SON XƏBƏR

“İnnovativ layihələrinin tətbiqi və təkmilləşdirilməsi”, ekspert və MHM-in 48 mini

May 31
05:45 2020
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Müəssisənin innovativ layihələrinin tətbiqi və təkmilləşdirilməsi” istiqamətində ekspert xidmətinin göstərilməsi üçün mayın 5-də satınalma elanı verib. Kotirovka sorğusunda iştirak etmək niyyətini bildirmək və hazır təklifləri vermək üçün iddiaçılara sayılı saatlar verilib – mayın 7-si saat 12-dək.
 
Budur, növbəti həftənin şənbə günü – mayın 16-da qalib işə başlayır. Bu, fiziki şəxs Rəşad Fərhad oğlu Cəfərovdur (VÖEN 4500648842). Mahiyyəti ictimaiyyətə hələ izah olunmayan "innovativ layihələrinin tətbiqi və təkmilləşdirilməsi” istiqamətində ekspert xidmətinə görə MHM ona 48 000 manat ödəyəcək. Ekspert xidməti gələn ilin may ayının 2-dək tələb olunur.

Vergilər Dövlət Xidmətinin məlumatına görə, bu şəxsin dövlət büdcəsi qarşısında 8392 manat 50 qəpik vergi öhdəliyi var. Qanunvericilik bu halda onun satınalma proseduruna buraxılmasına məhdudiyyət qayur. Amma "vaxt azlığından” nazirliyin Məlumat Hesablama Mərkəzi bunu gözdən qaçırıb.

Rəşad Cəfərov "İnnovasiyaya Doğru” Gənclərə Dəstək” İctimai Birliyinin rəhbəridir. Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondundan bir neçə dəfə qrant alıb:

Avropa oyunlarının vətəni – Bakı 2015”  – 6700 manat;
"Gənclərin "Üz kitabı” – sosial medianın etik qaydaları” 2500 manat;
" Xarici tələbələrin "Azərbaycan – ikinci vətənim” devizi altında II festival” – 8900 manat;
"Cəbhəyanı bölgələrdə təhsil alan gənclərin uğur hekayələri” – 9600 manat;
Müasir gənclər – müasir peşələr” (Gəncə, Qəbələ, Quba, Salyan, Şamaxı ərazisində) – 8200 manat və s.

Onun "Peşə təhsilinin imicinin artırılması məqsədilə "PEŞƏkar” qısametrajlı filminin və videoçarxların hazırlanması” layihəsi isə dəyəri yüksək olduğuna görə (16 100 manat) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından keçməyib.
 
Rəşad Fərhad oğlu Cəfərovnun rəhbəri olduğu ictimai birliyin 2016-cı ildə icra etdiyi layihələrdən biri "Mən millət vəkili olsaydım…” idi. Görəsən, millət vəkillərinin bu layihələrdən xəbəri varmı?
 
Müəllif: Hafiz Babalı
 
 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook