SON XƏBƏR

Fuad Cəfərli: “Azərbaycanda yaxşı memarlar olsaydı, Bakı bu vəziyyətdə olmazdı”

Dekabr 17
18:09 2020
Şəhər planlaşdırması və ictimai nəqliyyat üzrə mütəxəssis Fuad Cəfərli Massaçusets Texnologiya İnstitutunda şəhər və regional planlaşdırma ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə Bakının Regional İnkişaf Planı layihəsinin direktoru, fərqli qurumlarda və konsaltinq şirkətlərində şəhər planlaşdırması üzrə mütəxəssis olaraq çalışıb.

Memarla müsahibəni təqdim edirik:

- Son onillikdə Bakıda tikinti bumu yaşandı, çox sayda yaşayış binası tikildi, körpülər salındı. Bununla bağlı indiyə qədər xeyli tənqidi fikirlər səslənib - tikililərin pərakəndə olduğu, şəhərsalma prinsiplərinə uyğun olmadığı deyilib. Siz necə düşünürsüz? Bakının baş planı müasir standartlara cavab verirmi? 

- Mən bu haqda 15 ilə yaxındır danışıram. Bakı şəhərinin ilk baş planının ideya müəllifi və rəhbəri olmuşam, eyni zamanda, normativ aktların hazırlanmasında iştirak etmişəm. Amma nə birinci, nə də sonrakı baş planlar müasir şəhərsalma standartlarına və şəhər strategiyalarına uyğun gəlməyib. Şəhərsalma və Arxitektura Komitəsinin saytında gördüm ki, sonuncu baş plan əvvəlkilərdən fərqlidir, yeni ideya və təkliflər var. Ancaq yenə də qeyd etməliyəm ki, müasir şəhər planlaşdırması belə olmur. Bu işdə strateji düşüncə olmalıdır, bilinməlidir ki, Bakını 20 ildən sonra necə görürük. Təəssüf ki, bu gün bu şəhər torpağın alınıb satılması üçün kapital rolunu oynayır və hər kəs şəhəri bu cür başa düşür. Ümumilikdə götürsək, mənim Bakının baş planı ilə bağlı düşüncələrim skeptikdir. Birinci baş planın icrası ilə bağlı olan qrupun üzvü olduğum zamanlarda da digərlərilə ciddi fikir ayrılıqlarım vardı. 

- Bakı coğrafi baxımdan amfiteatr tipli ərazidə yerləşir. Bu nöqteyi-nəzərdən yeni tikintilər təhlükəsizlik tələblərinə cavab verirmi, Sizcə?
 
- Təhlükəsizliklə bağlı həm vətəndaşlar, həm də mütəxəsislər arasında çoxlu suallar var. Bəzi tikililərin artıq görünüşünə baxanda dayanıqlı olub-olmadığını bilirik. Heç bir təbii fəlakət olmasın, amma Bakıdakı binaların necə tikildiyini zaman göstərəcək. Keçən ay İzmirdə baş verən zəlzələ zamanı da, 1999-cu il İstanbul zəlzələsindən sonra da məlum oldu ki, tikintidə bir çox standartları sərtləşdirmiş Türkiyədə belə  binalar yerlə-yeksan olur. Ümid edirəm ki, Bakıdakı binaların dözümlülüyü yüksək səviyədədir və təbiət Abşeron yarmadasında bizi bu sınağa çəkməyəcək.

- Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Alov Qüllələri kimi binaların memarları xaricilərdir. Sizcə, nə üçün belə işlər yerli mütəxəssislərə həvalə edilmir? Bizdə bu tip layihələrin öhdəsindən gələ biləcək peşəkarlar heçmi yoxdur?

- Azərbaycanda yaxşı memarlar olsaydı, Bakı bu vəziyyətdə olmazdı. Hansısa xarici ölkədən qayıdanda aradakı fərqi açıq-aydın hiss etmək olur. Tikintinin keyfiyyəti, binaların dizaynı – bunların hamısı memar işidir. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan memarlığının səviyyəsi dünya standartlarından qat-qat aşağıdır. Hətta onilliklərlə geridə qalıb və bu barədə heç kim danışmaq istəmir. Mən dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almışam, memarlıqla bağlı çoxlu sayda mühazirələrdə olmuşam, mütəxəssislərlə, böyük memarlarla görüşmüşəm, daha sonra Bakıda işləməyə başlamışam. Müqayisəolunmaz dərəcədə fərqlər var, bizim işlərin keyfiyyəti çox aşağıdır. Bəzən qınayanlar olur ki,  Azərbaycanda bəlli standartlar niyə yoxdur. O standartların tətbiqi üçün yaxşı memarlar olmalıdır. Yaxşı memar isə həm dünyanı görməli, həm yüksək səviyyəli təhsil almalı, həm də müasir konsepsiyaları bilməlidir. Azərbaycanda tanıdığım bir neçə memar var ki, onlara böyük ümidlər var, işləri az da olsa, keyfiyyətlidir. Sizin qeyd etdiyiniz meqa layihələrə gəldikdə isə, onları ərsəyə gətirmək bizim memarların işi deyil. O tiktintilərdə istifadə olunan müasir texnologiyanı və materialların keyfiyyətini bizim memarlar anlaya bilməz. Bizdə memarların əksəriyyəti Azərbaycanda təhsil aldığı üçün sovet dövründən qalmış texnologiya ilə işləyirlər. Məsələn, yeni məktəb binalarına baxın, sovet dövründə tikilənlərdən fərqlənmirlər. Elə bağçalar, xəstəxanalar da. Bu vəziyyəti kökündən dəyişmək, alman-holland arxitektura üslubunun tətbiqinə başlamaq lazımdır. 

- İşğaldan azad olunan ərazilərdəki tikililərin böyük hissəsi dağılıb. O ərazilərdə şəhərsalma işləri necə aparılmalıdır? 

- Mən təklif edərdim ki, Qarabağın regional inkişaf konsepsiyası adlı bir sənəd hazırlansın və bura təkcə şəhərsalma deyil, başqa məsələlər də əlavə edilsin, çünki şəhərsalma sadəcə yolların çəkilməsi və binaların tikilməsi demək deyil. Ümid edirəm ki, belə olmayacaq. O əraziləri inkişaf etdirmək, təhlükəsizliyini, məskunlaşmanı sürətləndirmək üçün böyük şəhərlərə ehtiyac var. Düşünürəm ki, 50-100  şəhər və böyük qəsəbənin olması geniş məskunlaşmaya və təhlükəsizliyimizi artırmağa kifayət edər. Nəticədə oradakı iqtisadi inkişaf da fərqli modelə - kiçik hissələrə fraqmentasiya olunmuş pay torpaqları əvəzinə, böyük pay torpaq sahibləri və iri torpaq icarədarlarından ibarət modelə keçər. Mənim bu barədə bir neçə il öncə çap edilmiş araşdırmam da var, bəlkə də o araşdırmada qeyd etdiyim məsələlərin zamanı gəlib çatıb. Bu barədə düşünmək lazımdır. Yəni sadəcə qaz, işıq, su, yol infrastrukturu ilə işi başa çatdırmaq olmaz. Məskunlaşma başlayanda artıq başqa məsələlərə də baxmaq lazımdır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə təkcə yerli sakinlər səviyyəsində deyil, bütün ölkə miqyasında qayıdış lazımdır. Ora artıq hamımızındır və hər birimiz orada bir iş görməliyik. Biznes, təhsil, kənd təsərrüfatı, tikinti və sairə kimi sahələrdə çalışmaq lazımdır. Yəni bu məsələlərlə bağlı böyük bir strateji plan hazırlamaq lazımdır.

- Qarabağ savaşında ciddi zərər dəymiş Ağdama indi həm də "ruhlar şəhəri” deyirlər. Şəhərin bir hissəsini elə bu adla muzey kimi saxlamağı təklif edənlər də var. Siz bu fikrə necə baxırsız? Savaş tarixinin belə əyani nümayişini faydalı hesab edirsinizmi?

- Tarix boyu minlərlə belə şəhərlər olub və onlar yenidən ucaldılıb. Məsələn, İkinci dünya müharibəsində Varşava şəhəri tamamilə dağıdılıb və sonradan qurulub. Müharibə elə bir şeydir ki, onun gətirdiyi fəsadlar və dağıntılardan sonra insanlar həmin ərazilərdə məyusluq içərisində yaşayırlar. Amma zaman hər şeyin dərmanıdır. O ərazidəki şəhərlərimizi əvvəlkindən daha yaxşı qurmalıyıq, Hətta təklif edərdim ki, hər birində ən azı 70-100 min insan məskunlaşsın. Ağdam şəhərin müəyyən hissəsini muzey kimi saxlamaq  olar. İşğalın simvolu kimi, məsələn, Ağdam Dövlət Dram Teatrının divarlarını da olduğu kimi saxlamaq və nümunə kimi sərgiləmək yaxşı olardı.

- Qarabağdakı bərpa işlərində iştirak etmək istərdinizmi?

- İdeya və yaradıcılıq azadlığım təmin edilərsə, bu işi həyata keçirməyə tam hazıram. Uzun illərin təcrübəsindən və böyük layihələrdə çalışandan sonra güman edirəm ki, mənim rolum müəyyən işləri yaratmaq və istiqamət verməkdən ibarət ola bilər, bu işi çox böyük həvəslə görərəm. Kiçik, rutin işlərlə razılaşa bilmərəm.
 
Mənbə: "Toplum TV” 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook