SON XƏBƏR

Koronavirusla başlayıb zəfərlə bitən 2020: İki cəbhədə vuruşan Azərbaycan

Dekabr 24
22:30 2020
COVİD-19: Bəşəriyyətin növbəti sınağı 

Gəlişi çox sərt oldu 2020-nin, ilk başlanğıcda bəşəriyyət yeni növ COVİD-19 adlanan yolxucu virusla qarşılaşdı. İlk dəfə Çinin Vuhan əyalətində meydana çıxan  virus qısa zaman kəsiyində əksər ölkələrə yayıldı. Virusun gəlişi ilə dünya yeni mərhələyə qədəm qoydu. Bəlkə də, Covid-19 adlanan bu virus təkcə insan sağlamlığı üçün təhlükə yox, həm də bəşər övladına bəzi mesajlar çatdırmaq və həllini gözləyən bir sıra problemlərin çözüm şansı kimi ortaya çıxdı. Əgər belə demək mümkünsə, Covid-19 özünün pozitiv və neqativ mesajları ilə ifrat dərəcədə yüklənmiş bəşəriyyəti silkələdi. Virusa qarşı mübarizədə ayrı-ayrı fərdlərin nə dərəcədə immunitetli orqnizmə malik olması ilə yanaşı, dünya ölkələrinin də pandimiya dövündə necə bir dayanıqlı iqtisadi sistemə malik olması üzə çıxdı. İrili- xırdalı əksər ölkələr virusla mübarizə cəbbhəsi açmalı oldular və bu mübarizədə həm də öz güclərini sınadılar.

2020-nin ən neqativ cavabı – Pozitiv

Bu günədək dünyanın müxtəlif ölkələrində milyonlarla insan COVİD-19 virusuna yoluxma səbəbi ilə test analizlərdən keçib və şübhəsiz ki,"nəticə: pozitiv” cavabı xeyli  insanın əhvalını korladı, onların sağlamlığına, sosial-psixoli durumuna  neqativ təsir etdi. Həmçinin, virus minlərlə insanın həyatına son qoydu, ya da heç vaxt unudlmayacaq izlər buraxdı. Ölkələr üzrə virusa yoluxma sayından bəhs etməyə lüzum görmədim, çünki, bu say durmadan artmaqdadır. Lakin, çoxsaylı insan itkilərinə baxmayaraq,  bəşəriyyətin bu sınaqdan da çıxacağına və daha humanist kurallarla  idarə olunacacağına ümid edirik. Həm də, tarixdə  ifrat millətçiliklə yüklənmiş elə ideologiyalar olub ki, müəyyən bir zamanda baş qaldırıb  və bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Məsələn, Faşizmin yer üzünə gətirdiyi bəlalar koronavirusla müqayisədə daha fəlakətlidir. Yaxud, ifrat millətçi ideyalarla yoğrulmuş erməni zehniyyəti "ermənilik virusu”na dönüşərək,  türk dünyasına qarşı durmadan mübarizə aparır. Zənnimcə, bu tip "viruslarla” müqayisədə Korona daha humanistdir.

Covid-19 fəlsəfi baxış bucağında

-İnsan öz kimliyini yenidən nəzərdən keçirməli, bu dünyadakı missiyasını təftiş etməlidir;
- Fərqli milli və dini kimliyin daşıyıcısı olan insanların bəşəriyyətə verdiyi töhfələr və zərləlr nədən ibarətdir sualı hər kəsi düşündürməlidir;
- Bəşər övladı insan mərkəzli bir fəlsəfəyə ehtiyaclı olduğunu gec-tez dərk etməlidir;
- Dünya sərvətlər uğurunda mübarizə və savaş meydanından, qlobal barış alanına  çevrilməlidir;
- Virusun  gəlişi dünya  ölkələrinə " qlobal miqyasda  öz yerini və rolunu bil”  mesajını verdi, hər bir ölkəyə öz güclü və zəif tərəflərini göstəmiş oldu;
- Təbii sərvətlər tükənəndir və dəyərlilik baxımından tez dəyişkəndir və ən böyük sərvət intellektual kapitaldır ;
- Ən dəyərli davranış əxlaqa zidd olmayandır;
- İnsni həmrəylik dünyanın tək xilas yoludur;
- Bəşər övladı günahı su içirmiş kimi işlədikcə, yer üzünə əbədi qaranlıq çöküşü qaçılmaz olacaq;
- Bəşəriyyət tarixində bir çox sınaqlar , o cümlədən koronavirus insanın zəif və güclü tərəflərini bir daha ortaya qoymuş oldu;
- İnsan zəkasının məhsulu olan süni intellekt öz effektiv yönü ilə  bəşəriyyətə yeni mesajlar vermiş oldu;
- Süni intellektin yarnması ilə 4-cü sənaye inqilabı gerçəkləşməkdədir;
- Tarixi yaddaşla dolmuş dünya yenidən format olunmaqdadır.

Zənnimcə, qeyd olunanlar bəşəriyyətin gələcəyi üçün mütərəqqi mesajlardır, kaş ki,  irqçi, milliyətçi ideologiyalarla zəhərlənmiş toplumlar bunları anlasaydılar.
 
Əksər ölkələrin koronavirusla mübarizə apadığı bir dönəmdə , "erməni xəstəliyi” kimi daha neçə "viruslar” baş qaldırır və həm regionun , həm də dünyanın təhlükəsizliyinə təhdidlər törədir. Koronavirusun həyati təhlükə törətməsinə rəğmən, insanları bir çox zərərli düşüncələrdən yayındıracaq kimi müsbət olan nələri isə var. Təəssüf ki, "ermənilik virusu” bu kimi məziyyətlərə malik deyil və hər zaman terror, işğal, genosid kimi simtomları ilə təzahür edir. Amma deyəsən, 2020-ci il  "ermənilik virusu” üçün düşərli oldu. Nəhayət, bu virusa qarşı çarə tapıldı və Azərbaycan bu virusa qarşı mübarizədə qalib gələn ölkə kimi tarixə düşdü.
Koronaviruslu 2020 və yeni dünya nizamı

Qlobal xarakterli Koronavirus dünya nizamına təsirsiz ötüşmədi və bəlkə də dünya siyasətində bir çox həllini gözləyən problemlərə yeni baxışlar formalaşdırdı.
 
Qloballaşan dünya kontekstində milli dövlətlər öz mövcudluq təməllərini yenidən nəzərdən keçirdilər, böyük güclər kimi tanınan dövlətlərin real gücləri müəyyənləşdi, güclər balansını coğrafiyası və istiqamətləri dəyişdi. Pandemiya şəraitində yaşamağa məhkum olan ölkələr ciddi sınaqlardan keçdilər, necə deyərlər güclülər və gücsüzlər dəqiq müəyyənləşdi. Uzun zamandan bəri həllini gözləyən problemlər öz həllini tapdı ( Məsələn,  Qarabağ münaqişəsi), böyük güclərin həzm etmədiyi və dünya siyasətinə təsir etməyə qadir yeni güclər formalaşdı (Məsələn ,Türkiyə). Bir sözlə, dünya nizamında bir çox dəyişiklər baş verdi və həm də yeni dünya nizamının konturları müəyyənləşdi. Özəlliklə , uzun illər sürən Qarabağ münaqişəsinin həlli yeni dünya nizamının formalaşmasına öz müsbət töhfəsini vermiş olacaq. Bu münaqişənin həlli Azəbaycanın dünya siyasətinin formalaşmasındakı rolunu artırmış oldu. İndi Azərbaycan müxtəlif və bəzən də bir-birinə rəqib olan ölkələrin əməkdaşlıq məkanına çevrilib. Məsələn, Rusiya-Türkiyə, İsrail-Türkiyə, İsrail- Pakistan, İngiltərə-Çin, Rusiya-İran və digər bu kmi ölkələrin çoxtərəfli və qarşılıqlı münasibətlərinin formalaşmasında Azərbaycan birləşdirici rol oynayır. Bütün bunlar ölkəmizin beynəlxalq rolunu artırır və Qlobal əhəmiyət daşıyan bir sıra layihələrin Azərbaycansız reallaşacağının mümkünsüz olduğunun göstərir. Öz haqlı savaşında qalib gələn Azərbaycan regionda yeni rellıq yaratdı. İndi Azərbaycan 6 region ölkəsini əhatə edən yeni əməkdaşlıq platforması təklif edir. Yeni reallığın yaranmasında Azərbaycana hər cür dəstək verən qardaş Türkiyənin rolunu özəl olaraq qeyd etməliyik. 

2020-ci il Türk sivilizasiyasının yenidən oyanış ili kimi yadda qaldı.

Zənnimizcə, 2020-ci il Türkiyə və Azərbaycanın timsalında türk sivilizasiyasının oyanışı ilə yadda qaldı. Bu proses Qarabağ münaqişəsinin həlli istiqamətində atılan birgə addımlarda və qazanılan uğurlarda təzahür etdi. Artıq dünya miqayslı böyük güclər, regional problemlərin həllində Türkiyə ilə hesablaşmaq zorundadırlar. Böyük imperiyaların sələfi olan çağadaş Türkiyə Cümhuriyyəti dərin dövlət təmələrinə sahib olduğunu yenidən nümayiş etdirir. Güclü Lider, Güclü Dövlət, Güclü Xalq üçlüsü artıq Türkiyə sınırlarını aşaraq türk cümhuriyyətlərinə və toplumlarına qarşı olan hər cür təhdidləri neytrallaşdırmaq gücünə sahiblənib. Türk sivilizasiyasının yeni oyanışı özünü mədəni, siyasi, elmi-texnoloji sahələrdə göstərməkddir. Daima mənəvi-əxlaqi yöndən öz dominantlığı ilə seçilən türk sivilizasiyası artıq elmi-texnoloji baxımdan da böyük uğurlara imza atmaqdadır. Bu proses Türkiyədən başlayıb  Azrbaycanda ilk təzahürlərini göstərdi. Ümidvarıq ki, yaxın gələcəkdə yad güclərin təsirindən azdad olmuş və gəlişmiş daha bir neçə  güclü türk cümhuriyyətini  görə biləcəyik.

Azərbaycan: "ermənilik virusuna” qarşı çarə bulan ilin ölkəsi

Əksər dünya ölkələrindən fərqli olaraq 2020-ci ildə Azərbaycan iki cəbhədə mübarizə aparmalı oldu. İlin birinci yarısından etibarən  koronovirus cəbhəsində mübarizəyə məhkum olduq və bu proses hələ də davam etməkdədir. Koronavirusla mübarizə apardığımız  bir durumda " erməni xəstəliyi” öz simptomları ilə yenidən baş qaldırdı və "yeni ərazilər uğrunda savaş” kimi sərsəm bəyanatlar verildi və ardından iyulda Tovuz təxribatı   törədildi. Nəhayət, 30 illik erməni işğalına son verəcək o müqqədəs gün gəldi. 

27 sentyabr 2020 – hər bir Azərbaycanlının səbrsizcəsinə gözlədiyi gün

Zənnimcə, təqvimdəki bu tarix olduqca dəyərlidir, çünki , zəfərə gedən 44 günlük haqq savaşımızın ilk günü idi və qarşıda döyüşü qaznacağımıza tam əmin də deyildik. Bu savaşda böyük risklər,təhlükələr və insan itkisi qaçılmaz idi. Amma, ilin 27 sentyabr  günü  savaş tariximiz üçün çox düşərli oldu və 44-günlük vətən savaşında Qarabağın şəhər və kəndlərinin işğal tarixini yeni işğaldan azad olunma tarixləri əvəzlədi. İlk müjdə Cəbrayıl və Füzulidən, Murovdağdan gəldi və təqvimdə, Azərbaycan üçün  şanlı 8 noyabr Zəfər Günü doğuldu. Vətən savaşı bitdikdən sonra əksər vətəndaşlarımız qələbə sevincini yaşayarkən  bəzi maksimalist düşüncəli vətəndaşlarımız  rahtsız oldular. Amma, son iki yüzillik tariximizdə ilk dəfə itirdiklərimizin geri qaytarmağımızı unutmaq olmaz və əslində biz böyük qələbə qazanmışıq. 

Türkiyə və Pakistan – tariximizin və ilimizin ən güvənli dostları

II Qarabağ Savaşı Azərbaycana öz dost və düşmənlərini bir daha tanıtdı. Türkiyənin timsalında "Tükün Türkdən başqa dostu yoxdur” ifadəsi özünü bir daha  doğrultdu və həm də "Dost Pakistan” deyə müraciət etdiyimizdə, qəbullanmayıb "biz dost yox, qardaşıq” deyən Pakistanı gördük yanımızda. Bu savaş Azərbaycana Cənubdan və Şimaldan əsən neqativ küləklərin hələ bitmədiyini bir daha göstərdi. Şovinist-fars molla rejiminin öz "tarixi ənənəsinə uyğun müsəlman qardaşlığı” , Şimal qonşumuzun Azərbaycana qarşı olan əbədi qısqanclığı və Avropa demokratiyasının beşiyi sayılan Makron Fransasının erməni sevgisi özünü həmən göstərdi. Necə deyərlər, dost və düşmənlərimizi da bir daha tanıma şansı bulduq bu müqqəddəs vətən savaşında.
 
Azərbaycan– modern  savaş aparıb, qalib gələn ölkə

Düşmən Ermənistana xaricdən verilən hər türlü dəstəklərə baxmayarq, Azərbaycan bu savaşı qazandı. Qazanan tərəf olmağımızın ilk  şərti haqlı olmağmızdan qaynaqlanır. Lakin, zəfər haqla gücün birliyindən doğulur. Döyüş meydanında ən modern silahlarla düşmənə endirilən zərbələr bu savaşa illər boyunca hazırlaşdığımızı göstərdi və dünya hərb tarixində yeni bir səhifə oldu. Amma bu silahalr sınaqdan keçməyə də bilərdi, əgər işğala zamanında son verilsə idi.
 
Maləsəf, bu baş vermədi və erməni zehniyyəti "Dəmir Yumruq” işə düşdükdən sonra anlamağa başladı. Bu savaş qazanmaqla, həm Qarabağımızı işğaldan azad etdik, həm də millət olaraq yeni sosial identiklər qazandıq:

-Tarixi torpağımız olan Qarabağı işğaldan azad etməyi bacardıq;
-Savaşı şərəfli, heç bir sivilə atəş açmadan apardıq ;
-Heç bir tarixi-mədəni irsə zərər vermədən, sivil millət olduğumuzu ortaya qoyduq;
- Milli həmrəyliyimizə şübhə ilə baxanlara milli birlik nümunəsi göstərdik;  
-Məğlub millət sindromunu yox edib, qalib millətə çevrildik;

8 Noyabr 2020 – ilimizin və son iki yüzillik tariximizin Zəfər Günü

Son iki yüzillik işğala məruz qalma tariximizin geri dönüşü oldu 8 noyabr. Bu tarixdə 08.05.1992-ni  08.11.2020-i əvəzlədi və Şuşa öz azadlığına qovuşdu. Bu zəfər düşmənə  və onu himayə edənlərə heç vaxt unudulmaycaq tarixi bir dərs oldu. Bu sevinci yaşyan hər kəs öz hiss və həyacanını bir cür ifadə etdi – kimisi ağladı, kimisi sevindi, bəlkə sevincdən ürəyi dayananlar da oldu. Qürur dolu tariximizə dair çox fikirlər səsləndi və zənnimcə ən yadda qalanı ali baş komandan, prezident İlham Əliyevin azad Şuşaya xitabən söylədiyi o müjdə idi:

İlin müjdəsi: " Əziz Şuşa sən azadsan, Əziz Şuşa biz qayıtmışıq”.

Zənimcə bu qurur dolu ifadə ilin ən yadda qalan cümləsi idi. Lakin yaddaşlara möhür vuran  cümlələr bununla bitmədi. İlin digər yadda qalan misraları qardaş Türkiyənin cumhur başqanı  Rəcəb Tayib Ərdoğandan gəldi.  Bakıda Zəfər pardadında  söylənilən   iki misra  ilin baytısına dönüşərək Cənub qonşumuzun yuxusunu qarışdırdı, ürəklərinə qorxu saldı.

İlin bayatısı:

Arazı ayırdılar,
lil ilə doyurdular
Biz sizdən ayrılmazdıq,
zülm ilə ayırdılar

Beləliklə, 2020-ci ili koronavirusla başlayıb qələbə ilə başa vurdu Azərbaycan. Bu qələbəni döyüş meydanında qazanan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Bütün qazi qardaşlarımıza sonsuz təşəkkürümüzü bildiririk. Məhz, onların sayəsində millət olaraq bu ləkəni üzərimizdən ata bildik.  Bu qələbə ilə həm Qarabağ işğaldan azad oldu, həm də yeni qalib millət doğuldu bu vətəndə. Qələbəmiz mübarək və əbədi olsun!
 


Ağasəlim Həsənov 
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,  
fəlsəfə doktoru, dosent
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook