SON XƏBƏR

“Gəncə işi”nə görə tutulan şəxs Moskvadan Bakıya gətirilib – “Oğlum Yunus Səfərovu heç tanımırdı...”

Yanvar 18
12:50 2020
"Gəncə işi"nə görə beynəlxalq axtarışa verildiyi və 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlandığı deyilən Müşfiq Qurbanovun Azərbaycana gətirildiyi və artıq Bakı İstintaq Təcridxanasına yerləşdirildiyi bildirilir. 

Bu barədə "Azadlıq” radiosuna həmin şəxsin anası Ənisa Qurbanova məlumat verib.

Onun dediyinə görə, oğlu Müşfiq Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. Anasının vurğulamasına görə, o, 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və sair əməllərdə ittiham olunur.
 
Ənisə Qurbanovanın sözlərinə görə, oğlu işləmək üçün 2017-ci ilin fevralında Rusiyaya gedib. O qeyd edib ki, oğlunu 2018-ci ilin oktyabr ayında Moskvada yaşadığı evin qarşısında mülki geyimli polislər uşaqlarının gözü qarşısında saxlayıblar: "Sonra məlum olub ki, Gəncədə baş vermiş hadisələrə görə axtarışa verilib. O, Yunus Səfərovu tanımırdı heç, oğlumu niyə həbs ediblər?"

Ə.Qurbanova qeyd edib ki, Moskva təcridxanasında bir il üç ay saxlanan oğlu barəsində istintaq hərəkət aparılmayıb: "Məhkəmə əvvəl onun haqqında bir aylıq həbs qərarı verib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. Keçən ilin aprel ayında müddət bitib və Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. Lakin vəkil oğlumun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın".

Ə.Qurbanova vurğulayıb ki, oğlunun Bakıya gətirilməsi barədə məlumatı olmayıb: "Heç bir məlumatım yox idi. Hər gün qorxurdum ki, gətirəcəklər, mənim də xəbərim olmaz. Belə də oldu. Yanvarın 17-də xəbər tutdum ki, Kürdəxanıya köçürülüb, lakin Bakıya nə vaxt gətirildiyi barədə heç bir məlumatım yoxdur".

Ə.Qurbanova həmçinin qeyd edib ki, oğlunun səhhətində ciddi problemlər var, psixi xəstəlik və epilepsiyadan müalicə alıb: "Bununla bağlı arayış və reseptlər var". 

Ənisə Qurbanovanın bu dediklərinə, hələlik, Rusiya və Azərbaycanın rəsmi qurumlarından, eləcə də Müşviq Qurbanovun özündən münasibət almaq mümkün olmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook