SON XƏBƏR

İcra başçısının müavininə aid olduğu deyilən "zapravka"yla bağlı İqtisadiyyat Nazirliyindən açıqlama

Avqust 01
00:21 2019
İyul ayının 9-da İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədovaya məxsus olan qaz doldurma məntəqəsinin yaxınlıqdakı yaşayış evlərinə və ticarət obyektlərinə təhlükə yaratması barədə dövlət başçısına müraciət ünvanlanmışdı.
 
İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu tərəfindən ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılır: "Ərazidə yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq. Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər. Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq. Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir".

Məktububun sonunda dövlət başçısından İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi xahiş edilirdi.

Qlobal.Az sözügedən müəssisənin lisenziyasının olub-olmaması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib. İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərovun adından Qlobal.az-a göndərilən məktubda deyilir: ""Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 1 nömrəli əlavəsi olan "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 10-cu bəndinə əsasən maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti üzrə lisenziyanın alınması nəzərdə tutulmuşdur. Sözügedən məsələ üzrə İqtisadiyyat Nazirliyinin əməkdaşı tərəfindən vətəndaş Abdullayev Araz Mikayıl oğlu maye qaz təsərrüfatı obyektinin sahibi İsmayılov Rafik Kazım oğlu ilə müzakirə aparılaraq qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmişdir. İsmayılov Rafik Kazım oğlu tərəfindən təqdim olunmuş məlumatda maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üzrə lisenziyaya malik olduğu bildirilmişdir. 
 
Eyni zamanda "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində sözügedən sahibara maye qaz təsərrüfatı obyekti üzrə maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üçün lisenziyanın verilməsinə dair məlumat qeydə alınmışdır".

Qeyd edək ki, qanunvericiliyə və eləcə də standartlara görə qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi obyekt olmaqla "A" kateqoriyasına, yəni ən təhlükəli obyektlər siyahısına daxildir.

Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələri məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə olmalıdır.

Onu da qeyd edək ki, ölkə qanunvericiliyinə görə yanacaqdoldurma məntəqələrinin qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və su qoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında yerləşdirilməsi qadağandır.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook