SON XƏBƏR

Ekspert: “Yüksək bank faizləri kredit götürüb bizneslə məşğul olmağı mənasız edir”

İyul 10
10:14 2019
"Azərbaycan kommersiya bankları heç vaxt kreditləşməyə maraq göstərmirlər. Nəticədə güzəştli kreditləri çıxmaq şərtilə, kommersiya banklarının təklif etdiyi sahibkarlıq kreditləri üzrə orta faiz dərəcələri devalvasiyadan əvvəl 20-30 faizə yaxın idi. Lakin sahibkarın belə yüksək dərəcələrdə kredit ala bilməyəcəyi məlumdur”.

Bu sözlər "Novaya vremya” qəzetinin 9 iyul sayında yer alan "Gözlənilməz dönüş və ya yerli banklar niyə xaricə investisiya yatırmağı seçdi” başlıqlı məqalədə yer alıb. Məqalədə çox mühüm məqamlara toxunulub. Qeyd edilib ki, sahibkarın illik mənfəətinin 210 faizdən yuxarı olması mümkün deyil. Belə olan halda o, necə həm götürdüyü kreditin əvəzində gəlirinin 30 faizini banka ödəsin, həm də özü qazansın. Bunu nəzərə alan iş adamları daha asan yolu seçirlər. Onlar banka 10-15% depozit dərəcəsi ilə pul qoymaqla, heç bir risk etmədən sadə şəkildə gəlir əldə edirlər. Nəticədə banklara depozit axını artır, milli valyutanın dəyərinin sabitləşməsi də buna şərait yaradır. Bunun müqabilində həm istehlakçı, həm də biznes kreditlərinin həcminin ciddi şəkildə azalması banklarda likvit vəsaitin artmasına gətirib çıxarıb.

Əsas bankın məlumatına görə, cari ayın ilk günlərində dövriyyədə olan pul ilin əvvəlinə nisbətən 6,6 faiz artıb. Nəticədə banklar çıxış yolunu vəsaitləri xarici investisiyalara yönəltməkdə görürlər. Çünki bank sektorunda biznes kreditləşməsi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bunu Mərkəzi Bank da təsdiqləyir. Eyni zamanda kommersiya banklarının passivliyinin makroiqtisadi sabitliyə mənfi təsir göstərdiyini qəbul edir. Belə ki, bu ilin dörd ayı ərzində kreditlərin ümumi həcmi 0,1% azalıb, biznes kreditləri isə 2,7% azalıb: "Son illərdə kredit fəaliyyətinin azalması iqtisadiyyatın inkişafına mənfi təsir göstərib, bu da makroiqtisadi sabitliyə və maliyyə sabitliyinə mane olur”.

Kredit aktivliyinin aşağı olması öz növbəsində bankların likvidlik mövqeyində əhəmiyyətli profisitin yaranmasına gətirib çıxarır. Qəzet yazır ki, bu il bankların xarici sərmayə fəaliyyəti diqqəti cəlb edir. Halbuki hazırda Azərbaycan iqtisadiyyatının investisiyaya yetərincə ehtiyacı var.

Bu durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hazırda bank sektorunun əsas problemi Azərbaycanda kreditlərin qısamüddətli və çox yüksək faizlə olmasıdır: "Faizlərin belə yüksək olması biznes üçün heç də sərfəli deyil, real sektor bu məsələdən əziyyət çəkir. Baş verən iki devalvasiyadan sonra yaranan problemli kreditlərin həlli ilə bağlı da görülən işlər, 10 min dollara qədər olan kreditlərlə bağlı kompensasiyanın qaytarılması baş tutsa da, iş adamlarının götürdüyü kreditlərlə bağlı məsələ həll olunmayıb. Hazırda həmin iş adamlarının durumunun ağır olduğunu demək mümkündür və gələcəkdə belə halların təkrar yaşanmaması üçün ümumiyyətlə, kreditə maraq göstərmirlər. Bank faizlərinin yüksək olması isə ümumiyyətlə, kredit götürüb bizneslə məşğul olmağı mənasız edir. İnsan hansı sahədə bizneslə məşğul olub nə qədər qazanmalıdır ki, ildə 20 faiz bank krediti versin, işçilərin maaşını versin, kommunal ödənişlər etsin, digər xərcləri həyata keçsin, paralel olaraq özü də qazansın. Ona görə də bank faizlərinin yüksək olması iqtisadiyyatın inkişafını əngəlləyən faktora çevrilib. Faizlərin yüksək olması həm də yeni iş yerlərinin yaranmasının qarşısını alır, iqtisadi aktivliyi zəiflədir, biznesin iqtisadi aktivliyində əsas maneələrdən birinə çevrilir”.

Ekspert vurğuladı ki, uzun müddətdir bank sektorunda rəqabətli mühitin təmin olunması ilə bağlı təkliflər səsləndirsələr də, hələ ki bu təmin olunmayıb: "Bütün ölkələrdə mərkəzi bankların uçot dərəcəsi ilə kredit faizləri arasında bağlılıq var. Azərbaycanda isə bu yoxdur. Uçot dərəcəsi 3 faiz olanda da kredit faizləri 20-30 faiz civarındadır, indi 9 faiz olanda da 20-30 faizdir. Sadəcə, bu faktın özü Azərbaycanda iqtisadiyyatı idarə edən hökumət blokunda çox ciddi narahatlıq yaratmalıdır ki, bunun səbəblərini tapıb həll etsinlər. Biz dəfələrlə demişik ki, xarici bankların ölkəyə buraxılması, rəqabətli mühitin yüksəldilməsi problemin həlli ilə bağlı müsbət dəyişiklik yarada bilər. Çox təəssüf ki, hələ bununla bağlı irəliyə atılmış bir addım görmürük. Bu da iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır. Çünki bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Pul az dövr edirsə, kredit dövriyyəsi azdırsa, kommersiya kreditləri aşağı düşürsə, bu, ümumilikdə iqtisadiyyatı zəiflədir. Əlində likvit vəsait qalan vətəndaş necə davranırsa, banklar da o cür davranır. Banklar da vəsaitlərini Türkiyəyə, Gürcüstana yatırırlar, ən sadə halda daşınmaz əmlak alırlar. Banklar da kreditləşməkdə maraqlı olmadığından likvit vəsaitlərini xaricdə yatırmağa çalışırlar ki, ən azı müəyyən qədər qazanc götürsünlər”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə vurğuladı ki, yerli bankların vəsaitlərini xarici banklara yönəltməsini məntiqli hesab etmir: "Çünki bizdə əmanət faizləri də yüksəkdir, 10 faiz ətrafındadır. Xaricdə isə bu faiz çox aşağıdır, yəni bizim bankların oradan gəlir əldə etməsi mümkün deyil. Yeganə dollar əmanətləri ola bilər ki, bu əmanətlər illik 1-2 faizlə qəbul olunur. Ola bilər ki, dollar kreditləri xarici banklarda yerləşdirilsin və orada müəyyən gəlir əldə olunsun. Prinsipcə bu yaxşı hal deyil, ancaq bankları da başa düşmək olar ki, Azərbaycanda dollarla kredit götürmək istəyən yoxdur. Bank ya gərək dollarla əmanət qəbul etməsin, ya da qəbul etdiyi əmanəti haradasa yerləşdirsin”.

Sığortalanan əmanətlərə gəlincə, Ə. Həsənov vurğuladı ki, hazırda manat üzrə sığortalanan əmanətlər 10 faizdir: "Əgər banklar bu vəsaitləri xarici banklarda yerləşdirməyə çalışsa, bu qədər yüksək faizlə heç bir xarici bank depozit qəbul etməz. Hazırda əhalinin banklarda əmanətlərinin yüksək faizi yenə də dollarladır. Banklar isə bu likvit vəsaitləri biznes kreditlərinə verə bilmirlər deyə, xaricə yönəltməyə məcbur olurlar”.

"Yeni Müsavat” 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook