SON XƏBƏR

Emil Nəsirli “Azərbaycanın Qüruru” Qızıl Ordeni ilə təltif edildi - FOTO

Fevral 07
17:55 2020
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş tanınmış media nümayəndəsi Emil Rüfət oğlu Nəsirlinin seçicilərlə növbəti görüşünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan tanınmış publisist, Ensiklopediya Nəşriyyatının direktoru Fikrət Nağıyev seçiciləri və tədbirə dəvət olunmuş qonaqları ilk öncə "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirlinin geniş fəaliyyətinə həsr olunmuş sənədli filmə baxmağa dəvət edib.

Emil Nəsirlinin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunduqdan sonra Beynəlxalq Elmlər Akademiyasının Fəxri Akademiki, "Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Rüfət oğlu Nəsirli "Azərbaycanın Qüruru” Qızıl Ordeni İlə təltif edilib.

"Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” Qızıl Ordenini Emil Nəsirliyə jurnalın Redaksiya Şurasının sədri, tanınmış rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Modelləşdirmə” kafedrasının dosenti Fəxriyə Xələfova Emil Nəsirlinin deputatlığa namizədliyini irəli sürdüyü 17 saylı Yasamal üçüncü seçki dairəsindən olan seçicilərlə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında növbəti görüşü zamanı baş tutan tədbirdə təqdim edib.

"Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının sədri Fəxriyə Xələfova bildirib ki, jurnalın Redaksiya Şurası tərəfindən "Azərbaycanın Qüruru” Qızıl Ordeninin Emil Nəsirliyə onun seçiciləri ilə görüşü zamanı təqdim edilməsi qərarı Emil Nəsirliyə bildirilmədən qəbul edilib ki, ona sürpriz olsun.
Fəxriyə Xələfova çıxışında vurğulayıb ki, peşəkar jurnalist olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, baş redaktoru olduğu "Azərbaycanım” beynəlxalq jurnalının ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi layihələri ilə böyük nüfuz qazanıb. Fəxriyə Xələfova onu da əlavə edib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə müstəqil namizəd kimi iştirak edən Emil Rüfət oğlu Nəsirlinin qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın demək olar ki, bir çox sahələrini əhatə edir.

"Alicənablığı, sadəliyi, əzmkarlığı və xeyriyyəçiliyi ilə seçilən Emil Nəsirli həm də tanınmış media nümayəndəsi olaraq beynəlxalq görüş və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir” – deyə qeyd edən Fəxriyə Xələfova onu da əlavə edib ki, Emil Nəsirli ölkə reallıqlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırır, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə beynəlxalq aləmə eşitdirir.

Emil Nəsirlinin geniş fəaliyyətindən söz açan Fəxriyə Xələfova həm də Emil Nəsirliyə namizədliyini irəli sürdüyü 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilməsi istiqamətində apardığı təbliğat kampaniyasında uğurlar arzulayıb və seçiciləri fevralın 9-da keçiriləcək seçkilərdə Emil Nəsirliyə səs verməyə çağırıb.

"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli "Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına minnətdarlığını bildirib. Azərbaycanın iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş sosial strategiyası, ölkəmizin beynəlxalq məkanda mövqeyi, tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər barəsində beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması sahəsində baş redaktoru olduğu "Azərbaycanım” beynəlxalq jurnalının bundan sonra da mühüm nailiyyətlərə imza atacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə iştirak edən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti akademik Elçin Xəlilov, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin vitse-prezidenti, professor Məhbubə Vəliyeva, Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru, professor Namiq Əliyev, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Nur və digər tədbir iştirakçıları Emil Nəsirlinin rəhbərliyi altında "Azərbaycanım” beynəlxalq jurnalı redaksiyası kollektivinin təşəbbüsü ilə ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarının bir-birinə daha yaxından tanıdılması istiqamətində çoxşaxəli tədbirlərin həyata keçirməsini yüksək qiymətləndiriblər. Tədbir iştirakçıları Emil Nəsirliyə uğurlar arzulayıb və bütün seçiciləri fevralın 9-da keçirilən seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Emil Nəsirliyə səs verməyə çağırıblar.
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook