SON XƏBƏR

Ermənistanı sülhə kim məcbur etdi? - Elmira Axundova Rusiyaya minnətdarlıq edir... - TƏHLİL

Noyabr 18
09:24 2020
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova noyabrın 13-də "Ukrayna” telekanalının "Savik Şusterlə söz azadlığı” tok-şousunun qonağı olub. Verilişə skayp vasitəsilə qoşulan səfir E.Axundova 44 günlük Qarabağ müharibəsinin səbəbləri və nəticələri barədə danışıb. O, çıxışı zamanı ermənilərin işğalçılıq siyasətindən və Azərbaycanın əks-hücum hərbi əməliyyatlarından danışıb. Səfir qeyd edib ki, ermənilər işğal etdikləri ərziləri boşaltmaq niyyətində olmayıblar. Ermənistanın bu ərazilərdə tikdiyi istehkamlara külli miqdarda pul xərcləməsi, beton bunkerlər, tunellər düzəltməsi, silah anbarları yaratması və yerin altında atəş nöqtələri yerləşdirməsi bunu sübut edir. Onlar sadəcə indiyədək dünyanı aldadırmışlar.

Lakin səfir E.Axundovanın çıxışında bəzi diqqətçəkən məqamlar var ki, həmin fikirlərin Ukrayna cəmiyyətinin qarşısında səsləndirilməsi bir o qədər də arzuolunan deyil. Xüsusilə də, Ukrayna televiziyasında Rusiya haqqında daha yüksək dozalı və tamamilə müsbət notlara yüklənmiş ifadələrin işlədilməsini diplomatik yanaşma kimi qəbul etmək doğru deyil. Necə ki, Rusiyanın əleyhinə açıq müstəvidə sərt fikirlərin səsləndirilməsi doğru seçim olmazdı. Bəs problem nədədir? E.Axundova hansı amilləri nəzərə almalı idi?

BİRİNCİ MƏQAM: 2014-cü ilin martında Krımın Rusiyaya ilhaq edilməsini Ukrayna cəmiyyəti hələ də həzm edə bilmir. Düşünək: fevralın 22-də Ukrayna prezidenti Viktor Yanukoviç etirazlardan sonra Kiyevi tərk edir, Rusiya Yanukoviçi xilas planlarını işə salır, artıq fevralın 27-də Krımda bütün strateji obyektlər, parlament binası Rusiyaya bağlı qüvvələr tərəfindən ələ keçirilir, martın 18-də isə Putin Krımın Rusiyaya birləşməsi barədə fərman imzalayır. Heç şübhəsiz, cəmi bir neçə gün ərzində baş tutan ildırımsürətli ilhaq prosesinin həzm edilməsi elə də asan məsələ deyil və uzun illər keçsə belə, əks arqumentlər, eləcə də, Rusiyanın birmənalı təbliği fonunda səsləndirilən fikirlər Ukrayna cəmiyyətini qıcıqlandıra da bilər. Ələlxüsus, təcavüzə məruz qalan Ukraynada Rusiya "sülh göyərçini" kimi təqdim olunarsa... Mən demirəm ki, Rusiyanı düşmən elan etsəydik, yaxud Ukrayna telekanalında Rusiya əleyhinə fikirlər səslənsəydi, daha yaxşı olardı. Xeyr! Nəzərə almaq lazımdır ki, 44 günlük İkinci Qarabağ Müharibəsində Türkiyə, Pakistan və Ukrayna Azərbaycana açıq dəstək nümayiş etdirən dövlətlər oldu. Ortada Krım faktoru var, alınacaq dərslər və Ukraynanın bizə mesajları vardı. Ən azından 44 günlük müharibədə Putinin neytral mövqe sərgilməsi, Qarabağın beynəlxalq qanunlar çərçivəsində Azərbaycan torpaqları olmasını dilə gətirməsi ciddi amillər idi, bu, həm də bizim mövqeyimizə işləyən "masştablı” ədalətin göstəricisidir. Amma fakt dəyişmir: Rusiya hansısa dövlətin milli maraqlarına yox, öz maraqlarına oynamağın peşəkar və mahir oyunçusudur. 

İKİNCİ MƏQAM: Hörmətli Səfir qeyd edir: "Türkiyə münaqişənin həllində Rusiya ilə bərabər iştirak edəcək”. Daha sonra deyir: "Bəs nəyə görə Rusiya və Türkiyə? Ona görə ki, Rusiya və Türkiyənin birlikdə sülhməramlı missiyası sahəsində təcrübəsi var. Suriyanın və Liviyanın timsalında biz bunu aydın görürük. Bəs başqa hansı dövlətlər bunu edə bilər?”.

Bir var, regionda sülhü bərqərar etmək üçün hansısa ölkəyə qarşılıqlı razılıqlar əsasında hərbçilər göndərirsən, biri də var ki, sülhməramlı adı altında hansısa ölkəyə daxil olub orada hərbi baza salırsan, imperializm siyasətini həyata keçirirsən və münaqişənin yenidən qızışdırılması üçün öz əlinə oynayan yeni "kart"lar formalaşdırırsan. Görünən budur ki, E.Axundova Türkiyənin Suriyadakı sülhməramlı missiyasının məqsədləri ilə Rusiyanın həmin ölkədəki sülhməramlı missiyasının məqsədləri arasında ciddi fərq görmür. Elə buna görə də, Türkiyə ilə bərabər (halbuki, bu belədir) az qala Rusiyanı Suriyada sülh göyərçini kimi təqdim etməli olur. Lakin bir məqamı nəzərə çatdırmaq lazımdır, Suriyada Türkiyə üçün ən böyük təhdid Rusiyadır. Əgər Türkiyə İdlibdə "F-16” qırıcılarını havaya qaldırsa, Türkiyə təkcə Əsəd qüvvələri ilə deyil, həm də Rusiyanın döyüş təyyarələri ilə üz-üzə gələcək. Odur ki, Türkiyənin həqiqi sülhməramlı missiyası ilə Rusiyanın sülhməramlı missiyası arasındakı nəzərə çarpan fərqləri də görmək lazımdır.

ÜÇÜNCÜ MƏQAM: İşğaldan azad edilməmiş qalan bir neçə ərazidən Ermənistanın könüllü çıxarılmasına görə "RUSİYAYA MİNNƏTDARLIQ” şəklində münasibət bildirmək bir səfir üçün siyasi və diplomatik baxımdan doğru deyil və bu məsələ vacib suallar oraya çıxarır. Məsələn, o zaman belə çıxır ki, Ermənistanı sülhə Rusiya məcbur edib? Əgər məsələyə belə yanaşsaq, Prezident İlham Əliyevin addımlarına, fikirlərinə, əldə etdiyi nəticələrə və ordumuzun qazandığı uğurlara kölgə salmağa cəhd etmiş oluruq. Axı həqiqətdə də belə deyil. Azərbaycan zəif olsaydı, regionda və dünyada həlledici coğrafiyanın siyasi-iqtisadi buferinə çevrilməsəydi, nələr ola bilərdi? İndi necə edək, zəif vaxtımızda bizi terrora məruz qoyanların güclü vaxtımızda ən azından səssiz qalmasına nəğmə həsr edək? Bizə mehriban qonşuluq-dostluq siyasəti lazımdır və onu da aparırıq. Amma dozasız! Ermənistanı sülhə, hərbi kapitulyasiyaya imza atmağa Azərbaycan məcbur etdi, bu işi Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu həyata keçirib. Və Ermənistan rəzil duruma düşərək kapitulyasiyaya imza atıb. Yəni, Ermənistan dekabrın 1-nə qədər Kəlbəcəri, Ağdamı və Laçını boşaltmağa məcbur edən əsas faktor Azərbyacanın özüdür. Şəksiz, bu məsələdə Rusiyanın neytrallığı (Rusiyanın neytrallığı dolayı dəstək deməkdir), Türkiyənin açıq siyasi dəstəyi həlledici əsas amillərdən oldu. Lakin bir məqamı nəzərə almaq lazımdır. Əgər 20 il öncə müharibə başlasa idi, Rusiya neytral qalacaqdımı? Təbii ki, xeyr! Azərbaycanın güclənməsi, iqtsiadiyyatının böyüməsi, hərbi arsenalının mükəmməl şəkil alması İkinci Qarabağ Savaşının taleyini həll edən əsas amillərdir. Çünki bu amillər olmasaydı, regional və qlobal müstəvidə də Azərbaycan ciddi siyasi və diplomatik dəstək ala bilməzdi.

Samir FEYRUZOV 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook