SON XƏBƏR

Ən doğru yol: Daim millətçilik!

May 21
00:14 2020
Anar ƏSƏDLİ
 
Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin sədri

 
Cümhuriyətimizin 102 yaşını qeyd edəcəyimiz 28 May tarixinə bir həftə qalmış mayın 21-də Şuşada 30 ildir, torpaqlarımızı işğal edən ermənilər qondarma prezidentlərinə inaqurasiya mərasimi keçirəcəklər. Ağrılıdır...

Utandırıcıdır...

Düşündürücüdür...

Və suallarla doludur...

Məsələn, mən bir vətəndaş kimi özümə sual verirəm ki, biz nə edə bilərik? Ümumiyyətlə, dövlət olaraq nə etməliydik? Və sabah nə edəcəyik? Biz bu 30 ildə danışıqlar və sülh yolu ilə torpaqların geri qaytarılmasının gerçəkləşəcəyini gözlədik, olmadı. Ona görə olmadı ki, işğalçılar danışıqlar yolu ilə almamışdılar torpağı, rus hərbçilərinin də köməyindən istifadə edərək müharibə ilə ələ keçirdilər. Müharibə ilə işğal edən danışıqla torpaq verərmi?

Yaxşı, biz yenə də məsələyə sülh yolu ilə yanaşdıq ki, dünya dövlətlərindən ayıbdır, nə qədər sülhpərvər, savaş istəməyən, tolerant bir millət olduğumuzu göstərək.
Bəs nəticə nə oldu? Niyə ATƏT-in danışıqlar prosesi nəticə vermir? Azərbaycanın xarici siyasət idarəsinin rəhbərliyi niyə sabahla bağlı çox demirəm, elə ATƏT üzvlərinin Ermənistana nota xarakterli bəyanatlar verməsini təmin etmədi? Niyə Türkdilli ölkələrin ciddi xəbərdarlıq daşıyan və həmrəylik göstərən bəyanatlarına rast gəlmirik? Niyə bu gün elə o Rusiyanın ideya və təşəbbüsü ilə qurulan MDB-nin üzvləri Ermənistanın işğalçı siyasətinə qarşı vahid mövqe nümayiş etdirmir? Amma biz Milli Məclisimizdə MDB-nin 9 May qələbə günü ilə bağlı bayram siyasətinə vahid mövqedən baxırıq... Niyə Avropa ölkələri ilə danışıb, demirik ki, işğala məruz qalmış, torpağını itirmiş qaçqınların boğazından kəsib, İtaliyada, Fransada, müqəddəs Vatikanda belə sizlərin kültürünə sayğı göstərərək, nə qədər vəsait ayırmışıq... Heç olmasa, onların qarşısında utanın və bizim haqq səsimizi müdafiə edən bəyanat verin.

Nə iş görür bu Xarici İşlər Nazirliyi? Nə plan-proqramı var sabahla bağlı? Niyə ictimaiyyətə bu məsələlərdə informasiya vermirlər?

İcra başçıları niyə Prezidenti aldadırlar, niyə bu qədər rüşvət alıb, talayırlar ölkəni, niyə Mədəniyyət Nazirliyindən tutmuş Dövlət Sərhəd Xidmətinə qədər, hər kəs rüşvətin içindədir? Və niyə bu qədər həbslər olur, amma hələ də yalan və rüşvət girdabında itib-batmaqda davam edən zehniyyət mövcuddur? O qədər niyələr var ki...

Bu sualların yaranmasının və cavabsız qalmasının səbəblərindən birini "İşğalın görünməyən tərəfləri" yazımda qeyd eləmişdim - vecsiz, biganə gəncliyin yetişdirilməsi.

Bir neçə gündür, sosial şəbəkələrdə gənclərin, özlərinə "intellektual" deyən kəslərin və s. statuslarını izləyirəm - Rəsulzadəni ittiham edirlər, Atatürkü düşmən adlandırırlar, Elçibəyi təhqir belə edirlər, millətçiləri ələ salırlar...

Sizcə niyə?

Bir dəfə də bu haqda yazmışam, bütün bu niyələrin tək səbəbi var - ölkəmizin və dövlətimizin üzərindən milliyətçilik rüzgarı əsmir...

Bizi millət kimi formalaşmağa qoymurlar, millət olmağımıza imkan verməməyə çalışırlar...

Bəli, MİLLİYƏTÇİLİK

Yenidən Milliyətçilik

Daim Milliyətçilik

Qarabağın işğalını aradan qaldırmağımız üçün ən böyük çatışmazlığımız milli ideoloji böhran keçirməyimizdi.

Milli dövlət siyasətinin təməl hədəflərini müzakirə etməli, Azərbaycan türklərinin türk millətçiliyi düşüncəsinin yenidən dirilişi ilə bağlı nələr edə biləcəyimizi ortaya qoymalıyıq.

Bu arada yanlış anlaşılmamaq üçün və bir çox zərərli fikir müəllifinin də qəsdən cəmiyyətə sırımağa çalışdığı anti-milliyətçilik ideyalarına cavab olaraq millətçilik, onun təməl prinsipləri və s. suallarla bağlı çox qısa düşüncəmi paylaşmaq istəyirəm.

Demokratik anlayış və inanc milliyətçi düşüncənin təməl prinsiplərindən biridir. Millətçilər, mənsub olduqları millətin bir başqa millətin boyunduruğu altında yaşamasına qarşı olan, qürürlu və özünü idarə edəcək istəyi və cəsarəti olan kəslərdir.

Bir millətin özünü idarə etməsinin ən doğru yolu isə DEMOKRATİYADIR.

Demokratik dəyərləri prinsip kimi mənimsəyən bir milliyətçilik istənilən dövləti inkişaf etdirər. Böyük bir intellektual-duyğusal güc olan milliyətçiliyə 21-ci əsrdə həm də güclü bir siyasi layihə kimi baxılır. Çünki bütün inkişaf etmiş ölkələr millət və dövlət təfəkkürünə sahib olduğu üçün bu düşüncə sistemi mütləq iqtidara gətirilməlidi.

Bu yazıda ölkənin Qarabağ problemi ilə bağlı xarici siyasətinin problemlərinə toxunduq. Problemin əsas və real həlli yolu isə Azərbaycan Ordusundan keçir. Bir şey məlumdur ki, bu gün Azərbaycan ordusu döyüşdə düşmənə lazımi cavabı verə biləcək gücə malikdir.

Amma yenə sual - Azərbaycan cəmiyyəti də Azərbaycan ordusu qədər döyüşə hazırdırmı? "Humanizm", "bəşəri sevgi", "insan həyatının yüksək dəyəri" kimi şüarlarla bu ölkənin insanlarının milli duyğularını ört- basdır etmək kimin və ya hansı qüvvənin işinə yarayır? Təbii ki, Ermənistan və ona dəstək olan Rusiya ilə İranın..

Bax, buna görə dəfələrlə qeyd edirəm ki, bizim xilasımız ideoloji baxımdan yenilənmədən keçəcək.

Hüqüqun üstünlüyünü təmin edən, etnik xəstəliklərin öhdəsindən gələn, ictimai tələbləri qarşılayan, bütün bəşəri dəyərlərə sayğı göstərən və ona uyğun davranan bir milli dövlət qurmaq türk milliyətçilərinin ən ideal istəkləri olmalıdır.

Milli təfəkkürü idarəçilik sisteminə tamamən gətirə bilməsək, hələ uzun illər torpaqlarımızda işğalçılar istədikləri tədbiri keçirəcək, biz isə Markın oyuncağında statuslar yazıb, baxacağıq ki, nə qədər like gəldi...
 
Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən əldə edilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook