SON XƏBƏR

Hüseynqulu Bağırov 450 minlə bağlı dindiriləcək

Oktyabr 27
00:31 2020
Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib.
 
Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə istintaqın zərərçəkmiş kimi tanıdığı şəxslər ifadə verərək özlərini zərərçəkmiş hesab etmədiklərini deyiblər.

Daha sonra şahid Namiq Bağırov ifadə verərək deyib ki, bir müddət Departamentdə təcrübə keçsə də, onun adına nə qədər maaş yazıldığını bilmir: "Sadəcə təcrübə keçmişəm, işləməmişəm və maaş da almamışam".

Məlum olub ki, istintaq materiallarında onun adından təqdim edilən ifadədə Departamentdə işlədiyini, əmək haqqı aldığını dediyi qeyd olunub. Təqsirləndirilən İlqar Hacıyev deyib ki, zərərçəkmişlərin bir çoxunu və şahidləri tanımır: "Onların zərərçəkmiş kimi dindirilməsi qərəzlidir".

Şahid Cəmilə Muxtarova məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını deyib: "Məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırıb dedilər ki, adına pul köçürülüb. Heç bir yerdə də işləməmişəm, adıma pul köçürülüməsindən xəbərim olmayıb. Heç kimdən də pul almamışam”.

Təqsirləndirilən Orxan Qasımovun tələbə yoldaşı Kamil Bağırov şahid qismində ifadə verərək deyib ki, onu Departamentə təcrübə keçmək üçün Orxan dəvət edib: "Həmin müddətdə adıma pul köçürülməsindən xəbərim olmayıb" .

Bu dəfə də K. Bağırovun istintaqdakı ifadəsində adına ayrılan pulun mənimsənildiyini desə də, məhkəmədə bu ifadəsini təsdiqləməyib: "Müstəntiq məni aldadıb, mən belə bir ifadə verməmişəm".
Təqsirləndirilən Orxan Qasımovun vəkili isə müstəntiq barəsində tədbir görülməsini istəyib.

İlqar Hacıyev məhkəməyə bildirib ki, müstəntiq bəzi şahid və zərərçəkmişlərdən ona qarşı qərəzli ifadə alıb: "Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.

İ. Hacıyev daha əvvəlki məhkəmə iclasında bildirmişdi ki, 450 min manat zərər Əkbər Həsənov vasitəsilə Hüseynqulu Bağırova verilib və tələb edib ki, sabiq nazir bununla bağlı məhkəmədə ifadə verməlidir. Hakim Hüseynqulu Bağırovun da məhkəməyə şahid kimi çağırılıb dindiriləcəyini bildirib.

Daha sonra İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə müdafiə etdiyi şəxsin zərəri ödədiyini bildirərək onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakim isə bildirib ki, təqsirləndirilən şəxs zərəri ödədiyi üçün ev dustaqlığına buraxıla bilməz. Vəkil Ramil Məmmədzadə bildirib ki, İlqar Hacıyev zərəri ödəmədiyi üçün həbsdədir: "Sabiq nazir Hüseynqulu Bağırovun adı çəkilən bir cinayət işindən söhbət gedir. Maraqlıdır ki, niyə bu işdə 5 nəfər təqsirləndirilən şəxs olduğu halda yalnız İlqar Hacıyev həbsdə olmalıdır? Niyə Əkbər Həsənov ev dustaqlığındadır və məhkəməyə evdən gəlib-gedir? Həm də sədrlik edən hakim olaraq hazırlıq iclasında verdiyimiz vəsatətə cavab olaraq bildirdiniz ki, zərər ödənilməyib və buna görə də ev dustaqlığına buraxılmaqdan söhbət gedə bilməz”.

Hakim vəkilin bu sözlərinə müdaxilə edib və bildirib ki, o belə söz deməyib.

Vəkil Ramil Məmmədzadə qeyd edib ki, səs yazısı və kamera görüntüsü varsa, bunu sübut edə və qeydləri götürmək olar. Hakim Siyavuş Hacıyev müşavirədən sonra vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini açıqlayıb.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook