SON XƏBƏR

Məhkəmə jurnalistin nazirliyə qarşı iddiasını təmin etmədi

Dekabr 25
01:32 2019
Dekabrın 24-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "arqument.az" saytını blokladığına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qaldırılan iddiaya baxılıb. 

Bu barədə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib.

Baş redaktorun sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "arqument.az”ın nazirliyə qarşı iddiasını təmin etməyib.

"4 ay çəkən məhkəmə prosesi islahatın fışqırması nəticəsində belə sonuclandı", - deyə o, əlavə edib.

Əlavə olaraq, saytın baş redaktoru bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.

"Arqument.az" saytı bu il aprelin 8-10 tarixlərində bloklanıb və sayta vpn-lə giriş mümkün olsa da, bir gün sonra kiber-müdaxiləyə məruz qalıb. Səbəb isə aprelin 8-də Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərin yayımlanmasıdır. 

Baş redaktor bildirib ki, saytı bloklandıqdan sonra materialların silinməsi tələb olunub, lakin onlar bu təklifdən imtina ediblər. Üç gün sonra saytın fəaliyyəti bərpa olunsa da, bəzi materiallar və saytın bazası zədələnib.   

Şəmşad Ağa bunu ifadə azadlığına zidd sayır və fəaliyyətlərinə qanunsuz müdaxilə hesab edir. 

"Arqument.az” ilk dəfə deyil ki, bloklanır. Bundan əvvəl də bu hal baş verib. 

2018-ci ilin avqust 8-də 2 yazıya görə Səbail Rayon Məhkəməsi saytı bloklamışdı.  Hələ o vaxt saytın rəhbəri deyirdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.

Bir neçə gün sonra isə Bakı Apelyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook