SON XƏBƏR

Dilqəm Əsgərov: “Şahbaz erməni agentidir, məndə sənədlər var”

Aprel 16
12:56 2021
Bir neçə gündür ki, erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin mübahisəsi davam edir. Onlarla birlikdə girovluqda öldürülən Həsən Həsənovun bir neçə gün öncə doğum günündə Həsənin necə öldürülməsini Dilqəm Əsəgərovdan soruşandan sonra D.Əsgərov Ş.Quliyevin ünvanına ittihamlar səsləndirmişdi.

Dilqəm Əsgərov Moderator.az-a açıqlamasında Şahbaz Quliyevin onları ermənilərə satdığını bildirib:

"Məndə bizim məhkəmələrin qərarı var. Şahbazın danışdıqları, tutulması, bizi satması, ermənilərə "agent” işləməsi orada yazılıb. Mən indiyə qədər susurdum, istəmirdim bu məsələni açıqlayam. Mən indi bu dəfə istəyirəm ki, Şahbazı xalqın öhdəsinə verim. Qoy camaat görsün ki, Bakıda olan ermənilər bu ermənini öyrədib orada məni tutdurdular, Həsəni öldürtdürdülər. İndi də buradakı ermənilər Şahbazı müdafiə edib, onun işlərinin üstünü ört-basdır edir. Amma onlar bilmir ki, üç məhkəmə sənədinin qərarı məndədir. Burada bir məsələ var.

Şahbaz fermaya ermənilərin yanına gedib və orda "Youtube” səhifəsinə girərək mənim şəklimi çıxartdırıb və bütün Ermənistana yaydırıb. Yalandan deyir ki, mən Əsgərovu arxamca çəkdim, vurdum. Düzdür, o, məni bir neçə dəfə vurub və bu əmri də ermənilər verib. Burada Həsənin ölüm məsələsi var. İndi hər şeyi sizə açıqlayacağam.

Həsən ayın 9-da tutulmayıb. Burada əlimdə məhkəmənin sənədləri var. Şahbaz ayın 8-də tutulub, Həsən isə ayın 11-də öldürülüb. Mən isə ayın 14-də tutulmuşam. Bütün bu sənədlərin hamısı məndədir. Mənim haqqımda yazılan kitab da Şahbazın həyat yoldaşı Albinanın əli ilə Qarabağa göndərilib. İndi Bakıdakı erməni "agent”ləri ki, var, həmin o adamlar istəyirlər ki, Şahbazın işlərinin üstü açılmasın. Mən indi bu məhkəmə sənədlərini gətirib Həsənin qardaşlarına verəcəyəm. Onda Həsənin ölümünə cavab versin”. 

Əsgərov daha öncə də dəfələrlə Qarabağa getdiyini, lakin məhz Quliyevi özü ilə apardığı gün ermənilər tərəfindən girov götürüldüyünü qeyd edib: 

"Həsənin başına baxmışam, onun başına tapança ilə atəş açıblar. Həsən özü-özünü vurmayıb. Həsənin qıçından iki güllə dəyib. Şahbaz məni öldürmək istəyirdi. İki dəfə "dubinka” ilə başımdan vurdu və mən paralic keçirdim. Bir tərəfim işləmədi. Qırmızı Xaç Komitəsinin həkimləri ayaqlarımı güclə bərpa etdi. Ondan soruşdum ki, sən məni niyə vurursan? Dedi ki, "çünki günahını boynuna almırsan. Günahını boynuna al”. Amma indi mətbuata açıqlama verib deyir ki, "mən Əsgərovu belimdə daşımışam”. Sən məni haçan belində daşımısan? Mənim onun haqqında Şuşa türməsində ayaqyolunun böyründəki boruya bütün bu məlumatları yazıb qoymuşam. Çünki Bakıdakı ermənilər Şahbaz Quliyev kimi ermənini müdafiə edir. Düşünürdüm ki, ola bilər başıma nəsə gəlsin, ona görə o məlumatları borunun içinə qoydum ki, nə vaxtsa torpaqlar işğaldan azad ediləndən sonra azərbaycanlılar bu məlumatı bilsinlər. Qırmızı Xaç Komitəsinə ərizə yazıb bildirdim ki, bu "agent” olduğuna görə onunla bir otaqda qalmıram. Bakıda bəzi erməni təşkilatlarının üzvləri var və Şahbaz da onların adamıdır. Çalışırlar ki, onu müdafiə etsinlər, amma bu da mümkün deyil. Utanmaz-utanmaz Azərbaycan bayrağını çiyninə taxıb, amma sən o bayrağı məhkəmədə təhqir elədin. İndi gəlib bayraq belində gəzirsən. İyirmi dəfə getmişdim Qarabağa. Bir dəfə Şahbazı apardım və onda da bizi satdı, Həsən də öldürüldü”.

Şahbaz Quliyev ittihamlarla razılaşmayıb:

"Sizin işiniz-gücünüz yoxdur? İki aydır ki, bu mübahisə gedir. O adam dəlidir, xəstəxanaya yerləşdirmək lazımdır. O, dəlidir və məni də əsəb xəstəliyinə salıb. Onu tutdururdumsa, elə orada tutdurardım da. Səkkiz gündən sonra həbs etdirdim?”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook