SON XƏBƏR

Deputat oğlunun və qohumlarının saxlanılmasını təkzib edir

Avqust 19
14:36 2019
İqbal Məmmədov: "Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır” 

Deputatın Nazirlik əməkdaşlarını döydürməsi barədə məlumat yayılıb.

Məlumatı öncə iqtisadçı-ekspert Qulu İbrahimli özünün feysbuk hesabında yayıb.

Məlumatda deyilir ki, avqustun 18-də Lerikdə yerləşən "Relax” İstirahət Mərkəzinə gedən Nazirlik əməkdaşları içəri buraxılmayıb və döyülüb.

İqtisadçı deyib ki, deputat İqbal Məmmədov ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürdürüb: "İqbal Məmmədov "Relax”a gələn vergi işçilərini döydürüb. O, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. Düşünürəm ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzlu şəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adam özünü də yandırar. Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və Respublika Prokurorluğunun nümayəndəsi Bakıdan Lerikə gediblər. Həbslər var. Hadisəni gizlətmək mümkün deyil. Bu dəfə deputat toxunulmazlığı İqbala kömək etməməlidir”.

Avqustun 19-da "APA” məlumat yayıb ki, Lerikdə "Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

Məlumatda deyilir ki, Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

Hadisə ilə bağlı unikal.org-a açıqlama verən İqbal Məmmədov baş verən hadisəni təxribat adlandırıb: "Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən "Relax”da yoxlama aparırlar. Dava "Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər ki, həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”. 

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: "Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

"Relax” istirahət mərkəzinin direktor müavini Famil Kərimov məsələ ilə bağlı  açıqlama verib. 

Onun sözlərinə görə, hadisə turistlər arasında baş verib: "15 avqust  tarixindən etibarən "Relax” istirahət mərkəzində  Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanılıb. İstirahətə gələn turistlər arasında mübahisə yaranıb. Həmin an vergi işçiləri də orada olub. Hadisə zamanı vergi işçiləri arasında döyülənlər olmayıb”.
 
(toplum.tv)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook