SON XƏBƏR

“Bütün yəhudilərin ürəyi azərbaycanlılarla döyünür”

Oktyabr 30
13:51 2020
"Azərbaycanın öz tarixi və əzəli torpaqlarını işğalçılardan azad etməsi bütün beynəlxalq konvensiya və qanunlara uyğundur. Ölkəmizin bu haqq davasını nəinki Azərbaycanda olan yəhudilər, ümumən yəhudi xalqı dəstəkləyir”.

Bunu Azvision.az -a açıqlamasında Sumqayıt şəhər Yəhudi Dini İcmasının həmtəsisçisi, Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov deyib. Onun sözlərinə görə, yəhudilər azərbaycanlıların tolerantlığını, multikultural dəyərləri ən yüksək səviyyədə qoruyub saxlamasını həmişə dəyərləndiriblər:

"Yəhudi xalqı ilə Azərbaycan xalqı həmişə bir-birinə dayaq olub. Tarix dəfələrlə sübut edib ki, azərbaycanlılar nəniki burada yaşayan yəhudilərə, ümumən başqa millətlərə də həddindən artıq tolerant yanaşıblar, birgəyaşayışı ən yüksək səviyyədə təmin ediblər. Bu bir həqiqətdir ki, yəhudi xalqı azərbaycanlılara heç vaxt xəyanət etməyiblər. Gördükləri dəyər və hörməti daim qəlblərində yaşadıblar. İsraildə Azərbaycandan getmiş çoxsaylı yəhudi yaşayır və nəinki onlar, dünyanın hər yerində olan yəhudilər Azərbaycan diasporunu, xaricdə lehimizə olan istənilən fəaliyyəti də dəstəkləyirlər. Bu mənada, hazırda Azərbaycanın yaşadığı ağır, amma bu şərəfli günlərdə xalqımız arxada yəhudi nəfəsini hiss edir".

Nəsimi Əbilov qeyd edib ki, son bir ayda Azərbaycanın haqq davasında ona müəyyən dəstək və yardımlar göstərən ölkələr və xalqlar arasında İsrail öndə gedir:

"Azərbaycan bu meydanda öz kürəyini arxayın şəkildə İsrailin, yəhudi xalqının kürəyinə söykəyə bilər. Ermənistan kimi başqasının torpaqlarına göz dikib millətçi siyasət yürüdən ölkələrə heç bir dövlət sonadək dəstək olmaz. Düzdür, hazırda ölkə başçısının da dediyi kimi erməni ordusunun dizini yerə vurmuşuq, son zəfər atəşinə az qalıb. Bütün ərazilərimizi torpaqdan azad etdikdən sonra Ermənistana dəstək olmuş azsaylı ölkələr də bu seçimlərindən peşman olacaqlar. Azərbaycan kimi dünyaya tolerantlıq baxımından nümunə göstəriləcək bir ölkəni özündən uzaqlaşdırmaq bu dövlətlərərin əleyhinə işləyəcək.

Qısası, hazırda təkcə Sumqayıt, Azərbaycan yəhudiləri deyil, ümumdünya yəhudilərinin də ürəyi azərbaycanlılarla bir döyünür. Gözümüz, qulağımız cəbhədən gələn xəbərlərdədir, bundan sonra da istənilən qələbə müjdəsi hər iki xalqı sevindirəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook