SON XƏBƏR

Hüquq müdafiəçisi: "Bakı kəndlərində qızları 5-6-cı sinifdən çıxarıb oturdurlar evdə”

İyul 15
09:40 2020
Azərbaycanda erkən nikahların sayının çox olduğu bölgə kimi bir qayda olaraq cənub rayonları qeyd olunur. Lakin son statistik məlumatlardan aydın olur ki, cənub bölgəsi bu məsələdə "liderliyi” digər bölgələrə verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açıqladığı məlumatdan aydın olur ki, Cənub bölgəsi erkən nikahların sayına görə dördüncü yerə düşüb: "Qırmızı xəttə daxil olan bölgələrdə - birinci yerdə Aran iqtisadi rayonu üzrə 96 fakt, ikinci yerdə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt, üçüncü yerdə Bakı şəhəri üzrə 36 fakt, dördüncü yerdə Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib”.

Komitə sədri eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını da qeyd edərək, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayının 4392 olduğu halda, 2018-ci ildə bu rəqəmin 2129, 2019-cu ildə isə 2120 olduğunu vurğulayıb. B.Muradova "erkən nikah” və "uşaq evliliyi” anlayışlarının hüquqi-normativ sənədlərdə müvafiq dəyərləndirilməsinə ehtiyac olduğunu bildirərək, Davamlı İnkişaf Məqsədlərinin 5-ci bəndində hədəflərdən birinin belə nikahların aradan qaldırılması olduğunu qeyd edib. Komitə sədri qohumlar arasında bağlanan nikahlara da toxunaraq bildirib ki, bu cür nikahlar irsi xəstəliklər başda olmaqla, bir çox mənfi fəsadların yaranmasına səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Tanınmış hüquq müdafiəçisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayılın fikrincə, nikah yaşına çatmayan qızların ərə verilməsi hallarının digər bölgələrdə də çoxalmasının bir sıra mühüm səbəbləri var: "Bunlardan birinci səbəb kimi sosial təminatın aşağı səviyyədə olmasını göstərmək olar. Hesab edirəm ki, bu neqativ halların çoxalması əhalinin yoxsullaşmasi ilə düz mütənasibdir. Bu səbəbdən təhsilli qızların da sayı azalır, yuxarı siniflərdə rayon yerlərində qızların sayı 2-3 dəfə azdır. Uzağa getməyin, Bakı və Abşeron kəndlərində də vəziyyət çox acınacaqlıdır, qızları 5-6-cı sinifdən çıxarıb oturdurlar evdə. Təhsil almayan qızı son nəticədə tezliklə ərə verirlər”.

Hüquq müdafiəçisi bildirir ki, erkən nikahların artmasının digər səbəbi vətəndaş cəmiyyəti institutlarının maarifləndirmə fəaliyyətinin dayanmasıdır: "Bu məsələ vətəndaş cəmiyyətinin daim diqqətindədir. Ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılanadək biz çoxsaylı maarifləndirmə proqramları, özü də geniş miqyasda həyata keçirirdik. Son 6 ildə bunun qarşısı, demək olar ki, tamamilə alınıb. Vətəndaş cəmiyyətinin maarifləndirməsi olmadıqda, əlbəttə, vəziyyət pisləşəcək. Bu gün əvvəllər olan maarifləndirmə, monitorinq, ictimai vəkillik işləri sıfıra enib”.

Onu da qeyd edək ki, son 20 ildə Azərbaycanda selektiv abortlar nəticəsində doğulan uşaqlar arasında oğlan uşaqları üstünlük təşkil edir. Hazırda yeni doğulan hər 100 qıza 115 oğlan düşür. Ş.İsmayıl bildirir ki, erkən nikahların artmasının bir səbəbi də budur: "Bu təsir getdikcə daha da artacaq. Selektiv abortlar son 10-15 ilin fenomenidir, bunun qarşısı alınmasa, yaxın gələcəkdə Azərbaycanda ciddi demoqrafik böhran yaranacaq. Bu, həm də cinsi təcavüzlər, zorlama, qız qaçırma kimi cinayət əməllərinin də çoxalmasına gətirib çıxaracaq”.

"Yeni Müsavat”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook