SON XƏBƏR

“Dini radikallar məqam gözləyirlər, ancaq nəzarətsiz deyillər” - İlham İsmayıl

Oktyabr 17
09:49 2019
"Azərbaycanda dini radikalizm, ekstremizm təhlükəsi həmişə aktualdır. Lakin təhlükənin səviyyəsinin pik nöqtəsi və enmə dövrü olur”. Bu sözləri "Yeni Müsavat”a sabiq MTN polkovniki, təhlükəsizlik mövzusunda ekspert İlham İsmayıl ötən həftə Əfqanıstan, Pakistan və Suriyada döyüşlərdə iştirak etmiş bir qrup azərbaycanlı terrorçunun yaxalanması barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, İŞİD Suriyanın yarısını işğal etmişdi: "Amma getdikcə zəifləməyə və geri çəkilməyə başlayıblar. Azərbaycanda da vəhabi adlanan şəxslər zaman-zaman radikallıq nümunəsi göstəriblər. Sadəcə, xüsusi xidmət orqanlarının sayəsində onların səyləri azalıb. Üstəgəl, İŞİD-ə qoşulan azərbaycanlılardan ölənlər oldu və cəmiyyətdə pis münasibətlə qarşılaşdıqlarını anladılar.Onlar elə bilirdilər ki, guya vuruşub cənnətə düşəcəklər. Gördülər ki, etdikləri mənasızdır. Amma təhlükə hər zaman var. Çünki onlar məqam, zaman gözləyirlər".

İ.İsmayılın fikrincə, vəhabi adlanan həmin adamlar üzdə görünməsələr də, himayədarlarının təlimatına bənddirlər: "Ancaq o demək deyil ki, nəzarətsizdirlər. Mənim fikrimcə, həbslərlə yanaşı maarifləndirmə də olmalıdır.

Dini Komitə bu istiqamətdə formal mübarizə aparır. Dövlətin ciddi diqqəti və proqramı olmalıdır, televiziyalar maarifləndirmə ilə məşğul olmalıdırlar".

Ekspertin sözlərinə görə, həmin dini radikallar üçün millətdən əvvəl hümmət anlayışı gəlir: "Ona görə cəmiyyətdən özlərini ayırırlar, təcrid edirlər, bizi kimi adi adamlarla ünsiyyətdən qaçırlar. Amma onların fəaliyyəti həm də özlərinin başına bəlalar gətirir. İraqda, Suriyada ölənlərin uşaqları başlı-başsız qalırlar”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks mübarizə tədbirləri çərçivəsində "Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulduğu müəyyən edilib.

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilib.

Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu, Abbasov Rasi Yaşar oğlu ifşa olunaraq saxlanılıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook