SON XƏBƏR

Dünyanı xilas etmək missiyası – İlham Əliyev BMT-ni hərəkətə gətirir

İyun 29
10:39 2020
Azərbaycanın dövlət başçısı təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə müdaxilə etmək, dünyəvi proseslərin məcrasına təsir etmək imkanlarına malikdir.

Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı çəkisini daha da artırdı.

Nümunələr yaradan donor ölkə

Ölkəmizin dünyadakı artan nüfuzuna əyani sübut kimi, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünə 130-dan çox dövlət tərəfindən dəstək verilməsini göstərmək olar.

Biz pandemiya dövründə İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin dünya ölkələri tərəfindən dəstəklənməsinə ilk dəfə şahidlik etmirik. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Ardınca aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun "COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Prezidentin hər iki təşəbbüsü çətin dövrdə qlobal həmrəylik və birlik nöqteyi-nəzərdən mühüm addım idi. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsləri dünya ölkələrini "özünəqapanma sindiromu”ndan xilas etdi və dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmağa ilhamlandırdı. Eyni zamanda, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal birliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib və 30-dan çox ölkəyə humanitar yardım göstərib. Bu vaxta qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə donor ölkə kimi ehtiyacı olan ölkələrə 10 milyon dollar dəyərində yardım edib. 

Dünyaya səs salmış çağırış

Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan videokonfransda Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələrinin də iştirak etməsi dövlət başçısının daha qlobal çağırışlarla çıxış etməsinə şərait yaratdı.

Azərbaycan Prezidenti videokonfransda dünya ölkələrinin koronavirus pandemiyasına qarşı birgə mübarizəsinin təşkili məqsədilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması barədə təşəbbüs irəli sürdü. Ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev bu quruma üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterresə müraciət ünvanladı. Qaydalara əsasən, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdən 97 ölkənin razılığı kifayətdir ki, hər hansı təşəbbüs əsasında Xüsusi Sessiya təşkil olunsun. Rəsmi məlumata görə, mayın 4-dən iyunun 27-nə qədər Azərbaycan Prezidentinin təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənib.

Xüsusilə qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu bir qurum heç də həmişə belə təklifləri qəbul etmir və nadir hallarda Baş Assambleyanın Xüsusi Sessiyası çağırılır.

Qlobal müstəvidə Azərbaycanın yeri

Azərbaycan Prezidentinin təşəbbüsünün belə qısa zaman kəsiyində qəbul olunması heç şübhəsiz ki, onun dünya müstəvisindəki yüksək yerinin və mövqeyinin göstəricisidir. Bu həm də onu göstərir ki, Azərbaycanın dövlət başçısı təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə müdaxilə etmək, dünyəvi proseslərin məcrasına təsir etmək imkanlarına malikdir.

Ölkəmizin pandemiya dövründə qlobal həmrəyliyə verdiyi töhfə və ölkə daxilində əhalinin sağlamlığının qorunması istiqamətində görülən genişmiqyaslı tədbirlər sözsüz ki, dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izlənilir. Görülən tədbirlər fonunda ölkə başçısının əhalinin sağlamlığı ilə bağlı etdiyi çağırışlar, sosial məsuliyyətin dərk edilməsi yönündə etdiyi maarifləndirici çıxışlar, sosial məsafə və maska taxmaqla bağlı məsələlərdə sərgilədiyi həssas münasibət, pandemiya dövründə əhalinin sosial vəziyyətinin sabit saxlanılması ilə bağlı qəbul etdiyi qərarlar koronavirusa qarşı mübarizədə Azərbaycan modelini dünyaya təqdim etməyimizə imkan yaratdı.

Beynəlxalq təhlükəsizliyə verdiyimiz töhfə

Bu gün ÜST və digər beynəlxalq təşkilatlar Azərbaycanda pandemiya dövründə icra olunan proqramları dünya ölkələrinə nümunə göstərir, ölkəmizdə koronavirusa qarşı sistemli mübarizə mexanizmlərinin tətbiq olunmasını yüksək qiymətləndirirlər. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsü dəyərləndirilərkən ölkəmizdə koronavirusla mübarizədə əldə olunan nəticələr də nəzərə alınıb. Ən əsası  əlbəttə ki, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə veridiyi töhfələrdir. Bütün bunların arxasında isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət dayanır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook