SON XƏBƏR

“Kimi dindirirsən, deyir ki, pulumuz yoxdur” - Nazirlik də təngə gəlib

Fevral 19
15:54 2020
Ötən günlərdə Qusarçayın sahili boyunca bir neçə ərazidə məişət tullantılarının qalaqlanmsı ilə bağlı şikayəti ictimailəşdirmişdik. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dərhal reaksiyası oldu. Belə ki, Aşağı Xuc kəndi ərazisində, Qusarçayın sahili qalaqlanmış zibillərdən təmizləndi.

Amma kənd sakini həmin ərazidə məişət tullantıları üçün zibil qablarının qoyulmasını da tələb edirlər. Çünki çay sahilinin çox hissəsi hələ də zibillənməkdə davam edir və hazırda əsas problem məişət tullantıları üçün xüsusi yerin ayrılmamasıdır.

Ölkənin turistik bölgəsi sayılan Quba, Qusar, Xaçmazın zibili bizi nə vaxta qədər utandıracaq?

ETSN-in 5 saylı regional idarəsinin rəisi Vaqif Cavadov AYNA-ya açıqlamasında deyib ki, qeyd olunan çaysahili ərazilərdə illərdir zibil yığılaraq qalır: "Qusarçayın sahili boyu və dərəsinə kim əlinə nə keçirsə, atır. Bir hissəni öz hesabımıza təmizləmişik. Məsələ ondadır ki, o ərazidə tullantılar üçün poliqon yoxdur, rayon mərkəzinə getmək üçün kilometrlərlə yol qət etmək lazımdır. Bunun üçün isə nəqliyyat vasitəsi olmalıdır”.

"Ötən il bərk və plastik məişət tullantılarının idarə olunmaslı ilə bağlı regional müşavirə keçirdik. İcra hakimiyyətlərinə, bələdiyyələrə dəfələrlə bu problemlərlə bağlı məktublar yazılıb. Təəssüf ki, problemin həlli üçün hər zaman "vəsait lazımdır” cavabını eşitmişik”, - Nazirlik rəsmisi bildirib.

İdarə rəisinin sözlərinə görə, məişət tullantılarının idarə olunması üçün kompleks yanaşma lazımdır: "Bizim monitorinqlərimizin nəticəsi göstərir ki, məişət tullantılarının mərkəzləşdirilmiş poliqonu yoxdur. Məişət poliqonları düzgün idarə olunmur, uçot hesabatı yoxdur, nəzarət olunmur. Biz indi də bir çox halda cərimələr tətbiq edirik, amma bu da çarə deyil. Məişət tullantıları üçün poliqon, torpaq sahəsi ayrılmalıdır. Zibin daşınması üçün xüsusi nəqliyyat vasitəsi yoxdur, bəzi ərazilərdə konteyner yerinə "boçka” qoyulub. Bəzi yaşayış yerində heç bu da yoxdur”.

"Əlimizdə geniş arayış var. Kimi dindirirsən, deyir: "pul yoxdur”. İndi rayon icra hakimiyyətləri ilə danışıqlar aparırıq. Onlar da deyir ki, "maddi vəsait yoxdur”. Bu günə qədər məişət tullantıları ilə bağlı vətəndaşlardan yığılan pulların hara getdiyi də bilinmir. İndi hər şeyi 0-dan başlamaq qərarına gəliblər. Şabranda 60 hektarlıq yer ayrılıb, ora mərkəzi, regional poliqon olacaq. Başqa rayonlardan gələn tullantılar ora toplanacaq”, - V.Cavadov vurğulayıb.

ETSN təmsilçisi əlavə edib ki, bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin də tədbirlər planı var: "Bizim idarə də məişət tullantılarının idarə olunması ilə bağlı plan, mexanizm hazırlayıb, sadəcə buna birlikdə qərar verib, problemin həllinə başlamaq lazımdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook