SON XƏBƏR

Gömrük rəisinin maşınla adam öldürdüyü deyilir

Mart 14
11:00 2020
"Sınıq körpü” postunun rəisi Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasıdır

Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. 

"90-AG-303” nömrə nişanlı, "Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.

Məlumatı Meydan TV-yə verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib.

Avtomobil hazırda Saray yolunda yerləşən "Cərimə meydançası"nda saxlanır.

"Cərimə meydançası"ının işçiləri də faktı Meydan TV-yə təsdiqləyiblər.

Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. 

Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.

"Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Hətta deyilənə görə xalası oğludur. Ona görə də hadisəni ictimailəşdirmirlər”.

Abşeron Rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmasa da, burada da işin Elçin adlı müstəntiqdə olduğu deyilib.

Meydan TV hadisə yerində ölən qadının kimliyini hələlik dəqiqləşdirə bilməyib.

Gömrük Komitəsi deyilənləri təkzib edib. "Sınıq körpü” postundan isə rəisin iş başında olduğu bildirilib.

"Biz də eşitmişik, amma doğru olub-olmadığını bilmirik. Rəis işə o maşında gəlmir”, - deyə adının açıqlanmasını istəməyən post yetkilisi Meydan TV əməkdaşına deyib.
 
 


 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook