SON XƏBƏR

İldə 700 min vergi ödəyən sahibkar: "Gömrük müəssisəmi bağlamaq həddinə çatdırır" - VİDEO

Fevral 11
17:40 2021
"Ölkəyə idxal etdiyimiz cihazların, qanunla tənzimlənən sövdələşmə qiymətləri olduğu halda, gömrük süni şəkildə, heç bir qanuni dayağı olmadan qiymətləri qaldırır".

Qlobal.Az xəbər verir ki, bu sözləri yeniavaz.com-a açıqlaması zamanı sahibkar, "Mesa Group” MMC-nin rəhbəri Məftun Xəlilov deyib. 

O bildirib ki, dəfələrlə fərdi funksiyalı kosmetoloji aparatı ölkəyə 980 dollara gətirdikləri halda, ötən ilin 4 noyabrında eyni cihazın hər biri üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi onlardan 3 min dollar tələb edib: 

"Səbəbini soruşduqda isə bildirdilər ki, bu qiymət gömrük haqqında qanununaəsasən ehtiyyat üsulu ilə tənzimlənir. Gömrük haqqında qanunun 17-ci maddəsində deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyəri, aşağıdakı üsullarla təyin olunur, hansı ki, bunlardan birincisi sövdələşmə qiymətidir. Ehtiyyat üsul bunların ən sonuncusudur. Həmin 17-ci maddədə belə bir bənd də var ki, malın dəyərinin hesablanması üçün əsas üsul sövdələşmə qiymətidir. Bu üsulla təyin olunmazsa digər üsullara keçə bilərsiniz. Gömrük orqanı isə qanunun dediyi əsas üsuldan istifadə etmir, birbaşa keçir ehtiyyat üsula. Etiraz etdim. Dedilər ki, ekspertiza rəyi gətir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasına müraciət elədim. Ekspertiza təxminən 60 gündən sonra belə rəy verdi ki, malın Azərbaycanda satış dəyəri 5 min manatdır. Ekspertizanı təqdim etmişəm gömrük orqanına, mənə deyir ki, gəl malın dəyərini 1700 dollardan hesablayaq. Deyirəm bəs 3 min dolları haradan çıxartmışdın?

İldə ən azı 600-700 min manat dövlət büdcəsinə vergi ödəyirəm. Onlarla insan mənim müəssisəmdən evinə çörək aparır. Bəs dövlət niyə mənim müəssisəmin bağlanmasında maraqlıdır? Niyə mənə süni maneələr yaradırsınız?”.
 
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən yeniavaz.com-a bildirilib ki, "Mesa Group” MMC və ya xarici ticarət fəaliyyəti ilə məşğul olan hər hansı şəxsə qarşı qərəzli yanaşmadan söhbət gedə bilməz:

"Gömrük orqanlarının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində  Çin Xalq Respublikasından ölkə ərazisinə gətirilən və gözəllik salonlarında istifadə edilən fərdi funksiyalı kosmetoloji aparatların eyni və eynicinsli olmasına, eyni funksiyaları yerinə yetirməsinə baxmayaraq, gömrük rəsmiləşdirilməsi zamanı müxtəlif şirkətlər tərəfindən fərqli qiymətlərlə bəyan olunması müəyyən edilib. Qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi, dövlət büdcəsinə ödənilməli olan gömrük vergi və rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə  Gömrük Tarifi Haqqında Qanunun tələbləri əsas götürülərək ölkə ərazisinə idxal edilən bu qəbildən mallar barədə daha dərindən araşdırma aparılır.

"Mesa Group” MMC tərəfindən idxal olunan, kosmetoloji sahədə istifadə edilən lazer epilyasiya aparatları da müvafiq araşdırma məqsədilə gömrük əməkdaşları tərəfindən saxlanılıb və bu barədə yük sahibinə məlumat verilib. Onu da qeyd edək ki, "Mesa Group” MMC tərəfindən idxal edilən bu mallar tibbi avadanlıq deyil. Belə ki, əvvəllər də "Mesa Group” MMC tərəfindən idxal olunan kosmetoloji aparatlar Çin Xalq Respublikasından digər sahibkarlara satılan eyni və ya eynicinsli malların qiymətləri ilə müqayisədə kəskin fərqlə, yəni aşağı qiymətə bəyan edilib və şübhə doğurduğundan bu barədə sahibkar elə o zaman da məlumatlandırılıb. Üstəlik, gömrükçülərin malın dəyəri ilə bağlı yaranan şübhələrini səlahiyyətli dövlət qurumları da təsdiq edib. 

5 noyabr 2020-ci il tarixində "Mesa Group” MMC tərəfindən idxal olunan  10 ədəd kosmetoloji aparatın dəyərinin müəyyən edilməsi məqsədilə sahibkarın yazılı müraciəti əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə rəsmi qaydada müraciət edilib  və cavab olaraq şirkət tərəfindən 1 ədədi 998 ABŞ dolları dəyərində bəyan edilən lazer aparatına 5000 AZN orta bazar qiyməti müəyyən olunub. Ekspertizanın verdiyi rəy Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əsas götürülüb, qanunvericiliyə uyğun olaraq gömrük rüsum və vergiləri hesablanaraq ödənilməsi təmin edilib.  

Onu da qeyd edək ki, digər sahibkar idxal etdiyi eynicinsli malı gömrük orqanına 04 fevral 2021-ci il tarixində 2598 ABŞ dolları dəyərində bəyan edib. Aparılan araşdırmalardan da aydın görünür ki, "Mesa Group” MMC və ya xarici ticarət fəaliyyəti ilə məşğul olan hər hansı şəxsə qarşı qərəzli yanaşmadan söhbət gedə bilməz. Məqsəd ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, daxili bazarın tənzimlənməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılması, gömrük ödənişlərindən yayınmanın qarşısının alınmasıdır. Gömrük orqanları hər zaman qanuni ticarətin yanındadır, idxal-ixrac əməliyyatlarının asan, sürətli və ən əsası şəffaf şəkildə həyata keçirilməsi üçün bütün zəruri addımları atır”.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook