SON XƏBƏR

Ölkə məhkəmələrində yenilik: “Əvvəllər belə qayda yox idi”

Dekabr 12
21:29 2019
Azərbaycanda hakimlərlə bağlı yeni qərar verildi. Məhkəmələrdə KİV-lə əlaqəli hakimlər təyin olunub. Maraqlıdır bu qərarın əhəmiyyətləri nədir?

Artıq KİV-lə işləyəcək spiker-hakimlər təqdim edilib. Bəs görək, yeni vəzifə verilən hakimlər kimlərin arasında seçilib və onların iş prosesi necə olacaq?

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a yeni təyinatların media nümayəndələrinə məhkəmələrlə bağlı məlumat toplamaqda dəstək olacağı bildirilib. Jurnalistlərin məhkəmələrlə bağlı çəkilişlər hazırlaması və ya digər məlumatlar almasında həmin hakimlərin müstəsna rolu olacağı vurğulanır:

"Əvvəllər Azərbaycan məhkəmələrində belə bir qayda yox idi. Proseslərin ictimailəşməsi, məlumatların daha asan yolla əldə olunması üçün məhkəmə orqanlarında KİV-lə işləyən spiker-hakimlər təyin olunub. Hələ ki, bu hakimlər yalnız Bakıda yerləşən bütün məhkəmələrdə, Sumqayıt və Abşeron rayonunda fəaliyyət göstərirlər. Buna səbəb isə respublikanın digər şəhər və rayonlarında bir yaxud iki hakimin olmasından irəli gəlir. Yeni təyinatlar əvvəlcədən həmin məhkəmələrdə çalışan hakimlər arasından seçilir. Artıq Bakı, Sumqayıt və Abşeron rayonu məhkəmələrində fəaliyyət göstərəcək KİV-lə əlaqəli şəxslər media rəhbərlərinə təqdim edildi. Bundan əlavə, Məhkəmə-Hüquq Şurasının aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev də media ilə əməkdaşlıq edəcək”.

Nazirlikdən verilən məlumatda həmçinin spiker-hakimlərin jurnalistlərin işinə əhəmiyyətli dərəcədə dəstək olacağı da qeyd olunub:

"Bu vaxta qədər media nümayəndələri məhkəmə prosesləri, çəkilişlər barədə Ədliyyə Nazirliyinə müraciət edirdilər. Nazirliyin də qeyd olunan rayon məhkəməsi ilə əlaqə saxlayıb məlumat verməsi indikinə nisbətən uzun çəkirdi. Ancaq indi jurnalistlər adları çəkilən üç bölgənin bütün məhkəmələri ilə əlaqədar yazı hazırlamaq üçün birbaşa həmin məhkəmənin spiker-hakimi ilə əlaqə saxlayacaq. Bu həm vaxt baxımdan, həm də əlçatanlıq baxımdan müsbət addım kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, Ədliyyə Nazirliyində "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda KİV-lərlə görüş keçirilib. Görüşdə media rəhbərləri, Məhkəmə-Hüquq Şurasnın aparat rəhbəri Cavid Hüseynov, çoxlu sayda QHT rəhbərləri və nazirliyin bir sıra yüksək rütbələri əməkdaşları iştirak ediblər. Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, görüşün məqsədi spiker-hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook