SON XƏBƏR

Deputat qazinin probleminin həlli üçün nazirə müraciət etdi

İyul 13
15:14 2020
Yazıçı, millət vəkili Aqil Abbas Qarabağ qazisi Rəhman Əzizzadənin problemlərinin həlli ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.
 
Millət vəkilinin nazirə ünvanladığı müraciətdə deyilir:

Hörmətli cənab nazir! 

Neçə müddətdir demək olar ki, bütün qəzet və saytlarda Qarabağ qazisi Rəhman Əzizzadənin Sizə və müxtəlif aidi təşkilatlara yazdığı şikayət məktubları dərc olunur. Məsələdən yəqin ki, xəbərdarsınız.
 
2019-cu ilin aprelin 3-də respublikanın 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın hərbçilərlə və qazilərlə görüşü zamanı Rəhman Əzizzadənin də problemləri ilə maraqlanıb və tapşırıq verib ki, Rəhman Əzizzadə mənzillə təmin edilsin. Bu tapşırıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudovla görüşüb. O da qaziyə bildirib ki, tezliklə mənzillə təmin ediləcək. Üstündən 1 il 3 ay keçməsinə baxmayaraq, hələ də qazi evlə təmin olunmayıb. Nəticədə qazi üzünü mətbuat və aidi orqanlara tutub.

Hörmətli cənab nazir!

Qaziyə bu cür laqeyd münasibət haqlı olaraq həm qazilər tərəfindən, həm də xalq tərəfindən xoş qarşılanmır. Özü də indiki həssas məqamda.

Həm də hörmətli Mehriban xanımın tapşırığına Nazirliyin belə laqeyd yanaşması da başadüşülən deyil.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun Rəhman Əzizzadənin müraciəti ilə bağlı mətbuata verdiyi açıqlama da qənaətbəxş deyil.

Bəlkə doğrudan bu qaziyə qanunla ev düşmür. Onda bu qanunu izah edin qaziyə gedib otursun evində-eşiyində.

Hörmətli cənab nazir!

Söz Vüqar Behbudovun və ya Fazil Talıbovun deyil. Söz Sizindir!

Və qazi Rəhman Əzizzadənin respublikanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubu bugünki saytımızda və qəzetimizdə təkrar dərc edirik.

Və sonda. Cənab nazir, onu da nəzərinizə çatdırım ki, Qarabağın azadlığı uğrunda savaş başlayanda səfərbərlik elan olunarsa, bir əli, bir ayağı, bir gözü olmayan, bədənində düşmən qəlpəsi gəzdirən qazilərimiz yenə ön cərgədə vuruşacaqlar. Çünki döyüşmək üçün əl-ayaq, göz o qədər də böyük əhəmiyyət daşımır, əsas ürəkdi. Ürək döyüşür. Qazilər isə o ürəyin sahibidirlər, eləcə də Rəhman Əzizzadə.

Hörmətlə;
Aqil ABBAS,
millət vəkili



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook