SON XƏBƏR

Deputatdan tələb: “İranda türk dilinə status verilsin"

İyul 12
23:29 2020
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Salman Zakir türk dilinin məktəb və universitetlərdə tədris olunmasını, həmçinin Türk Dil Qurumunun təsis edilməsini istəyib.

Bu barədə məlumatı Cebhe. info-ya GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı verib.

Onun sözlərinə görə, "Durna Nyus” saytına müsahibə verən Zakir İran İslam Respublikası konstitusiyanın 15-ci maddəsinin icrasının zəruri olduğunu vurğulayaraq onun sadəcə seçki ərəfəsində gündəmə gəlməsini, səs toplamaq vasitəsi kimi istifadə edilməsini tənqid edib.

"Konstitusiyanın 15-ci maddəsi bütün etnik qruplara aiddir. İranda ən böyük etnik qrupun dili olan türkcənin tədrisi və bu dildə medianın fəaliyyət göstərməsi üçün bu maddənin icra olunması, eləcə də Fars Dili Akademiyası ilə yanaşı Türk Dili Akademiyasının yaradılması zəruridir”-deyə, o bildirib.

Qeyd edək ki, İran Konstitusiyanın 15-ci maddəsində qeyri-fars dillərin tədrisinə icazə verilib. Lakin bir çox İran rəsmisi bu maddəni fərqli şəkildə şərh edərək onun dövlət qurumları üzərinə hər hansı məsuliyyət gətirmədiyini iddia edir.

Millət vəkili ölkədə qeyr-fars dillərin üzləşdiyi təhlükələrə diqqət çəkərək aidiyyəti qurumların bu dilləri qorumaq və gücləndirmək üçün lazımı tədbirləri görməyə, məsələyə ciddi yanaşmağa çağırıb.

Ölkədəki iqtisadi vəziyyət və insanların məişət problemlərinin 15-ci maddənin icrası məsələsinə kölgə saldığını deyən deputat, ana dillərinin tədrisini ölkə üçün təhlükə deyil, fürsət kimi dəyərləndirilməsinin zəruri olduğunu xatırladıb.

Qeyd edək ki, ötən ay Güney Azərbaycanın İran parlamentindəki 31 millət vəkili İslam Şurası Məclisinin rəyasət heyətinə məktub ünvanlayaraq məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb ediblər.

İran rejimi ölkədə müxtəlif dillərin tədrisi üçün milyardlar tümən vəsait ayırır. Halbuki, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir və bunu tələb edən mədəni fəalları uzunmüddətli həbslərlə cəzalandırır.

İranda yaşayan türklər nəinki öz dillərində təhsil almaq hüququndan məhrumdur, onlara ölkə üzrə yayımlanan türkcə qəzet və televiziya təsisinə belə icazə verilmir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook