Berdıməhəmmədov koronavirusa görə əmr imzaladı: Xalq üzərlik tüstüsünə veriləcək
Mart 17
14:51
2020
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov əhalinin üzərlik tüstüsünə verilməsinə dair tədbirlərin keçirilməsini əmr edib. "Azadlıq" radiosunun Türkmən xidməti xəbər verir ki, prezident bu göstərişini dövlət inkişafının prioritetlərinə həsr olunmuş müşavirədə səsləndirib.
Berdıməhəmmədov deyib ki, üzərlik tüstüsü gözə görünməyən virusların insan orqanizminə daxil olmasının qarşısını alan səmərəli vasitədir.
Bu müşavirədə ölkənin səhiyyə naziri Nurməhəmməd Amanapesov və baş nazirin əhalinin sağlamlığına cavabdeh olan müavini Purli Ağmuradov hesabat veriblər.
Amanapesov Berdıməhəmmədovun "Türkmənistanın dərman bitkiləri” kitabından sitat gətirərək bildirib ki, yoluxucu xəstəliklərin profilaktikasında xalq təbabətinin metodlarından istifadə etmək zəruridir. Nazir bunu da deyib ki, otaqların üzərlik tüstüsünə verilməsi, habelə acı istiotdan və başqa bitkilərdən istifadə bakteriyaların məhv edilməsinə kömək edir.