SON XƏBƏR

Çınqıl karxanalarının əksəri qanunsuz fəaliyyət göstərir

İyun 05
10:30 2018
Torpaq fonduna ciddi ziyan vuran 250 karxana bağlanıb
 
Hazırda 238 daş və qum-çınqıl karxanası fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir.
 
Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım baş verib. Konkret olaraqsa armatur, ağac materialları, daş, qum-çınqılın qiyməti bahalaşıb.
Qiymətlər xüsusilə bölgələrdə daha çox artıb. Məsələn, taxtanın 1 kubunun qiyməti 340-360 manata yüksəlib. Ən çox bahalaşma daşın qiymətindədir. Belə ki, mişar daşının bir ədədinin qiyməti Bakı şəhərində 36-42, Qaradağ daşı 60-65 qəpiyə satılır. Regionlarda Qaradağ daşı 70-80 qəpiyə, digər daşlar isə 55-60 qəpiyə qədər bahalaşıb.
 
Bahalaşmanın əsas səbəbi kimi tikinti mövsümünün başlanması göstərilir. Lakin daşın qiymətindəki kəskin bahalaşmada təkcə bu amil rol oynamır. İddialara görə, mişar daşının kəskin qiymət artımı ölkədə xeyli sayda daş karxanalarının bağlanması ilə əlaqədardır.
 
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb.
 
Komitənin bununla bağlı yaydığı məlumata görə, nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxanasının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti  dayandırılıb.
 
Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
 
Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.
 
Komitənin məlumatına əsasən, qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların  özəl pay torpaqlarına aiddir.
 
Çay yataqlarında necə gəldi yaradılan daş, qum-çınqıl karxanalarının fəaliyyətinin dağıdıcı təsirlərindən biri bu günlərdə Göyçay rayonunda müşahidə olundu. Burada məmurlara məxsus karxanalar çay yatağının dərinliyini artırdığına görə Göyçay çayı üzərindəki körpüləri sel yuyub yararsız hala saldı. Bu baxımdan, real olaraq qanunsuz fəaliyyət göstərən karxanaların bağlanması müsbət hal hesab oluna bilər.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilovun "Yeni Müsavat”a dediyinə görə, monitorinqi mütəmadi olaraq davam etdirirlər. Şöbə müdiri hesab edir ki, daşın qiymətinin kəskin bahalaşmasına karxanaların bağlanması səbəb olmayıb. Q.Xəlilov deyir ki, bağlanan karxanalar tam qanunsuz əsasla fəaliyyət göstərən, torpaq fonduna zərər vuran müəssisələrdir. Bu baxımdan onların fəaliyyətinin bərpa olunması mümkün deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook