiyi müşavirədən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası kapitalın hesablanması və kapital adekvatlığı qaydalarına müəyyən dəyişiklik edib. Bu dəyişiklikdə bankın verdiyi kreditlərlə kapitala olan nisbəti müəyyən səviyyəsini keçməməlidir. Həmin kreditlər də hesablanarkən risk dərəcəsinə vurulur. Hansı kredit daha çox risklidirsə, onun əmsalı da bir o qədər çox olur. İstehlak kreditlərinin risk dərəcəsini artırmaq, biznes kreditlərində isə bu əmsalı azaltmaqla hər hansı uğura nail olmaq mümkün deyil. Biznes kreditlərinin risklərinin daha çox olması hamıya məlumdur. Bu gün Azərbaycanda istehlak kreditlərinin böyük hissəsi daha çox texniki məişət əşyalarıdır. Bunlar da kredit kimi yox, nisyə alqı-satqı kimi rəsmiləşdirilir. Ticarət şəbəkəsi həmin pulu bankdan kredit kimi götürür. Bu dəyişikliklə vəziyyət daha da acınacaqlı olacaq. Çünki banklar biznes kreditlərini ticarət şəbəkəsinə verəcək. Ticarət şəbəkəsi də məhsulları istehlakçılara nisyə verəcək. Mahiyyət etibarilə də bu istehlak kreditləri olacaq.  Gələcəkdə istehlakçılar ticarət şəbəkəsinin pulunu verə bilməsə, nəticə olaraq, həmin şəbəkə bankın pulunu qaytara bilməyəcək”. 
Ekspertin fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara ticarət şəbəkələrinə kredit verilməsinə məhdudiyyət qoymalı və həmin şəbəkələrin də istənilən şəxsə nisyə mal satmağı barədə qanuna dəyişiklik etməlidir”.

Bankların biznes kreditlərinə önəm verməməsinin bir neçə səbəbi var

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, növündən asılı olmayaraq, bankların bir istiqaməti də krediti verməkdir: "Doğrudan da bu gün ölkədəki banklar istehlak kreditinə daha böyük önəm verirlər. Müşahidərimizdə istehlak kreditlərinin payının 44 faiz olduğunu görürük. Bu, o deməkdir ki, ölkə iqtisadiyyatına ayrılan hər 100 manatın 44 manatı istehlak kreditlərinə yönəlir. Bankların biznes kreditlərinə önəm verməməsinin bir neçə səbəbi var. Onlardan birincisi riskdir. İstehlak kreditlərinin riski çox aşağıdır. Bundan başqa, istehlak kreditlərini əhalinin vaxtında qaytarması amili olduğu halda, biznes kreditlərində bu olmur. Çünki biznes kreditləri daha çox şirkətlərə, sahibkarlara verilir. Şirkətlərdən də pulu geri almaq çox hallarda problemlər yaşadır. Bundan başqa, hazırda sahibkarların bizneslərini genişləndirmək üçün bir o qədər də imkanı yoxdur. Banklar da kapitalını biznesə yatırmaq istəmir. Çünki biznesin uğursuz olma ehtimalı gözlənilir. Bu baxımdan istehlak kreditlərinin riski çox azdır. Eyni zamanda istehlak kreditlərinin faizi biznes kreditlərinin faizi ilə nisbətdə daha çoxdur. İstehlak kreditlərinə tətbiq edilən faiz nisbətini biznes kreditlərinə tətbiq etsək, səmərəsiz nəticə verə bilər. Digər tərəfdən, biznes kreditləri daha çox maliyyə tələb edir. Biznes kreditləri üçün minimal kredit 10000-dən 100000, hətta milyonlarla vəsaitə qədər ola bilər. Bankın da əlində bu qədər maliyyə olmaya bilər. İstehlak kreditlərində isə minimal kredit bir neçə mindən bir neçə on min təşkil edə bilər. Buna görə də banklar istehlak kreditləri verməkdə daha maraqlıdır”. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook