Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir
Oktyabr 16
10:33
2019
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib”. Bu fikri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Füzuli rayonunun Horadiz şəhərində ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi zamanı deyib.
Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi də daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir. "Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar özünün əksini tapıb. Bu insanların həyatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir. məlumdur ki, bu günə qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz ifadəsidir”-deyə Əli Əhmədov vurğulayıb.