SON XƏBƏR

Kirayə mənzillərə müraciətlər başladı

Mart 04
14:13 2020
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun (Fond) "Elektron ipoteka və kredit zəmanət” sistemində (EİKZS) kirayə mənzil modulu üzrə 6 395 vətəndaş elektron kabinet yaradıb və onlardan 4 824-ü elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb. 

Qaynarinfo Fonda istinadən xəbər verir ki, müraciətini formalaşdırmış vətəndaşlardan 3 498-i onu göndərib, bu müraciətlər şəffaf qaydada elektron sistem vasitəsi ilə növbəyə alınıb və hazırda proses davam edir. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS məlumat verilib.

Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsi ilə sənədlərin qəbulu tarixi və yeri barədə bildiriş yerləşdiriləcək və SMS məlumat veriləcək. Şəffaflığın və xidmətdə vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün sənədlərin qəbulu 10 mart 2020-ci il tarixindən başlamaqla növbəlilik əsasında Bakı 2 saylı "ASAN Kommunal” mərkəzində və Sumqayıt "ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Müraciətləri qeydə alınmış vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün "ASAN xidmət" mərkəzinə gəlməlidirlər.

Bundan sonra kirayə mənzillərə müraciət zamanı vətəndaşlar EİKZS vasitəsilə elektron kabinetini yarada, müraciətlərini formalaşdıra və dərhal müraciət göndərə biləcəklər.

Vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. Belə ki, sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond 5 iş günü ərzində baxır, onların yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilir və bu barədə onların elektron kabinetinə bildiriş göndərilir. Bundan sonra həmin vətəndaşların EİKZS vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı yaranır.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, sənədlərin qəbulu, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi və yaşayış sahəsinin seçilməsi prosesinin gedişatı ilə bağlı bütün zəruri məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da ətraflı bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fondun ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verməyi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook