SON XƏBƏR

İcra başçısı hektarlarla torqaq sahəsini ələ keçirib - İTTİHAM

İyun 08
13:25 2021
Son vaxtlar ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri nəticəsində bəzi icra başçılarını və digər vəzifəli şəxslərin həbs olunması hər bir vətəndaşımıza aydındır. Buna baxmayaraq, yenə də bəzi məmurlar öz çirkin əməllərini davam etdirirlər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin də qanunsuz əməllərə yol verdiyi haqda redaksiyamıza məlumat daxil olub. İddia olunur ki, icra başçısı rayonun Sərkar kəndində 7 hektar torpaq sahəsini yerli sakinin əlindən alaraq, yaxın qohumlarının adına rəsmiləşdirib.

Əldə etdiyimiz məlumatlara görə, Alı Qocayevin rayonun digər kəndlərində də ailə üzvlərinin və yaxın qohumlarının adına hektarlarla torpaq sahəsi var. O cümlədən, Kür yolunun üstündəki, daha dəqiq desək, çaya gedilən yolun kənarındakı "parnik”lərin də icra başçısına məxsus olması barədə informasiyalar mövcuddur.

Bundan əlavə, Samux rayonunun Ziyadlı kəndinin ərazisində 3 hektar torpaq sahəsində A.Qocayevin böyük fermasının olduğu da bildirilir. Bu məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də təsdiq olunub. Belə ki, rayonun Ziyadlı kəndində olan ferma Alı Qocayevin ailə üzvünün adına rəsmiləşdirilib.

Ötən həftənin sonlarında Samux rayon sakini Nəzakət adlı xanımın fermasının yanması barədə məlumatımız var. Bu yanğın hadisəsinin detalları hazırda bölgə müxbirimiz tərəfindən araşdırılır. Çünki, ilkin məlumatlara görə, bu ərəfədə Nəzakət xanımın qardaşı müəmmalı səbəbdən Samux rayon Məhkəməsinin qərarı ilə 9 sutka müddətinə həbs edilib. Bu, ona görə müəmmalıdır ki, barəsində heç bir şikayət olmadığı halda bu şəxs həbs olunub.

Nəzakət xanım mətbuata verdiyi müsahibəsində İcra Hakimiyyətinin əməkdaşlarını və rəhbərini ittiham edir. Belə qərara gəlmək olar ki, Alı Qocayevlə onun arasında ziddiyyətlər yaranıb. Hətta bu haqda Samux rayonunda müəyyən söz-söhbət də dolaşır. Biz bütün bunlarla bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qudasıdır.

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook