SON XƏBƏR

"Əminik ki, Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin edəcək"

İyul 15
12:45 2020
"Heç kim təxribatlara uymamalı, dövlətin, rəsmi strukturların açıqlamalarından başqa hər hansı bir fikrə istinad etməməlidir".
 
Qlobal.az xəbər verir ki, bu fikirləri Salyan RAİh-nin başçısının müavini, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib.
 


Rəşad Cəbrayılov

"İyulun 12-dən başlayaraq Azərabycan Respublikasının Tovuz rayonu ərazisindən təxribatlar törədərək ağır silahlardan atəş açan, dinc əhalini hədəfə alan Ermənistanın təcavüzkar bir dövlət olması növbəti dəfə əyani şəkildə bütün dünyaya sübut olundu. İllərdir ki, Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxlayan, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün durumuna düşməsinə səbəb olan Ermənistan bu gün də özünün çirkin işğalçılıq planlarını həyata keçirməyə niyyətlənib. Düşmən ölkənin bütün cəhdləri, təxribatları şanlı ordumuz tərəfindən layiqli şəkildə cavablandırılır. Bu gün hər bir azərbaycanlı Ali baş Komandanımız, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir, ordumuzun düşmən təxribatlarına verdiyi layiqli cavabları qürurla izləyir. Belə bir məqamda hər bir vətəndaş milli maraqlar ətrafında sıx birləşməli, həmrəylik nümayiş etdirməlidir. Artıq bir neçə gündür ki, Vətənimizin müdafiəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsinin xalqımız tərəfindən necə əziz tutulduğuna hər birimiz şahidik və bu hər bir azərbaycanlını qürurlandırır. Torpaqlarımızın müdaifəsi uğrunda şəhid olan hər bir əsgər və zabitimz bizim üçün əzizdir və Prezident İlham Əliyevin də vurğuladığı kimi, onların qanı yerdə qalmayacaq.

Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan ordusunun gücü, texniki təchizatı bütün dünyaya, o cümlədən düşmən Ermənistana yaxşı bəllidir. Onlar bilirlər ki, Prezident İlham Əliyevin apardığı hücum diplomatiyası və uğurlu xarici siyasət kursu ölkəmizin istər hüquqi müstəvidə, istərsə də hərbi müstəvidə aşkar üstünlüyünü təmin edib. Erməni təxribatlarının davam etdiyi bu günlərdə dünya birliyinin verdiyi reaksiya, Avropanın eləcə də digər regionlarda yerləşən ölkələrin açıq kontekstdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyinin qeyd etməsi ötən illər ərzində ölkə Prezidentinin rəhbərliyi ilə yürüdülən xarici siyasi kursunun zəfəridir. Məhz bu siyasi kursun nəticəsidir ki, bu gün dünyanın aparıcı ölkələri, təşkilatları ölkəmizin haqq işinə dəstək verir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Xalqımız isə bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşərək milli həmrəylik nümayiş etdirir. Belə çətin məqamda hər hansı bir təxribata yol verilməsi, sosial şəbəkələrdə milli mənafeyimizə zidd olan fikirlərin səsləndirilməsi, paylaşımların edilməsi düşmən dəyirmanına su tökməkdir. Bu yolverilməzdir. İnanırıq ki, hər zaman dövlətə, dövlətçiliyə sadiq olan Azərbaycan gəncliyi bu günlərdə də dövlətimizin maraqlarını hər şeydən üstün tutacaq və qanunlar çərçivəsində hərəkət edərək düşməni sevindirəcək hər hansı bir addıma yol verməyəcək. İyulun 14-dən 15-nə keçən gecə paytaxt Bakıda ordumuza dəstək yürüşündən sonra baş verənlər qanun pozuntusudur və bu yolverilməz haldır. Heç kim təxribatlara uymamalı, dövlətin, rəsmi strukturların açıqlamalarından başqa hər hansı bir fikrə istinad etməməlidir. Gün birlik günüdür. Əminik ki, Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin edəcək, torpaqlarımız işğaldan azad olunacaq.
 
Şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirik…".
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook