Erməni hərbçilər Paşinyanı əsassız ittihamlara son qoymağa çağırdılar
Mart 02
07:59
2021
Ermənistanın Silahlı Qüvvələri bəyanat yayaraq ölkənin baş naziri Nikol Paşinyanı əsassız ittihamlara son qoymağa çağırıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bəyanatın mətnini Baş Qərargahın nümayəndəsi Samvel Asatryan feysbukdakı səhifəsində paylaşıb.
"Bizim xalqımızın oğullarından ibarət olan Silahlı Qüvvələr heyəti milli təhlükəsizlik təhdidlərini əvvəlcədən görərək Silahlı Qüvvələrin vəzifəli şəxslərinin ünvanına əsassız ittihamları yolverilməz hesab edir və təkidlə buna son qoymağa çağırır”, - bəyanatda deyilir.
Silahlı Qüvvələrin rəhbərliyi bəyanatda ölkədəki vəziyyətə dair əvvəlki qiymətləndirməsini təsdiqləyib. Baş Qərargah vurğulayıb ki, Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdlərinə baxmayaraq, hərbçilər "qətiyyətli, ağıllı və qətiyyətli”dirlər.
"Mövcud vəziyyət Silahlı Qüvvələrin yalnız dövlət maraqlarını rəhbər tutduğunu, Ermənistan Respublikası Konstitusiyasının normalarına əsaslanaraq yalnız öz xalqlarına xidmət etdiyini sübut edir”, - bəyanatda vurğulanır.