SON XƏBƏR

Əsgər valideynləri görüşlərin dayandırılmasını dəstəkləyirlər

Mart 27
18:08 2020
Koronavirus infeksiyasının pandemiya elan olunmasını və virusun geniş yayılmasını nəzərə alaraq ölkədə bütün sahələrdə müxtəlif tədbirlər görülür, qadağalar tətbiq edilir. Belə qabaqlayıcı tədbirlərə Azərbaycan Ordusunda virusun yayılmasının ilkin mərhələsindən başlanılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 14-də keçirtdiyi xidməti müşavirədə mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda əsgərlərin valideynləri ilə görüşünü müvəqqəti qadağan etməklə yanaşı, hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb etmişdi.

Görülən silsilə qabaqlayıcı tədbirlər nəticəsində indiyə qədər Azərbaycan Ordusunda koronavirusa yoluxma faktı qeydə alınmayıb. Qonşu ölkələrdə isə hərbçilər arasında virus geniş yayılıb.

Maraqlıdır, koronavirus infeksiyasına (COVID-19) görə əsgər görüşlərinin müvəqqəti dayandırılmasını onların ailələri necə qiymətləndirir?

Hazırda oğlu Mamed Rəhimzadə hərbi xidmətdə olan Könül Rəhimzadə "MediaPost”a açıqlamasında deyib ki, bütün bu tədbirlər əsgər və zabitləri koronavirusdan qorumaq üçündür:

"Oğlum Bakıda xidmət edir. Eşidən də ki belə bir əmr verilib, başa düşdüm ki, bu, onların sağlamlığı üçündür. Görüşlərin hələlik dayandırılmasını övladlarımızı qorumaq üçün ediblər. Təki oğlumun və bütün hərbçilərin canları sağ olsun. Xəstəliklərdən uzaq olsunlar. Bir ana kimi mənim başqa istəyim yoxdur, əsas oğlum sağ-salamat xidməti başa vursun. Onlar bizim qürurumuzdur”.

Əsgər Salmanov Rafiq Ceyhun oğlunun bibisi Xəyalə Cəfərova da əsgərlərlə görüşlərin dayandırılmasını dəstəkləyir:

"Mən Rafiqin bibisiyəm, elə ikinci anası sayılıram, özüm böyütmüşəm onu. Sağlamlığı mənim üçün ən önəmli məsələdir. Əsas təhlükəsizliyinin qorunmasıdır. Eybi yoxdur, 1-2 aydan sonra görüşək, təki balamızın canı salamat olsun. Virus təhlükəsi bitənə qədər belə davam etmək lazımdır. Prezidentimizin də tapşırığıdır, hər birimiz evdə oturub sağlamlığımızı qorumalıyıq. Bunun üçün dəyər".

Əsgər Mirzəzadə Elcan İrəvan oğlunun qohumu Vəzir Mirzəyev deyib ki, bu təşəbbüsü ailəlikcə dəstəkləyirlər:

"Əmim oğlu əsgərdir, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mühafizə alayında xidmət edir. Mən əsgərlərin valideynləri ilə görüşlərin müvəqqəti dayandırılmasını müsbət qarşılayıram, doğru qərardır. Bir müddət görüşə getməmək lazımdır.

Mən ümumiyyətlə əsgərin yanına tez-tez gedilməsinin əleyhinəyəm. Belə olanda əsgər mühitə uyğunlaşmaqda çətinlik çəkir, ayrıla bilmir evdəki mühitdən. Nümunə kimi özümü deyim. Mən bir andiçmədə görmüşəm valideyninimi, bir məzuniyyətdə, bir də ən son tərxis olunanda. Belə də olmalıdır”.

Əlisa Hacıyev iki əsgər əmisidir. O hesab edir ki, dünyada koronavirus tüyğan etdiyi bir dövrdə əsgərlər etibarlı yerdədir:

"Mən iki əsgərin əmisiyəm: Hacızadə Təhmin və Hacızadə Sahimin. Təhmin Zaqatalada xidmət edir, Sahim Bakı Təlim Tədris Mərkəzində. Əsgər əmisi olaraq bildirirəm ki, bütün qanunlar hamımız üçün ali olduğuna görə bizim üçün də alidir. Sağlamlığımızın qeydinə qalmaqla yanaşı, əsgərlərimizin də sağlamlıqlarına xələl gəlməsin deyə, onlarla görüşə getməməliyik. Onlar etibarlı əllərdədirlər. Bizdən də yaxşı qayğı görürlər, məncə. Allah hamının dadına çatsın. Bu xəstəliyin bəlaları ölkəmizin, xalqımızın üzərindən yan keçsin”.

Əsgər İlham Şirinovun əmisi oğlu Emin Şirvanzadə də bu tapşırığı müsbət qarşılayanlardandır:

"Əmim oğlu Gəncə Daxili Qoşunlarında xidmət edir. Təbii ki, belə bir qərarın lehinəyəm. Çünki dövlət əsgərin virusa yoluxmaması üçün tədbirlər görüb. Məsələn, mən əsgərlə görüşsəm, ona virus keçirə bilərəm. O da hərbi hissədə digər əsgər və zabit heyətinə. Bu təhlükəlidir. Ona görə bu tədbirin görülməsi düzgün qərardır və vətəndaş kimi dəstəkləyirəm”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook